Məhkəmə qərarları › İş №3(004)-25/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-25/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-25/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Göygöl rayonu, Yeni Zod kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 343-1.1-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:58-də Bakı şəhəri Yasamal rayonu ərazisində idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zamanı təhlükəsizlik kəmərindən istifadə qaydalarını pozduğu üçün saxlanılmış, və yoxlama zamanı qeyri-adekvat hərəkətlər nümayiş etdirdiyinə görə tibbi müayinəyə dəvət olunmuş, lakin tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs və protokol tərtib etmiş orqan məhkəmə iclasına gəlməmiş (nümayəndəsini göndərməmiş) və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1/1110 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X3 İdarəsinin Yol patrul xidmətinin inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1/1110 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.1 və 327.3-cü maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməli və Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Yasamal rayon DYPŞ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Yasamal rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar