Məhkəmə qərarları › İş №3(004)-2516/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2516/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2516/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-dən xx.xx.2024-cü il tarixində zəng edərək bildirmişlər ki, aprelin 1-i idarə etdiyi avtomobillə qayda pozuntusu törətmişdir. Ona zəng edən inspektora əgər aprelin 1-i qayda pozmuşdursa nəyə görə bununla bağlı sms gəlməmişdir deyə soruşmuşdur. O isə cavabında “gələrsən idarəyə həll edərik” deyə bildirmişdir. Aprelin 12-si yenə də ona zəng etsələr də o telefonu götürməmişdir. Bundan sonra aprelin 29-u sms radara qərarsız 150 manat cərimə gəlmişdir. 102 çağrı mərkəzinə zəng etmiş və onlar müraciəti DYP-nə yönləndirmişlər. Eyni zamanda DYP-nə də elektron şikayət ünvanlamışdır. Lakin heç bir nəticə almamışdır. Yuxarıda qeyd olunanlara əsasən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayətində göstərdiklərini müdafiə edərək şikayətinin təmin edilməsini, Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixində saat 13:34-də, Yeni-yasamal Xiyabani- D.Bünyadzadə ünvanında ona məxsus olan, “Mercedes ” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər DYPİ nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə görə, Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar