Məhkəmə qərarları › İş №3(004)-2583/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2583/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2583/2024 14.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Mirsəttar oğlu Seyidovun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə, X1 nümayəndəsi, Vəkil iştirakları ilə, X2 və onun nümayəndəsi, Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 və onun nümayəndəsi, Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, AR ƏƏSMN yanında X5 Xidməti yanında Bakı şəhər idarəsi tərəfindən barəsində İnzibati tənbeh vermə haqqında qərar (MN № 0020834) qəbul edilərək AR İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsində təqsirli bilinərək 3000 (üç min) manat inzibati cərimə tətbiq edilmişdir. Qərar əsassız olaraq qəbul edildiyi üçün aşağıdakı əsaslara görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir, belə ki, "xxxx" MMC kommersiya hüquqi şəxsinin əsas fəaliyyət sahəsi poçt xidmətləridir və bu xidmətin göstərilməsi ilə bağlı müvafiq lisenziya da mövcuddur. Lakin, bundan əlavə olaraq şirkət bəzən qanunla heç bir lisenziya tələb olunmayan daşıma xidməti də göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti olan poçt xidməti ilə bağlı “Socar”, “Kapital Bank”, “Pasha Bank”, “Azersun Holding”, “McDonalds” və s. kimi həm yerli, həm də xarici böyük şirkətlər partnyorlarıdır və həmin şirkətlərə poçt xidməti göstərirlər. Qeyd edir ki, hər işin spesifik xüsusiyyətləri var və yuxarıda qeyd olunan şirkətlərə göstərilən poçt xidməti ilə əlaqədar şirkətin bəlli və proqnozedilən iş yükü vardır. Təsadüfi deyil ki, bununla bağlı şirkətin təxminən 70 nəfər əmək müqaviləsi ilə işləyən işçisi vardır. Bundan başqa isə, şirkətin əsas fəaliyyət istiqaməti olmayan daşıma xidmətləri də göstərirlər. Bu xidmət vətəndaşlara göstərilir və poçt xidmətindən fərqli olaraq burada bəlli, standart, proqnozedilən iş yükü mövcud deyil. Məsələn, 1 təqvim günü ümumiyyətlə daşıma xidməti olmaya bilər, 1 gün 5 daşıma ola bilər, 1 gün isə 15 daşıma. Bu xidmətlə bağlı iş yükümüz proqnoz edilən olmadığı üçün, həmçinin bu xidmət onların əsas fəaliyyət istiqaməti olmadığı üçün onlar əmək müqaviləsi ilə çalışan işçi heyətindən başqa təxmini 15 nəfər kuryer ilə xidmət müqavilələri vardır. Həmin şəxslər ofisdə əyləşmirlər, heç bir poçt xidməti göstərmirlər və yalnız daşıma xidməti ilə bağlı sifariş olduqda gəlib daşıma obyektini müştəriyə çatdırırlar. Xüsusilə qeyd edək ki, həmin xidməti müqavilə üzrə şəxslər bir neçə yerlə işləyirlər və yalnız daşıma tələbi olduqda onlara ehtiyac yaranır. Şahid da onların əsas fəaliyyət sahələri poçt xidməti ilə məşğul olmamış, ofisdə oturmamış, yalnız ehtiyac yarandığı anda əsas fəaliyyət istiqamətilərinə aid olmayan daşıma xidməti göstərmişdir. Həmçinin, bildirir ki, hətta inzibati xəta həqiqətən törədilmiş olsaydı belə AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb müddəti keçdiyi üçün inzibati xəta işi üzrə icraata xitam verilməlidir. Belə ki, Şahid ilə xidmət müqaviləsi xx.xx.2023 tarixində bağlanmış və o, faktiki olaraq da həmin gündən etibarən vaxtaşırı daşıma xidməti ilə bağlı işlər görmüşdür. Bunu inzibati tənbeh vermə haqqında Qərardan görmək olar. Belə ki, əgər hesab etsək ki, həqiqətən əməlimizdə inzibati xəta tərkibi var, inzibati xətanın törədildiyi gündən 1 ildən artıq müddət keçmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına, görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati tənbeh vermə haqqında Qərar isə xx.xx.2024-cü il tarixində tərtib edilmişdir və beləliklə inzibati xəta törədilsəydi belə ondan 1 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda əmək qanunvericiliyinin tələbini pozulmaqla xitam verilməsinin nədən ibarət olması ümumiyyətlə əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. AR İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hesab edir ki, barəsində tərtib olunmuş qərar sübutlara istinad edilmədən və qiymət verilmədən, eyni zamanda qərəzli qəbul edilmiş, həmçinin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, formal mülahizələrə əsaslanmışdır. Direktoru olduğu şirkətin fəaliyyət istiqaməti və xüsusiyyətləri araşdırılmamışdır. Əməllərində heç bir inzibati inzibati xəta tərkibi mövcud deyildir. Qərar onlara rəsmi qaydada 08 may 2024-cü il tarixdə təqdim olunmuşdur. İş üzrə sənədlərin və sübutlar Məhkəmə zamanı Sizə təqdim olunacaqdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.1.6 və 128-136-cı maddələrinə əsasən AR ƏƏSMN yanında X5 Xidməti yanında Bakı şəhər idarəsi tərəfindən barədində verilmiş İnzibati tənbeh vermə haqqında (MN № 1612799) qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili Vəkil Muğam oğlu xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək müdafiə etdiyi "xxxx" MMC-in poçt fəaliyyəti ilə məşğul olduğunu, bununla əlaqədar lisenziyasının da olduğunu, poçt fəaliyyətinə müəyyən bağlamaların daşınmasının da aid olduğunu, müəssisədə 70 nəfərin əmək müqaviləsi əsasında çalışdığını, qalan 10-12 nəfərlə isə digər növ xidməti müqavilələrin bağlanıldığını, çünki bu şəxslərin sərəncamında olduqca az iş olduğunu, buna baxmayaraq onlara da 800 manat civarında əmək haqqı verildiyini, qeyd edilən sahə müəssisənin əsas fəaliyyət sahəsi olmadığından əmək müqaviləsinin bağlanılmasına da zərurət görülmədiyini, iş materiallarına əsasən həm hüquqi şəxs, həm də hüquqi şəxsin rəhbərinin cərimələndiyini qeyd etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili Vəkil Muğam oğlu "xxxx" MMC poçt xidməti ilə bərabər daşıma fəaliyyəti ilə də məşğul olduğunu, Azərbacan Respublikasının qanunvericiliyinin daşıma fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı lisenziya tələb etmədiyini, şəxsin hüquqi şəxs yaradaraq və ya yaratmadan daşıma fəaliyyəti ilə məşğul ola bildiyini, onların Azərbaycan Respublikasının böyük şirkətləri, məsələn, Paşabank, Kapital Bank, SOCAR, hətta “McDonalds” şirkəti ilə əməkdaşlıqları olduğunu, Şahid onların daşıma fəaliyyəti ilə əlaqədar kuryeri olduğunu, daşıma sifarişlərinin hər gün olmadığı nəzərə alınaraq, onların əməkdaş ilə əmək müqaviləsi bağlamaqlarının absurd olduğunu, Konstitusiya Məhkəməsinin müvafiq qərarında hazırkı tip işlərdə məhkəmə tərəfindən müəssisə və şəxs arasında münasibətlərin əmək, yoxsa mülki münasibətlər olması diqqət mərkəzində saxlanılmalı olduğunun göstərildiyini, Yasamal Rayon Məhkəməsinin qərarında vurğulandığı kimi, Şahid müəssisənin intizam qaydalarına tabe olmamış, həmçinin şəxsə aylıq sabit məbləğ də müəyyən olunmamışdır. Əsas məsələrdən birinin Şahid özünün fərdi sahibkar olduğu, Şahid müəssisəsinin poçt daşımalarında iştirak etmədiyini, Poçt daşımaları müəssisənin özünə aid “Azərpoçt” yazılmış motosikletlərlə və ya “Fiat” markalı avtomobillərlə həyata keçirildiyini, Əmək Müfəttişliyi tərəfindən hadisənin formal inzibati tərkib kimi görüldüyünü, mülki münasibətlərin əsas şərti kimi tərəflərin bərabər statusda olmasının olduğunu, lakin Şahid özünün sahibkar olduğunu, onların onunla əmək müqaviləsi bağlamaqlarının mümkün olmadığını, bərabər hüquqlu subyektlər arasında əmək münasibətləri ola bilməyəcəyini, əmək müqaviləsi üzrə işləyənlərin onların rəsmi binalarında əyləşdiyini və qanuni əmək müqaviləsi üzrə əmək haqqı aldıqlarını və son da şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, Şahid 01 fevral 2023-cü il tarixdən 08 mart 2024-cü il tarixədək işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüququ qüvvəyə minmədən kuryer vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edildiyini, bununla da İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib hissəsinin yarandığını, tərəflər arasında xidməti müqavilə bağlandığını, Şahid onlara müraciətində "xxxx" MMC-də müxtəlif bağlamaların çatdırılmasında iştirak etdiyini, xidməti müqavilənin kuryer işi ilə əlaqədar bağlandığını, hüquqi şəxsin məsuliyyətdən azad edilməsinin vəzifəli şəxsi də məsuliyyətdən azad etmədiyini, burada əsas Şahid ifadəsinin olduğunu, o da ifadəsində bağlamaları və sənədləri ünvanlara çatdırdığını bildirdiyini, bunun isə hüquqi şəxsin əsas fəaliyyət istiqaməti ilə uzlaşdığını, şəxsin ifadəsində əmək müqaviləsinin bağlanılması ilə əlaqədar müraciət etsə də, bu müraciətlərə məhəl qoyulmadığını, odur ki, mübahisələndirilən 29 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şahid izahat verərək bildirmişdir ki, "xxxx" MMC-də kuryer xidməti göstərdiyini, vəzifəsinin bağlamaları ünvana çatdırmaqdan ibarət olduğunu, ümumi ərazidə olduğunu, kiçik bağlamaları motosikilla daşıdıqlarını, səhər-səhər 15-20 sifariş götürdüklərini, axşam isə qayıtdıqlarını, iş saatının 09:00-dan 18:00-a kimi olduğunu, saat 13-14 arası istirahət vaxtı olduğunu, icazəsiz heç yerə gedə bilmədiklərini, daxili intizam qaydalarına əməl olunmayacağı təqdirdə işdən azad olunacağının bildirildiyini, harasa getmək üçün icazə almalı olduqlarını, əgər icazə almadan çıxırlarsa cəzalandırıldıqlarını və ya maaşdan tutulduğunu, Zema adlı xanımın rəhbərləri olduğunu, iş yerində hakimiyyət tabeçilik və ya bərabər mulki hüquq münasibətləri olduğu sual verildikdə isə müdir- işçi tabeçilik münasibətlərinin olduğunu bildirmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X7 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən "xxxx" MMC-in direktoru X7 tərəfindən Şahid xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən kuryer vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 01/23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, bu müqavilə bir tərəfdən "xxxx" MMC-in direktoru Ş.A.Qəribzadə (bundan sonra “Sifarişçi” adlandırılacaq), digər tərəfdən fiziki şəxs Şahid (VÖEN **********) (bundan sonra “İcraçı” adlandırılacaq) aralarında müqavilənin predmeti- “Sifarişçi bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində kuryer sifarişi olduğu halda “İcraçı” tərəfindən işlərin görülməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətləri təşkil edir şərtləri ilə müqavilə bağlamış, “İcraçıya hər ay 800 manat nəzərdə tutulmuş çatdırılma həcminə görə xidmət haqqı ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işə götürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki- hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki- hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in "Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu əmək münasibətlərinə və mülkihüquqi münasibətlərə geniş və ətraflı izah vermiş, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərin daxil olduğu hüquqi münasibətlərinin bir qayda olaraq əmək münasibətləri olaraq çıxış etməsini göstərmişdir. Bunu əsaslandırarkən işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlərin əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilməsi göstərilmişdir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlərin də birdəfəlik və ya qeyrimütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola biləcəyini vurğulamış, tərəflər arasında əmək münasibətlərinin olub- olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməsini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə "xxxx" MMC-in direktoru X7 ilə Şahid arasında münasibətlərin daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə mülki-hüquqi deyil, əmək məzmunlu olması ilə razılaşır və qənaətini aşağıdakılarla əsaslandırır. a) İlkin olaraq, Şahid MMC-in intizam qaydalarına tabe olması, müqavilə üzrə şərtləşdirilmiş funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi müəyyən edilir. b) MMC və Şahid müqavilə üzrə yerinə yetiriləcək xidmət qarşılığında aylıq sabit əmək haqqı müəyyən etmişdir. Şahid və MMC arasında müəyyən hakimiyyət-tabeçilik münasibətləri olmuşdur. d) Şahid hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən vəzifəli şəxs olsa da, münasibətlər faktiki cəhətdən bərabər olan subyektlər arasında yaranan münasibətlər deyildir. e) Şahid münasibətdə iş vaxtı, istirahət vaxtı, əmək şəraiti, əmək haqqı, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normalar olmuşdur. f) Şahid münasibətdə müəssisədaxili intizam qaydaları və iş vaxtı rejimi olmuşdur. g) Şahid əmək funksiyası olmuş, tərəflər arasında bağlanılmış müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşmayan konkret işi və ya xidməti yerinə yetirmişdir. Göründüyü kimi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 tərəfindən Şahid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, iş materiallarından açıq-aydın "xxxx" MMC-nin direktoru X7 öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı Şahid ilə arasında əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin mövcud olmasının görünməsi, Şahid müəssisənin rəsmi işçisi olmadığı halda digər işçilərlə eyni qaydada əmək intizamı ilə müvafiq şəxslərə məlumat verməsi, hakimiyyət tabeçilik xusiyyətlərinin olması, icazə almadan iş yerini tərk edə bilməməsi, həmçinin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğu , aylıq sabit əmək haqqı aldığı, ("xxxx" MMC poçtların və bağlamların çatdırması ilə məşğul olur), iş vaxtı rejiminin olduğu onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dəlalət edən hallardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

17. Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X2 və onun nümayəndəsi, Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar