Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-258/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) – X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6005/2018 nömrəli, 26 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 59.400 (əlli doqquz min dörd yüz) ABŞ dolları məbləğində borc və həmçinin ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X9 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Həmçinin protokola əlavədən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2357/2014 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 75030 manat pul tutularaq tələbkar X3 ödənilməli; Bakı şəhəri 51 saylı Notariat Kontorunun 586 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X6 xeyrinə Şəxs xx.xx.2015-ci il müddət üçün vaxtında ödənilməmiş 40000 ABŞ dolları tutulmalıdır; Yasamal Rayon Məhkəməsinin 2(004)-5675/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 35250 manat, 30 manat dövlət rüsumu pul tutularaq tələbkar X1 ödənilməli; Yasamal Rayon Məhkəməsinin 2(004)-1254/2019 saylı, xx.xx.2019-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 6000 ABŞ dolları və 30 manat dövlət rüsumu pul tutularaq tələbkar X5 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6005/2018 nömrəli, 26 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs 54.000 (əlli dörd min) ABŞ dolları əsas borc və illik 5 faiz hesablanmaqla 5.400 (beş min dörd yüz) ABŞ dolları faiz borcu, cəmi 59.400( əlli doqquz min dörd yüz) ABŞ dolları və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu məbləğində borcun tutularaq tələbkar Şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə 25 oktyabr 2023-cü il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Bundan sonra o icra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə görə məsuliyyət barədə yazılı şəkildə xəbərdar edilmişdir. Müvafiq sənədlərə borclu imza edərək təhvil almışdır. Həmçinin icra şöbəsinin icraatında olan digər icra işləri üzrə icraata başlanılıb zəruri tədbirlər görülmüşdür. Yasamal Rayon Məhkəməsinin 2(004)-6005/2018 nömrəli, 26 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu müəyyən ödənişlər etməsinə baxmayaraq, digər icra sənədləri üzrə ümumiyyətlə heç bir ödəniş etməmişdir. Uzun müddətdir ki, borclunun adına olan telefon nömrəsi ilə əlaqə saxlanılmış, lakin o icra məmurunun zənglərinə cavab verməmişdir. Bundan başqa o, icra məmurunun çağırışlarına gəlməkdən qərəzli olaraq yayındığından barəsində axtarış elan edilmiş və axtarış qərarının icrası qaydasında saxlanılaraq şöbəyə gətirilmişdir. Borclu İcra şöbəsində olarkən izahatları alınmış, ona yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq işləməməsini əsas gətirib icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Göründüyü kimi borclu bu hərəkətləri ilə qərəzli olaraq icra sənədini icra etməkdən, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Buna görə də, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən icra məmuru X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6005/2018 nömrəli, 26 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən borcunu ödəməkdən yayınmır. Tam olmasa da, bir qisim ödənişlər etmişdir. Həmin icra sənədi üzrə zərərçəkmiş şəxs X9 qarşı borcunu icra edə bilməməsində özünü təqsirli sayır. Belə ki, o, əvvəllər biznes fəaliyyəti ilə məşğul olsa da, halhazırda işsizdir. 66 yaşı var və əlilliyi yoxdur. Hazırda isə qalan məbləği tam şəkildə ödəmək üçün 3 ay vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X12 izahatında göstərdi ki, borclu Şəxs icra sənədini uzun müddətdir ki, qərəzli olaraq icra etmir. Borclu Şəxs borcundan ödəniş etmək əvəzinə əsassız olaraq işi yubadır və ona maddi zərər vurmaqla yanaşı mənəvi zərər vurmaqda davam edir. Odur ki, göstərilənlərə əsasən tələbkar X12 ona borcun tam şəkildə ödənilməsini tələb etdiyini və borclunun barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi üzrə materialları araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, icra işi materiallarından görünür ki: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6005/2018 nömrəli, 26 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 59.400 (əlli doqquz min dörd yüz) ABŞ dolları məbləğində borc və həmçinin ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu tutularaq tələbkar X9 ödənilməlidir. İcra sənədi 19 avqust 2019-cu il tarixdə verilmiş və 25 oktyabr 2023-cü il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. - İcraata başlamaq haqqında qərar borclu Şəxs tələbin könüllü icrasına dair bildirişlə birlikdə 25 oktyabr 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş və borcluya icra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə, o cümlədən icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. - Lakin hazırki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə borcunun hissə-hissə ödənilməsinə dair hər hansı məhkəmə qərarının olmasına dair və ya tələbkarla aralarında borcun hissə-hissə ödənilməsi hər hansı razılaşmaya dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs icra sənədi üzrə icraatın başlanılmasına baxmayaraq hazıradək 59.400 (əlli doqquz min dörd yüz) ABŞ dolları məbləğində borc və həmçinin ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu məbləğində borcunu, o cümlədən digər icra sənədləri üzrə tələbdən ödəniş etməməsi onun Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədi üzrə öz öhdəliklərindən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30-cu maddəsinin 2-ci hissəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinin 2-ci hissəsinin tələbini və Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-258/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-258/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver