Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2538/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xxxxxxx-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərara əsasən X7 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və həmin tarixdə Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin gün saat 07:40 radələrində azyaşlı övladlarını məktəbə yola salıb yaşadığı evə qayıtdıqda, keçmiş əri Şəxs söhbət etmək üçün onu zorla avtomobilinə mindirmək istədikdə ona xəsarət yetirmişdir. Aparılmış araşdırma zamanı Şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi FHN DYMX TX və TD-nin Avtonəqliyyat hissəsinin sürücüsü vəzifəsində, baş çavuş rütbəsində xidmət etməsi müəyyən olunduğundan Azərbaycan Respublikası CPM-nin 215.3.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqın prokurorluq orqanları tərəfindən aparılmasını nəzərə alınaraq həmin material araşdırmanın davam etdirilməsi üçün Yasamal rayon prokurorluğuna göndərilmiş, material rayon prokurorluğunun “törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların qeydiyyatı kitabında” qeydə alınaraq araşdırma aparılmışdır. Toplanmış materialla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində keçmiş arvadı X2 söhbət etmək üçün zorla avtomobilinə mindirmək istədikdə sonuncuya sağ əlin birinci barmağının dırnaq falanqasının iç səthinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Ona görə də, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci, yəni zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə, tərkib əlamətləri aşkar olunduğundan barəsində həmin maddə ilə inzibati icraat başlanmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X9 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2023-cü il tarixli qərarı müdafiə edərək, Şəxs barəsində qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 2012-ci ilin aprel ayında qohumu olan X8 ilə ailə qurmuş, birgə nigahlarından iki övladları vardır. Son illər Leyla ilə xasiyyətləri uyğun gəlmədiyindən hər ikisinin razılığı ilə 2022-ci ilin iyul ayında rasmən boşanmışlar. Boşandıqdan sonra Leyla ona məxsus olan evdə qeydiyyatda olmasına baxmayaraq uşaqlarını ona göstərməkdan imtina edir, Leyla artıq 3 aydır ki, telefonlarını bloklayıb uşaqlarını ona göstərmədiyindən o, Leylanın qeydiyyatdan çıxarılması üçün ərizə ilə Miqrasiya Xidmətinə müraciət etmişdir. 06 fevral 2023-cü il tarixdə saat 07:40 radələrində o, uşaqlarını görməsi üçün Leylanın hazırda kirayədə yaşadığı “MİDA” yaşayış kompleksi 20 saylı binanın qarşısına gəlmiş, idarə etdiyi avtomobili binanın qarşısında saxlayıb bir qədər kənarda gəzişərkən Leylanın gəldiyini görüb ona yaxınlaşmış və yenə də ondan uşaqları ona göstərməsini tələb etmişdir. Leyla yənə də kobudluqla cavab verərək uşaqlarını ona göstərmayəcəyini bildirdikdə o, Leyladan istifadə etdiyi, özünün pulu ilə alınmış mobil telefonu qaytarmasını tələb edərək onun bir cibinə əl atmışdır. Lakin Leylə səs-küy salmağa başladıqda öz avtomobilinə əyləşib ordan uzaqlaşmışdır. Leyla Məmmədovanı zorla avtomobilinə əyləşdirməmiş, avtomobili Leylə ilə söhbet etdikləri yerdan təxminən 100 metr aralıda olmuş, buna görə də onu öz avtomobilinə itələməsi mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq barəsində yünqül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirli “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin Yasamal rayon şöbəsindən daxil olmuş 06 fevral 2023-cü il tarixli, 122 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ əlin birinci barmağının dırnaq falanqasının iç səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə əmələ gələ bilərdi, sağlamlığla zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Şəxs ilə X1 arasında bağlanmış nikaha tərəflərin ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində AR İXM- nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna məlumat verilməsi və s. qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2023-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2538/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2538/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver