Məhkəmə qərarları › İş №3(004)-249/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-249/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-249/2021 08.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru X2, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx xxxxxxxx 1951-ci ildə Gürcüstan Respublikasının, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 mənzil 24 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X7 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, Z.Xəlilov küçəsi 69 ünvanında vətəndaş X1 ictimai yerdə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 69 ünvanında yaşayan X8 DİN 102 xidmətinə məlumat verərək və Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, yaşadığı binanın sakini Şəxs dəfələrlə onu yaşadığı evdə, həm də ictimai yerlərdə nəlayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş və onu ölümlə təhdid edərək ona əl qaldırmışdır. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o yaşadığı zirzəminin qarşısında İsmayıl onu nəlayiq söyüşlərlə təhqir etmişdir. Həmin vaxt orada olan Səxavət İsmayılı yaşadığı yerdən uzaqlaşdırmışdır. Yekun olaraq o Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Sevda Süleymanova onun yaşadığı binanın qeyri-yaşayış sahəsində yaşayır. Sevdanın yaşadığı yerin yanında 45 kvadrat metr qeyri-yaşayış sahəsi vardır və orada binanın elektrik qutusu yerləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə binanın mühafizəçisi olan Səxavət ondan həmin yerin açarını istəmişdir ki, liftin elektrikində olan nasazlığı aradan qaldırsın və o da açarı Səxavətə vermişdir. Bundan sonra o Səxavətin arxası ilə həyətə düşmüş və bu zaman Sevda Sülemanova pəncərədən onunla uca səslə və kobud şəkildə danışmağa başlamışdır. Sevdanın bu şəkildə danışığına cavab olaraq o nə səbəbə görə onunla kobud danışdığını soruşmuşdur. Bu zaman Sevda pəncərəni bağlayıb çölə çıxaraq onun ünvanına nəlayiq ifadələr işlətmiş və buna cavab olaraq o Sevda Süleymanovaya onunla nəzakətli davranmasını xahiş etmişdir. Bu zaman Səxavət gələlərək onu oradan uzaqlaşdırmışdır. O da oradan çıxıb getmişdir. Həmin vaxt o, Sevda Süleymanovanı təhqir etməmiş, ona toxunmamış və əl qaldırmamışdır. Onlar arasında yalnız sözlə mübahisə baş vermiş, biribiriləri ilə uca səslə danışmışlar. Yekun olaraq o onun əməlində İXM-nın 510-cu maddəsinin tərkib əlamətləri olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, X9 ilə onun münasibəti hər zaman yaxşı olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X15 Şəxsin əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X11 bildirmişdir ki, Şəxs zərəçəkmiş şəxs Sevda Süleymanovanı dəfələrlə təhqir edərək onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində qununi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru Mehman Ağamoğlanov tərəfindən tərtib edilmiş raportdan görünür ki, 29-cu PŞ-nin təhqiqatçısı polis mayoru Ruslan Əfəndiyevin cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarı əsasında icraatına daxil olmuş material əsasında xx.xx.2021-ci il tarixdə saat 15:25 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 69 saylı ünvanda saxlanılaraq PŞ-nə gətirilmişdir. Həmin şəxs barədə qanuni tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı əməldə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətinin tərkibi müəyyən edilməmişdir. Toplanmış materiallarla müəyyən edilir ki, X8 ilə Şəxs arasında 45 kvadrat metrlik qeyri-yaşayış sahəsi ilə bağlı baş vermiş səbəbli söz mübahisəsi zamanı Şəxs S.Süleymanovaya zor tətbiq etməmiş və ona bədən xəsarəti yetirməmişdir. Sevda Süleymanova hadisə zamanı qonşusu Şəxs onun ünvanına nəlayiq küçə söyüşləri edərək söyüb təhqir etdiyini, lakin bədəni üzərində xəsarəti olmadığı üçün məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Barəsində şikayət etdiyi Şəxs Sevda Süleymanovanı döyməsini inkar edərək yalan və böhtan olduğunu bildirmişdir. Buna baxmayaraq Şəxs öz hərəkətləri ilə xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 izahatından görünür ki, həyat yoldaşı Süleymanov Qüvvətəlinin Z.Xəlilov küçəsi 69 ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin təxminən 200 kvadrat metr hissəsi payçı kimi onun mülkiyyətidir. Həyat yoldaşı 2013-cü ildə həbs ediləndən sonra bir neçə nəfər şəxs həmin sahə üzrə iddiaçı olmuşlar. O məhkəmə yolu ilə bütün instansiyalar üzrə məhkəmələri udub mülkiyyət üzrə hüquqlarını bərpa etmişdir. Qeyd etdiyi 200 kvadrat metr sahənin təxminən 40 kvadrat metr hissəsini həyat yoldaşı ayırmışdır ki, gələcəkdə özünə ofis kimi istifadə etsin, eyni zamanda orada binanın işıq qutuları olduğundan həyat yoldaşı oranın açarını binanın mühafizəçisinə vermişdir. Həyat yoldaşı həbsdə olan müddətdə qonşusu Şəxs oranın kilidini dəyişərək qanunsuz olaraq heç bir sənədə əsası olmadan yiyələnmişdir. O yoldaşı həbsdə olan müddətdə dəfələrlə ona həmin sahənin onlara aid olduğunu söyləsədə Şəxs ona şifahi olaraq bildirmişdir ki, guya həyat yoldaşı ona həmin sahəni satmışdır. Bu səbəbdən də dəfələrlə onların arasında mübahisələr olmuşdur. O bu barədə DİN 102 xidmətinə məlumat versədə lakin bir qonşu kimi şikayətçi olmamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 10:00 radələrində Şəxs yenədə yaşadığı yerin pəncərəsinin qarşısında dayanaraq mühafizəçi Səxavətlə danışdıqlarını görmüşdür. O pəncərəni açıb nə baş verdiyini soruşduqda ona bildirmişdirlər ki, binanın işığında problem yarandığından işıq qutularına baxıb çıxıblar. O Şəxs həmin yerin açarını ona verməsini söyləmişdir. Şəxs isə onun və həyat yoldaşının ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o evdən çıxmaq istəyəndə İsmayıl onu özünə tərəf çəkərək onu söyərək və qışqıraraq sifət və alın nahiyyəsindən vuraraq itələmiş, o isə öz müvazinətini saxlayaraq yıxılmamışdır. Lakin yenədə çölə çıxmış bu zaman Şəxs yenə də onu söyüb təhqir etmiş, onu vurub yerə yıxmaq istəyəndə mühafizəçi Səxavət səsə gələrək Şəxs oradan uzaqlaşdırmışdır. Üzərində ciddi bir xəsarət olmadığı üçün məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etmişdir. İş materiallarənda olan şahid X5 izahatından görünür ki, Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 69 saylı binanın mühafizəçisi işləyir. Binanı inşa etmiş Süleymanova Qüvvətəli öz həyat yoldaşı Sevda Süleymanova ilə yaşayır. Onların yaşadıqları evin yanında təxminən 40-45 kvadrat metr olan qeyri-yaşayış sahəsində binanın işıq qutuları yerləşir. O gündüz növbəsi işlədiyi dövrdə oranın açarını hərhansı bir işıqla bağlı poblemlər olduqda Şəxs adlı qonşudan alır. xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 10:00 radələrində o işıqda problem olduğundan açarı Şəxs almış və problemi aradan qaldırıb çıxarkən həyətdə Sevda xanımı görmüş və ona işıqda problem olduğunu söyləyib mühafizəçi məntəqəsinə getmişdir. Təxminən 5-10 dəqiqədən sonra həyətdə səs eşitmiş və ora gəldikdə görmüşdür ki, İsmayıl Sevda xanımın ünvanına nəlayiq ifadələr işlədərək onu söyüb təhqir edir. O Şəxs sakitləşdirmək istəsədə Şəxs söyüş söyərək S.Süleymanovanın üzərinə gedərkən onun qarşısını kəsib oradan uzaqlaşdırmışdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd edilən inzibati xətanın törədilməməsinə dair göstərilən xüsusatlar onun tərəfindən verilmiş özünü müdafiə xarakterli məlumat kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan izahatı, yuxarıda qeyd edilən raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı xx xxx 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 4 (dörd) saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X10 göstərdiyi 4 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. X12 göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar