Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-252/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X14 və 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta haqqında 28 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına əsas kimi, hüquqi şəxs Şəxs MMC ilə X15 arasında yaranan əmək münasibətləri xidməti müqavilə ilə rəsmiləşdirilmiş, nəticədə AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozulmuşdur. Tərəflər arasındakı münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X14 və vəkil X8 izahat verərək bildirmişlər ki, X5 şikayət ərizəsində bildirmişdir ki, xx.xx.2016 tarixində onunla SNN Expert (VÖEN **********) kuryer şirkəti arasında müqavilə bağlanıb. Halbuki Şəxs MMC 2 Mart 2018-ci ildə AR Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Müştəri portfeli boş olduğu üçün şirkət tam olaraq fəaliyyətə 2019-cu ildən başlamışdır. X15 2016-cı ildə mövcud olmayan şirkət ilə müqavilə bağlaması absurtdur. Bu şikayət yalan və böhtandır. X5 şikayət ərizəsində bildirib ki, bütün sənədləri və müqavilələrə həmin şirkətdə çalışan dispetçer X16 imzalayır. Bu da şər və böhtandır. Bütün sənədləri əmək müqaviləsi ilə şirkətdə hüquqşünaş vəzifisində çalışan X14 imzalayır. Buna əsas isə məhkəməyə təqdim edilən 025019 saylı vəkalətnamədir. X5 şikayət ərizəsində bildirib ki, üç Polis nəfəri qanunsuz olaraq onu ofisdən kənariaşdırıblar. AR Mülki Məcəlləsinin 390-cı madəsinin 1ci bəndinə əsasən 03 iyul 2023-ci il tarixində X15 ilə SNN Expert MMC arasında xidməti müqavilə bağlanmışdır və o bu müqaviləni oxuyub qəbul etdiyini yazılı şəkildə öz xətti ilə və imzası ilə təsdiq elmişdir. X5 mütəmadi olaraq rəhbərliyə tabeçilik göstərməmiş, müştərilərlə çox kobud şəkildə davranmış və bütün etik normaları pozmuşdur. Şirkət rəhbərliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, o öz davranışını dəyişməmişdir. 27 oktyabr 2023-cü il tarixində xidməti müqavilə ilə çalışan X15 şirkətdə əmək müqaviləsi ilə çalışan dispetçer X10 hücüm edərək bədən xəsarəti yetirmişdir. Bununla sakitləşməyərək X3 Firuzə Zahid qızını küçə söyüşləri ifadə edərək namusunu, qeyrətini, şərəfini və hətta onun valideynlərini təhqir etmişdir. Bu hadisəni ofisdə quraşdırılan təhlükəsizlik kamerası ilə qeydə almışdır və gələcəkdə bu sübut da məhkəmədə istifadə olunacaqdır. Bütün bunları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Eyni zamanda elektron sistemdən çıxarış təqdim edərək bildirmişlər ki, surətli poçt xidməti onların təmsil etdikləri hüquqi şəxsin fəaliyyət istiqamətlərinə aid olsa da əsas fəaliyyət istiqamətləri deyildir ona görə də N.Qaragözova ilə aralarında xidməti müqavilənin bağlanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 28 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC ilə X15 arasında yaranan əmək münasibətləri xidməti müqavilə ilə rəsmiləşdirilmiş, nəticədə AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozulmuşdur. Tərəflər arasındakı münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkar edilməsinə görə Şəxs MMC barəsində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin rəhbəri X17 ilə X15 arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” 3 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, icraçı qismində X1 qismində Şəxs MMC-nin müəyyən etdiyi qaydada kuryer xidmətlərini göstərməyi öhdəsinə götürmüsdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin fəaliyyət sahələri Hüquqi sənədlərin hazırlanması: ümumi məsələlər üzrə tövsiyyələrin və məsləhətlərin verilməsi (6910004) və Sürətli Poçt Xidmətləridir (5310201). İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru X13 tərəfindən tərtib olunmuş “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Şəxs MMC-də “kuryer” vəzifəsində işləyən X15 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş “0” məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. Yuxarıda qeyd edilən iş materiallarından göründüyü kimi X15 əmək müqaviləsi əsasında Şəxs MMC-də kuryer vəzifəsində işləmişdir və həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Sonradan yəni 03 iyul 2023-cü il tarixdə N.Qaragözova ilə aralarında “xidmətlərin göstərilməsi haqqqında” müqavilə bağlanmaqla N.Qaragözovanın əsas vəzifəsi kimi “kuryer” xidmətlərini göstərmək kimi bir öhdəliyi müəyyən edilmişdir. Bundan irəli gələrək məhkəmə hesab edir ki, uzun müddət həmin MMC-də kuryer vəzifəsində işləmiş bir şəxsin movcud olan əmək müqaviləsinə xitam verilərək sonradan onunla MMC-nin fəaliyyət istiqamətlərindən biri kimi vergi orqanlarında qeydə alınmış “Surətli poçt xidmətinin” göstərilməsi ilə əlaqədar xidmət müqaviləsinin rəsmiləşdirilməsi AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən tərəflər arasında yaramış münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Əmək Məcəlləsinin qeyd edilən normasının məzmunundan irəli glərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi MMC-nin əsas fəaliyyən sahələrindən birinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğundan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-252/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-252/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver