Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2544/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Hüquqi şəxs “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə Hüquqi şəxs “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi hüquqi şəxs “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 07 aprel 2025-ci il tarixli, 10000-00039/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Türkiyə Respublikasında yerləşən “X8 San. ve Tic.” şirkətindən “Mazımqara” gömrük postundan keçirilməklə hüquqi şəxs “X6 Kompleksi” MMC-nin ünvanına xx.xx.2025-ci il tarixdə, 27AGA530/27AJK359 nömrəli nəqliyyat vasitəsi ilə idxal olunmuş “dəmirdən və ya aşqarlanmamış poladdan məftillər” yükünə dair sözügedən şirkət tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 qısa idxal bəyannaməsinin gec verildiyini, inzibati xətanın baş verdiyini və göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 mart 2025-ci il tarixli, 3-33-4100/001/000388 nömrəli raportdan görünür ki, “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına “X9 San. ve Tic.”-dən 27AJK359 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İnzibati xəta haqqında 07 aprel 2025-ci il tarixli, 10000-00039/25 saylı protokoldan görünür ki, Türkiyə Respublikasında yerləşən “X8 San. ve Tic.” şirkətindən “Mazımqara” gömrük postundan keçirilməklə hüquqi şəxs “X6 Kompleksi” MMC-nin ünvanına xx.xx.2025ci il tarixdə, 27AGA530/27AJK359 nömrəli nəqliyyat vasitəsi ilə idxal olunmuş “dəmirdən və ya aşqarlanmamış poladdan məftillər” yükünə dair sözügedən şirkət tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmamışdır. İnzibati xəta haqqında protokolda olan MMC-nin nümayəndəsinin izahatından görünür ki, həmin protokolda “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 hüquqi şəxs - “X6 Kompleksi” MMC-də loqistika və daşımaların təşkili şöbəsində böyük mütəxəssis vəzifəsində çalışdığını, nümayəndəsi olduğu şirkətin əsas fəaliyyət istiqamətinin pambıq məhsullarının ixracı və idxalından ibarət olduğunu, bu məqsədlə xarici ölkələrdən pambıq məhsullarını idxal etdiklərini və həmin yükü emal əməliyyatlarından keçirməklə hazır məhsul əldə edərək ixrac etdiklərini, qeyd olunan faktla bağlı Türkiyə Respublikasında yerləşən “X8 San. Ve Tic.” şirkətindən Şirvan gömrük postundan keçirilməklə hüquqi şəxs “X6 Kompleksi” MMC-nin ünvanına xx.xx.2025-ci il tarixdə 27AJK359 nömrəli nəqliyyat vasitəsində idxal olunmuş “əsas metallar və onlardan hazırlanan məhsullar qara metallar dəmirdən və ya aşqarlanmamış poladdan məftillər” yükünün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildiyini, lakin sözügedən mallar barəsində tərəflərindən gömrük orqanına elektron qaydada qısa idxal bəyannaməsinin təqdim olunmadığını, qısa idxal bəyannaməsinin təqdim edilməməsinin səbəbinin malları ixrac edən “X8 San. ve Tic.” şirkətindən yüklə bağlı mal müşayiət sənədlərinin onlara vaxtında göndərilməməsi olduğunu, törədilmiş hüquqpozmanın zərərli nəticələrini aradan qaldırmağa hazır olduqlarını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında tərəfin izahatı, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Türkiyə Respublikasında yerləşən “X8 San. ve Tic.” şirkətindən “Mazımqara” gömrük postundan keçirilməklə hüquqi şəxs “X6 Kompleksi” MMC-nin ünvanına xx.xx.2025-ci il tarixdə, 27AGA530/27AJK359 nömrəli nəqliyyat vasitəsi ilə idxal olunmuş “dəmirdən və ya aşqarlanmamış poladdan məftillər” yükünə dair sözügedən şirkət tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2544/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2544/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver