Məhkəmə qərarları › İş №3(004)-254/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-254/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-254/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Baki şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 9 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu X1 Emin Yaşar oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 24B küçəsi “Bravo” marketlə üzbəüz işlədiyi dönərxanada dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan pirotexniki məhsulu sataraq istehsalı və satılması qadağan olunmuş malları satmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 442-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 31 dekabr 2023-cü il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, işlədiyi dönərxanada dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan pirotexniki məhsullar satmışdır. Bu məhsullardan 1-2 ədəd satdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31 dekabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində inizbati ərazidə olan zaman Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 24B küçəsi “Bravo” marketlə üzbəüz dönərxanada açıq-aşkar dövriyyəsi qadağan olunmuş partlayıcı pirotexniki vasitələr satdığını aşkar edilmişdir. Satışı həyata keçirən şəxsi 29-cu polis şöbəsinə dəvət etmişlər və orada həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. “Predmetin götürülməsi barədə” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan 30 ədəd göy rəngli p-750, 30 ədəd üçbucaq formalı, 20 ədəd JF 1404, 37 ədəd JF 6611, 1 qutu super juki, 13 ədəd cracker Ek 6207, 2 qutu X2, 1 qutu little pirat, 40 ədəd qumbara formalı, 6 blok enigma, 32 qutu enigma, 1 qutu colour flower, 1 ədəd fişəng qismində piritexniki və partlayıcı vasitələr götürülərək məhkəməyə təqdim olunması üçün Yasamal RPİ-nin 29-cu PŞ-də saxlanılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Nazirlər Kabinetinin müvafiq qərarı ilə istifadəsi və pozulması (dövriyyəsi) məhdudlaşdırılmış priotexniki partlayıcı vasitələri satması özünün etirafedici izahatı, həmçinin tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan 30 ədəd göy rəngli p-750, 30 ədəd üçbucaq formalı, 20 ədəd JF 1404, 37 ədəd JF 6611, 1 qutu super juki, 13 ədəd cracker Ek 6207, 2 qutu X2, 1 qutu little pirat, 40 ədəd qumbara formalı, 6 blok enigma, 32 qutu enigma, 1 qutu colour flower, 1 ədəd fişəng qismində piritexniki və partlayıcı vasitələr məhv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Pirotexniki vasitə olan 30 ədəd göy rəngli p-750, 30 ədəd üçbucaq formalı, 20 ədəd JF 1404, 37 ədəd JF 6611, 1 qutu super juki, 13 ədəd cracker Ek 6207, 2 qutu X2, 1 qutu little pirat, 40 ədəd qumbara formalı, 6 blok enigma, 32 qutu enigma, 1 qutu colour flower, 1 ədəd fişəng qismində partlayıcı vasitələr məhv edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar