Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2577/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Aslan Aslanbəyli) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 427/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3138 manat pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbi tam icra etməmişdir və bunun nəticəsində hazırkı vaxtadək hissə-hissə olmaqla müəyyən qədər ödəniş etsə də, qətnamə tam icra edilməmişdir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs bildirdi ki, o icra sənədinin icra edilməsindən imtina etmir. Qətnaməni yeni alıb, qətnamədən razı deyil, hətta şikayət verəcək, lakin razı olmamağına baxmayaraq ödənişin bir hissəsini, yəni 500 manatı ödəmişdir. Həmin pulu da nənəsi ona pensiyasından köməklik etmişdir. X1 telefonu ona 14 fevral 2023-cü il tarixində bağışlamışdır, belə ki, aralarında ail qurmaq üçün müəyyən söhbətlər olmuş, lakin o, ailə qurmağa razı olmamışdır, buna görə də sonra telefonun pulunu geri istəmişdir. Qalan ödənişi də edəcəkdir. Özünün heç bir gəliri yoxdur. Özü heç yerdə işləmir. Adına heç bir əmlak yoxdur, atası, anası rəhmətə gedib, nənəsi ilə yaşayır, onlara bacısı baxır. Adına digər hər hansı bir gəlir və əmlak olmadığı üçün qətnaməni icra edə bilmir. Göstərilən halların nəzərə alınaraq işin icraatına xitam verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs (tələbkar) X2 nümayəndəsi X10 bildirdi ki, borclu müxtəlif bəhanələrlə ödənişdən yayınır. Hissə-hissə ödəmə etməsini istəmir, pulunu tam istəyir. Şikayətçidir, borclu barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş edir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu bir dəfə ödəniş etmişdir. Həmçinin borclu heç yerdə işləmir, əmək haqqısı yoxdur. 500 manat ödəniş etmişdir. Yenə də hissə-hissə ödəmək istədiyini deyir. Lakin tələbkar hissə-hissə ödənişə razı deyil, pulu tam istəyir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, borclunun adına hər hansı gəliri, pulu, daşınar və ya daşınmaz əmlakı olması aşkar edilməmişdir. Borclu imkanı olduqca müəyyən qədər ödəniş etmiş, lakin tam ödəniş edilməmişdir. Borclu qətnamənin icrasından imtina etmir. Borclu çağırışlardan yayınmamışdır, bir neçə dəfə izahat vermişdir. Tutmanın yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Tələbkar tələb etdiyi üçün barəsində inzibati qaydada protokol tərtib edilib məhkəməyə göndərilmişdir. İcra məmuru icra işini məhkəməyə təqdim etmişdir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sonrğulara cavab olaraq, borclunun adına tutmanın yönəldilə biləcək əmlakı, gəliri və bankda pul olması müəyyən edilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin icra məmurunun iştirakı ilə xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, borclunun ödəniş etməsi onun məhkəmə qətnaməsinə hörmətlə yanaşdığının və icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmadığının göstəricisi kimi qiymətləndirilməlidir. Bununla da toplanılmış materiallardan, icra işi materiallarından, izahatlardan görünür ki, borclu icra sənədini icra etməkdən yayınmamış. Beləliklə borc tələbi tam şəkildə ödənilməsə də, qeyd edilmiş ödənişin olması şəxsin əməlində icra sənədinin üzürsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. İcra məmuru həm özü qeyd edir, həm də məhkəməyə təqdim edilmiş icra işindəki məlumatlardan da görünür ki, icra məmuru borclunun tutma yönəldilə bicək əmlakı və gəliri barədə sorğular vermiş, lakin həmin sorğulara cavablarda əmlak və gəlirin olmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra işi materiallarına əsasən icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, borclunun adına pul, əmək haqqı, gəlir, bankda pulu, daşınar və ya daşınmaz əmlak yoxdur. İcra məmuru borclunun adına tutmanın yönəldilə biləcək əmlakını müəyyən edə bilməmişdir. Həmçinin icra işi materiallarına əsasən borclu bir neçə dəfə icra şöbəsində olmuş, izahatlar vermişdir. Bununla da borclu icra məmurunun çağırışlarından da yayınmamışdır. İcra məmuru da məhkəmədə bildirdi ki, borclu çağırışlardan yayınmamışdır. İcra işi materiallarında yalnız Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılarkən də, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakının olmadığı müəyyən edilmişdir. Borclunun heç yerdə işləmədiyi və maaşının olmamasına dair məlumat müəyyən edilmişdir. Beləliklə iş üzrə müəyyən edilir ki, borclu izahatında da bildirir ki, icra sənədini icra etməkdən yayınmır, borclunun icra sənədini icra etmək yalnız hissə-hissə ödəməklə mümkündür. İcra məmuru da bildirir ki, başqa cür icra sənədinin icrası mümkün deyildir. Lakin hissə-hissə ödənilməsinə tələbkar razı olmadığı üçün, icra sənədi hazırkı vaxtadək icra edilməmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun maddi imkanının olması, gəlirinin olması, tələbi ödəmək işqtidarında olması, lakin ödəməməsi, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması, lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Qeyd edilməlidir ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Bununla da borclunun həmin maddədə göstərilən icra məmurunun hər hansısa bir qanuni tələblərinin yerinə yetirilməməsi müəyyən edilmir. Həmçinin icra sənədinin hazırkı vaxtadək icra edilməməsindəki səbəblər borcluya münasibətdə üzürlüdür. Çünki borclu icradan imtina etmir. İcra sənədinin icrası üçün əmlaka, maddi imkana, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlaka malik deyildir. Yalnız hissə-hissə ödənilə bilər, lakin ondan asılı olmayan səbəbdən, tələbkar razı olmadığı üçün hissə-hissə ödəniş edə bilmir. İcra məmurunun icra işi üzrə topladığı sübutlar şəxsin üzürsüz səbəbdən deyil, üzürlü səbəbdən icra sənədini icra etməməsinə dəlalət edir. Çünki icra sənədi pul ödənişi ilə bağlıdır. Şəxsin də həmin pulu ödəmək üçün mülkiyyətində əmlakı, pulu, tutmanın yönəldilə biləcək maddi və ya qeyri maddi əmlakı yoxdursa, onda həmin şəxs pulun ödənilməsini təmin etmək iqtidarında olmur. Belə vəziyyətdə icra sənədinin icra edilməməsində şəxsin təqsiri yoxdur. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Əksinə əgər borclu icra sənədini ödəmək iqtidarında deyildirsə, icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etməli deyildir. İcra sənədinin icrası üçün yeganə vasitə tutmanın hissə-hissə ödənilməsi, lakin tələbkar buna razı olmadığı üçün icraya maneə olduğundan, icra məmuru icra sənədini geri qaytarmalıdır. Çünki “İcra haqqında” Qanunun aşağıdakı normalarına əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, - 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında borclunun qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Bununla da protokol tərtib etmiş icra məmurunun təqdim etdiyi sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin xətanı törətməsi öz təsdiqini tapmır. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən biri olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə ki, icra məmuru şəxsin icra sənədini icra etməyə imkan verən maddi vəziyyətinin olmasına dair sübut təqdim etməmişdir, toplamamışdır. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2577/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2577/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver