Məhkəmə qərarları › İş №3(004)-2547/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2547/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2547/2025 06.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs (tələbkar) – X2 iştirakları ilə, 10 avqust 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 15 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC-dən 23897 manat X2 və 20823 manat X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bu fakt icra sənədinin icra olunmaması ilə təsdiq olunmuşdur. Beləliklə göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 23897 manat X2 və 20823 manat X1 xeyrinə ödənilməsi qət edilmiş, ancaq "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Tağıyev X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirdi ki, borclu qəsdən öhdəliyindən boyun qaçırır, heç bir ödəniş etmir, hazırda şikayətçidir, odur ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 15 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC-dən 23897 manat X2 və 20823 manat X1 xeyrinə ödənilməsi qət edilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-486/2020 saylı icra vərəqəsi üzrə X2 xeyrinə 23897 manat və X1 xeyrinə 20823 manat məbləğində pul "xxxx" MMC-dən tutulması qət edilmişdir; “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-2/2025-017 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif edilməsi, icra könüllü təmin edilmədikdə: borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması; icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır; 10 aprel 2025-ci il tarixli aktdan görünür ki, Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Səvxan Abbasov, böyük icra məmuru Anar Eyyubov aktı tərtib etmişlər ondan ötrü ki, Yasamal Rayon Məhkəməsinin 8(004)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icra hərəkətləri ilə bağlı (qərar, bildiriş vermək məqsədilə) Yeni Yasamalda yerləşən (Ə.Əhmədov küçəsində) ofislərində olmuş, orada olarkən "xxxx" MMC-nin rəhbəri Şəxs ofisdə olmadığı müəyyən olunmuş və onunla (***-***-**-**) nömrəsi ilə əlaqə saxlanılmış, o isə ofisdə olmadığını və ona bildiriş gəlmədiyini bildirmiş, icra işi ilə bağlı ona telefon vasitəsilə detallar çatdırılmış və bununla bağlı akt tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-486/2020 saylı icra vərəqəsi üzrə X2 xeyrinə 23897 manat və X1 xeyrinə 20823 manat məbləğində pul "xxxx" MMC-dən tutulması qərara alınmışdır. İcra sənədi üzrə icraata müvafiq olaraq 01 aprel 2025-ci il tarixli qərarla başlanılmışdır. Borclu təşkilatın vəzifəli şəxsi tərəfindən isə icra müddəti ərzində öhdəlik icra edilməmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan öhdəlik icra edilmədiyindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs rəhbərlik etdiyi MMC-nin bu günədək öhdəliyini icra etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun və tələbkarın izahatlarını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-2/2025 saylı icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar