Məhkəmə qərarları › İş №3(004)-248/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-248/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-248/2021 08.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Yasamal rayonu, Parlament prospekti 6 ünvanın qarşısında polis əməkdaşları tərəfindən onun yaşayış yerini tərk etməyə dair icazəsinin olub-olmadığını yoxlanılan zaman, icazə olmadığı aşkar edilmiş, bununla bağlı inzibati protokol tərtib etmək üçün şəxsiyyətini təsdiq edən sənədi verməkdən imtina etmiş, polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamış, bununla da Karantin rejimi qaydalarını pozmuş və polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə də tabe olmamışdır. Bununla da o, İXM-in 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, o, icazəsi olmadan yaşayış yerini tərk etmiş, küçədə olarkən polis onu saxlamış, anlaşılmazlıq nəticəsində polislə aralarında müdahisə yaranmışdır. Polislər onu bölməyə aparmış, bölmədən qaçmaq istəmiş, lakin polislər onu yaxalamışlar. Küçəyə çıxmağa da icazəsi olmamışdır. Əməlindən peşmandır. Yüngül tənbeh verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə inspektoru Sahib Əliyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Yasamal rayonu, Parlament prospekti 6 ünvanın qarşısında polis əməkdaşları tərəfindən onun icazəsinin olub-olmadığını yoxlamanılarkən icazəsinin olmadığı müəyyən edilmiş, protokol tərtib edilməsi üçün şəxsiyyətini təsdiq edən sənədi verməkdən imtina etmiş, polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamış, bununla da Karantin rejimi qaydalarını pozmuş və polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə də tabe olmamışdır. Həmin hərəkətlərə görə inzibati xəta haqqında protokol tərtib edib məhkəməyə təqdim etmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 11:00 radələrində tutulmuşdur. İXM-in 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 535.1-ci maddələri ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixindən, saat 11:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar