Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2532/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Q.Qarayev adına 2 saylı uşaq xəstəxanasında, həkim pediatr vəzifəsində çalışan, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ baş müstəntiqi Cavid Əhmədovun 10 iyul 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə məhsuliyyətə cəlb olunması üçün qərarın icrasının 29-cu PŞ-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X13 tərəfindən MN seriyalı ******* nömrəli 06 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23.04.2021-ci il tarixdə saat 18:00 radələrində nəvəsi X4 boğazından tutmuş, sağ ayağına təpiklə vurmuş, sol qoluna dırnağı ilə xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X13 bildirdi ki, 25 aprel 2021-ci il tarixdə X9 DİN “102” xidmətinə və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edərək qızı Cahan Qəhrəmanzadənin keçmiş qaynanası Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 06 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun qızı Əsmər 2009-cu ildə Zaman Qəhrəmanovla ailə həyatı qurmuş 2010-cu il tarixdə Cahan adlı qızları dünyaya gəlmişdir. 2011-ci il tarixdə qızı Əsmərlə Zaman boşanmışlar. Həmin vaxtdan son zamanlara kimi qızı Əsmər və nəvəsi Cahan onun yaşadığı evində qalmışlar. O özü həkim-pediatr olduğu üçün hər zaman nəvəsi Cahana çox yaxşı baxmışdır. Cahan 23.04.2021-ci il tarixdə axşam saat 18 radələrində evdə olan zaman ona demişdir ki, əli yataq otağında olan siyirmənin dəmirinə dəyib sıyrılıb. O Cahanın əlinə yod çəkmək istəmişdir, lakin Cahan əlinə yod çəkilməsinə etiraz etmişdir. 25.04.2021-ci il tarixdə keçmiş kürəkəni olan Zaman uşağı aparmış və söhbət zamanı Cahanın əlində sıyrığı görmüş ona demiş ki, bunu sənin nənən etmişdir. Bundan sonra 25.04.2021-ci il tarixdə onun barəsində Zaman 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin vaxt Cahan izahat verərək bildirib ki, əsəbləşib nənəsinin onu vurması barədə atasına demişdir, lakin nənəsi onu heç vaxt vurmayıb. Bundan sonra məhkəmə qətnaməsi əsasında Cahan saxlanılması üçün atası Zamana verilmişdir. O atasının yanında bir müddət yaşadıqdan sonra, atasının təsiri altında bir daha izahat verərək, guya o azyaşlı olan Cahanı boğazından tutaraq ayağına təpiklə vurmuşdur. Onun hazırda 66 yaşı var və uşaq pediatrıdır. Onun nəvəsi Cahanı boğazından tuturaq təpiklə ayağına vurması nə yaşına və nədəki ixtisasına yaraşan hərəkət deyil. X19 boşandıqdan sonra o nəvəsi Cahanı özü böyütmüş, zaman ona çox yaxşı baxmış və heç vaxt nəvəsinə əl qaldırmamışdır. Sadəcə keçmiş kürəkənin maddi vəziyyəti çox yaxşı olduğu üçün o Cahana böyük vədlər verərək uşağın onlardan üz çöndərməsinə nail olmuşdur. Yekun olaraq o əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X9 izahatında göstərdi ki, o X2 ilə 2009-cu ildə ailə həyatı qurmuş və onların birgə nikahdan bir azyaşlı qız övladı olmuşdur. Ailə qurduqdan bir müddət sonra yəni, 2011-ci ildə Yasamal rayon məhkəməsinin qərarı ilə boşanmışlar. Lakin buna baxmayaraq boşandıqları gündən bu günə qədər qızı anası ilə qalsada, qızının bütün maddi ehtiyaclarını özü ödəmişdir. Eyni zamanda məhkəmənin qətnaməsi əsasında hər həftənin şənbə və bazar günləri qızı Cahanla görüşmüşdür. 25.04.2021-ci il tarixdə o, Cahanla bir yerdə olan zaman qızı ona bildirmişdir ki, 2 gün əvvəl yəni, 23.04.2021-ci il tarixdə yaşadığı ünvanda nənəsi Şəxs onu boğub ayağı ilə ayağının üstündən basaraq ona xəsarət yetirmişdir. Şəxs hər zaman uşağa qəddar və qeyri insanı münasibət göstərmişdir. Uşağı o həddə çatdırmışlar ki, uşaq intihar edəcəyini, eyni zamanda paltarlarını yığaraq onun yanına gəlib onunla yaşamaq istədiyini bildirmişdir. Cahanın ona dedikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin rəyində öz əksini tapmışdır. Hazırda Cahan onun yanında yaşayır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, Şəxs X4 döyməsi məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 iyul 2021-ci il tarixli qərarda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik hüquqi şəxsinin 09 iyul 2021-ci il tarixli T 137/2021 nömrəli ”sağlamlığa zərər vurulması” ilə əlaqədar ekspert rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol saidin arxa səthində sıyrıq, sol bayır topuq nahiyəsinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlərdən sol saiddəki sıyrıq istər küt alətlə yetirilən zərbə, istərsə də zərərçəkmişin öz boyu hündürlüyündən yıxılması zamanı, sol bayır topuğun qançırı isə məhdud səthə malik küt alətlə yetirilən zərbənin bilavasitə təsirindən törənmiş, yetirilmə müddəti 23.04.2021-ci ilə uyğun gəlir, dərəcəsinə görə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10 iyul 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Şəxs nəvəsi X4 yaşadıqları Yasamal rayon A.Abbassov küçəsi 03 mənzil 111-də döyməsi nəticəsində sonuncu sol bayır topuğun qançırı məhdud səthə malik küt alətlə yetirilən zərbənin bilavasitə təsirindən sağlamlığa zərər vurmayan xəsarət almış bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hərəkət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli 11/291 nömrəli qərarına əsasən valideynlər və digər ailə üzvləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik 21.05.2010-cu il təvəllüdlü X3 emosional-iradi sferasına sirayət etmişdir. 21.05.2010-cu il təvəllüdlü X3 hal-hazırda atası X5 olan münasibətində psixoloji gərginlik üzə çıxmır, anası X1 qarşı küskünlüyü müəyyən olunmuşdur. 21.05.2010-cu il təvəllüdlü X3 hal-hazırda atası X5 və anası X1 bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, atası X5 bağlılığı daha çoxdur. 21.05.2010-cu il təvəllüdlü X3 psixikası və davranışında ailədaxili münasibətlərlə bağlı fikir və mülahizələrini dəyişdirə biləcək səviyyədə kənar psixi təzyiq əlamətləri müəyyən olunmamışdır. 21.05.2010-cu il təvəllüdlü X8 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini iradəsinə uyğun müstəqil şəkildə ifadə etmək qabiliyyətinə malikdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 iyul 2021-ci il tarixli qərarda olan zərərçəkmiş şəxs X8 158 nömrəli tam orta məktəbdə psixiatr pedoqoq işləyən X6 iştirakı ilə izahatında bildirmişdir ki, Yasamal rayon A.Abbassov küçəsi 03 mənzil 111-də anası və nənəsi Yadigarla bir evdə yaşayır, anası hər gün saat 08-də işə gedir 20-də gəlir. Anası evdə olmayan zaman ona nənəsi baxır, 23.04.2021-ci il tarixdə saat 18 radələrində evdə olan zaman kefsiz oturmağını ona nənəsi irad tutmuş o özüm bilərəm dediyi üçün Yadigar xanım onun boğazından tutmuş sağ ayağına təpik vurmuş sol qoluna dırnağı ilə xəsarət yetirmiş, o bu barədə atasına deyəcəyini bildirmiş Yeganə anana deyəcəm ki, sən pis qızsan demişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 may 2021-ci il tarixli qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxs X8 158 nömrəli tam orta məktəbdə müəllim işləyən X10 iştirakı ilə izahatında bildirmişdir ki, o hal-hazırda anası ilə birlikdə yaşayır. Atası və anası boşandıqları üçün o, atası ilə görüşmək üçün nənəsinin yaxınlıqda yaşadığı evə gedir. Daha sonra atası gəlir, onu oradan görüşmək üçün götürür. O, atası ilə axşamadək bir yerdə qalır, daha sonra atası onu nənəsinin evinə aparır. O, orada bir gün qalır, gündüz məktəbə gedib sonra anasının evinə gedir. O, nənəsi ilə qalanda sonuncu ona qəzəblənsə də ancaq heç vaxt onu vurmayıb. O, əsəbləşib nənəsinin onu vurması barədə atasına demişdir. Amma nənəsi onu heç vaxt vurmamışdır. Zərəçəkmiş şəxs X3 məhkəmə iclasında iştirakı təmin olunmadığından onun dindirilməsi mümkün olmamışdır. İş materiallarında olan 24 may 2021-ci il tarixli və 10 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar müqayisəli şəkildə təhlil olunarkən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli 11/291 nömrəli qərarı nəzərdən keçirilərkən zərərçəkmiş şəxs X3 hər dəfə müxtəlif məzmunlu ifadə verməsi ziddiyyətli məqam kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxsnun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxsnun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 157-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən, onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 06 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2532/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2532/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver