Məhkəmə qərarları › İş №3(004)-2482/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2482/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2482/2025 28.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinin 24 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinin 24 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin Yasamal Rayon DYPŞ Yol Patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş 23 fevral 2025-ci il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında Yasamal Rayon DYPŞ polis mayoru X10 tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli TP №7072277 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddləri ilə nəzərdə tutulmuş inzibati xətanın guya tərəfindən törədilməsi aşkar edilmiş və barəsində 400 manat məbləğində cərimə müəyyən edilmişdir. Belə ki, 23 fevral 2025-ci il tarixdə saat 11:30 radələrində X5 məxsus etibarnamə əsasında idarə etdiyi HYUNDAİ HD 72 markalı 77 RN641 dövlət nömrə nişanlı, nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Musabəyov dairəsi yaxınlıqda ərazisində hərəkətdə olarkən Yasamal rayon DYPŞ Yol Patrul xidməti inspektoru polis serjantı X6 avtomaşınını saxlayaraq ona yaxınlaşmış, nəqliyyat vasitəsinin sənədlərini istəmiş, o etiraz etmədən sənədləri ona təqdim etmişdir. Daha sonra Yol Patrul xidməti inspektoru X6 ona içkili olduğunu bildirərək, ondan “alkotester” adlanan aparatın vasitəsi ilə yoxlayaraq, ona sərxoş olduğunu bildirdi, o isə ona öz növbəsində spirtli içki içmədiyini bildirərək etiraz etmiş, bunun üçün tibbi müayinədən keçməyi tələb etmiş, lakin tələbinə məhəl qoymayaraq avtomaşını cərimə duracağına apardı. Həmin günü hava şəraiti qarlı-boranlı olduğu üçün o taksi sifariş edərək sərxoşluğun tibbi müayinəsindən keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçmiş və bu barədə 23 fevral 2025-ci il tarixli 2/10435 saylı protokolla ayıq olmağı və alkoqol qəbulu əlamətlərinin olmaması müəyyən edilmişdir. Bundan sonra o, X16 əməkdaşlarının qanunazidd hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin “902” Xidmətinə şikayət etmişdir.. Tərəfindən ona yazılmış protokolun qanunsuz və əsassız olduğunu bildirdikdə onlar ona bildirdilər ki, sən içkili olmusan polis inspektoru da səni saxlayıb. O isə haqlı mövqeyindən çıxış edərək qərarı məhkəmə qaydasında mübahisələndirəcəyini bildirdi. Hal-hazırda da qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Belə ki, sərxoşluğun müayinəsi İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarına tam riayət edilməklə keçirilməlidir. Məcəllənin tələbinə əsasən, sərxoşluq ən azı 2 HAL ŞAHİDİNİN İŞTİRAKİ İLƏ müayinə edilməlidir, sürücünü tibbi müayinəyə göndərməzdən əvvəl bu barədə ayrıca protokol tərtib edilməlidir, tibbi müayinənin nəticələri xüsusi aktla rəsmiləşdirilməlidir. Bu qaydaların pozulması sərxoşluğun müayinəsinin nəticələrini etibarsız saymaq üçün əsasdır. Habelə sərxoşluğun müayinəsindən boyun qaçırma qadağandır. Əgər boyun qaçırma cinayət xarakterli yolnəqliyyat hadisəsi törətmiş sürücü tərəfindən edilərsə, həmin sürücü Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilən qaydada məcburi olaraq tibbi müayinədən keçiriləcəkdir. Lakin o, özü təklif etdi ki, onu müayinədən keçirsinlər, lakin polis əməkdaşları buna məhəl qoymayaraq yuxarıda qeyd etdiyi kimi, xidməti avtomaşınına əyləşərək hadisə yerindən uzaqlaşdılar. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfimdən heç bir halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddlərinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyi bu Məcəllədən yəni İnzibati Xətalar Məcəlləsindən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Aşağıdakı qanunvericiliyin tələblərinə əsasən barəmdə tərtib edilmiş qanunsuz inzibati qərarın qanunvericilik normasına zidd olmasını qeyd edirəm. Polis əməkdaşlarının barəmdə qanunsuz cərimə qərarının yazılması tamamilə ziddir. Ona görə də barəmdə tərtib edilmiş qərarın ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd etmişdir ki, hakim qərar qəbul edərkən obyektiv və qərəzsiz olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən Ədalətlilik prinsipinə müvafiq olaraq 9.1-ci maddədə qeyd edildiyi kimi inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Sadaladığı hallara əsasən də tərəfindən verilmiş şikayət tam əsaslıdır və tam olaraq təmin olunmalı, Yasamal Rayon DYPŞ polis mayoru X10 tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli TP №7072277 saylı İnzibati tənbeh vermə haqqında barəsindədə tərtib etdiyi qərar ləğv edilməlidir. Hesab edir ki, işin hallarının kifayət qədər araşdırılması zəruridir. Bununla da, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər vəzifəli şəxslər tərəfindən işin hallarına hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası DİN Bakı şəhər DYPl-nin Yasamal Rayon DYPŞ polis mayoru X10 tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli TP №7072277 saylı İnzibati tənbeh vermə barədə tərtib etdiyi qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinin 24 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinin 24 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 11:35-də “Hyundai HD72 Xüsusi təyinatlı ” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, ərazisində işıq cihazlarından istifadə qaydalarından istifadə qaydalarını pozduğuna görə, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd edilən 24 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto, video və iş materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsi tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsi tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin X16 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar