Məhkəmə qərarları › İş №3(004)-2527/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2527/2021

20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2527/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, 23.09.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, 23.09.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, AR İXM-nin 328.1ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Hesab edir ki, barəmdə tətbiq olunmuş inzibati tənbeh tədbirləri tam əsassızdır və həmin qərarlar ləğv edilməlidir. Belə ki, törədilmiş inzibati xətanın törədilməsi hər hansı qaydada sübuta yetirilməmişdir. Ümumiyyətlə, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərarlar ona göndərilməmiş, məlumatı olmamışdır. Elektron çıxarışlarda qərarın nömrəsi dəqiq göstərilməmişdir. Buna görə də, hesab edir ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarları tam qanunsuz hesab edilməli və ləğv edilməlidirlər. AR İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 6.1 -ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (xəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 12.1 -ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları pozulmaqla qəbul edilmiş bu əsassız qərarlar onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən 23.09.2021-ci il tarixli, EQ ******* saylı elektron protokol əsasında çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Z.R.İlkayev ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Z.R.İlkayev “Hyundai Sonata” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Füzuli küçəsi, “5 Mertebe” istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Z.R.İlkayevin barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokoldan yuxarı səlahiyyətli orqana şikayət verilmiş və onun şikayəti araşdırılmadan qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmiş, həmçinin sözügedən qərarda şikayətçinin Yol hərəkəti haqqında Qanunla hansı maddəsinin tələblərini pozması və pozuntunun baş verdiyi yer göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, Z.R.İlkayevin barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin Z.R.İlkayev həmin qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Z.R.İlkayevin şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, EQ ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar