Məhkəmə qərarları › İş №3(004)-2519/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2519/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2519/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin bölmə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 24 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs 24.05.2022-ci il tarixdə saat 16:00 radələrində Yasamal Rayon Məhkəməsində səs-küy salaraq məhkəmənin iş rejimini pozmuşdur. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin polis sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 24.05.2022-ci il tarixdə saat 16:00 radələrində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində səs-küy salaraq məhkəmənin iş rejimini pozmuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən Şəxs bölməyə gətirilmişdir. Yekun olaraq X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək məhkəməyə verdiyi izahatında göstərdi ki, 24 may 2022-ci il tarixində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə gələrək qızının sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırıldığını artıq həmin müddətin bitdiyini bildirmişdir. Bu səbəbdən də sürücülük hüququnun bərpa edilməsini xahiş etmişdir. Məhkəmə əməkdaşları ona bildirmişdir ki, həmin qərarın icrası onun qızı tərəfindən sürücülük vəsiqəsinin təqdim edildiyi vaxtdan hesablandığından həmin 6 aylıq müddət bitməmişdir. Bu halı eşidən zaman əsəbləşmiş qeyri etik ifadələr işlədərək məhkəmə aparatı işçilərini və hakimi nalayiq ifadələrlə təhqir etmişdir. Ətrafdakı şəxslər, məhkəmə aparatı işçiləri və icra məmurları onu sakitləşdirməyə çalışsada əsəbi olduğundan özünü cilovlaya bilməmiş, məhkəmənin normal iş fəaliyyətini pozmuşdur. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru vəzifəsində işləyir. Hadisə baş verən tarixdə yəni 24 may 2022-ci ildə növbətçi olmuşdur. Həmin gün saat 16:00 radələrində bir nəfər xanımın yüksək səslə nalayiq ifadələr işlətdiyini eşitmiş və ona yaxınlaşaraq nizam-intizama dəvət etmişdir. Həmin xanım daha da aqressivləşərək yerə uzanaraq qışqırıb öz qanuna zidd hərəkətlərinə davam etmişdir. Bu zaman məhkəmənin tibb bacısı dəvət edilmiş yenədə həmin xanımı sakitləşdirmək mümkün olmamışdır. Həmin şəxs xeyli müddət məhkəmənin həmçinin icra şöbəsinin iş rejimini pozmuşdur. İş üzrə şahid qismində ifadə vermiş X7 və X4 digər şahid X1 eyni məzmunlu ifadə verərək hər biri özünə aid hissədə ifadəni təsdiq etmişlər. İş materiallarında olan ƏÇPA-nın 6-cı polis bölüyünün polis nəfərləri Abdullayev Ruslan, Həbibzadə Elçin və Məmmədov Sənan tərəfindən Yasamal RPİ-nin 28-ci PB-nin rəhbərliyinə ünvanlamış 24.05.2022-ci il tarixli raportdan görünür ki, 24.05.2022-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən saat təxminən 16:10 radələrində Şəfəq məlumat vermişdir ki, M.Müşfiq küçəsi 1 ünvanında Yasamal Rayon Məhkəməsinin inzibati binasında 1 (bir) nəfər səs-küy salaraq məhkəmənin iş rejimini pozmuşdur. Onlar deyilən ünvana yaxınlaşmış və orada olan həmin şəxsi xidməti avtopatrula əyləşdirib 28-ci polis bölməsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Bölmədə məlum olmuşdur ki, bu şəxs Şəxs Yusif qızıdır. İnzibati qaydada tutma haqqında 24.05.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs nalayiq ifadələr işlədərək məhkəmə aparatı işçilərini və hakimi nalayiq ifadələrlə təhqir etmiş, bundan sonra məhkəmənin qəbul otağının qarşısında yerə uzanaraq səs-küy salmış və məhkəmənin normal iş fəaliyyətini pozmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs tətbiq edilən inzibati həbs tənbeh tədbirinin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 24 may 2022-ci tarixdən saat 16:10-dan hesablanmalıdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olamamasını, ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 05 (beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 24 may 2022-ci tarixdən saat 16:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar