Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2585/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Müdafiəçi: Nümayəndə Şikayətçi "xxxx" MMC-nin direktoru Tolga Atıcının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli və MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru Tolga Atıcının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli və MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verərək, həmin qərarları ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Odeion Group" MMC-nin direktoru Atıcı Tolga barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair xx.xx.2020-ci il tarixli MN ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək, MMC-nin direktoru MN ******* nömrəli qərar ilə 700 (yeddi yüz) manat, MN ******* nömrəli qərar ilə 900 (doqquz yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edirlər ki, aşağıdakı əsaslara görə qeyd olunan qərarlar ləğv olunmalıdır. Belə ki, şikayətçilər X5 və X6 öz arzuları əsasında işdən azad olunublar. İşdən azad olunan zaman onlara əmək qanunvericiliyinə uyğun olaraq son haqq-hesab verilmişdir. Onlarla əmək müqaviləsi pozulan zaman X3 və X4 hər hansı, o cümlədən əmək hüquqları işəgötürən tərəfindən pozulmamışdır. Belə olan halda Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru Atıcı Tolga barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair “İnzibati tənbeh vermə haqqında” xx.xx.2020-ci il tarixli MN ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN ******* nömrəli Qərarlarına xitam verilməlidir. Nəzərə alınmalıdır ki, müəssisədə Məmmədov Nəzri adında işçi olmayıb. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinən "xxxx" MMC-nin direktoru Atıcı Tolganın 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsinə dair MN ******* nömrəli qərarın və 900 (doqquz yüz) manat məbləğində cərimə edilməsinə dair MN ******* nömrəli qərarın ləğv edilmələrini məhkəmədən xahiş etdi. Müdafiəçi Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək, həmçinin göstərdi ki, inzibati tənbehvermə haqqında qərar çıxarılarkən, inzibati məsuliyyətə cəlb etmə müddəti də ötürülmüşdür, 03 aydan sonra tənbeh verilmişdir. Həmçinin bildirdi ki, şikayətvermə müddətini də ötürməmişlər. Qərar onlara rəsmi qaydada çıtdırılmamışdır, icra şöbəsindən onlara bildiriblər ki əmək müfəttişliyi sizi cərimələyib, bundan sonra belə bir qərarın mövcud olub-olmaması barədə əmək müfəttişliyinə müraciət etmişlər və əmək müfəttişliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə həmin qərarlar onlara göndərilib, qərar onlara rəsmi olaraq həmin məktubla xx.xx.2032-cü il tarixdə təqdim edilmişdir. bu tarixdən də 10 gün keçməmiş xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət vermişlər. Ona görə də qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X7 bildirdi ki, şikayət əsassızdır, ona görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, inzibati xətalar uzanan inzibati xətadır, ona görə də onlara aşkar edildiyi vaxtdan 3 ay keçməmiş inzibati tənbeh verilmişdir. Həmçinin qərarın şəxsə nə vaxt rəsmi qaydada çatdırılması barədə hər hansı bir sübutları yoxdur. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən "xxxx" MMC-nin direktoru Tolga Atıcı xx.xx.2020-ci il tarixdə X4 əmək müqaviləsinə xitam verilərkən əmək məzuniyyəti haqqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yaranan nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol veridiyinə görə İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 900 manat cərimə edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən "xxxx" MMC-nin direktoru Tolga Atıcı xx.xx.2020-ci il tarixdə X3 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı ödəmədiyinə görə İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas MN ******* saylı, xx.xx.2021-ci il tarixli və MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokollar olmuşdur. Həm qərar qəbul etmiş səlahiyyətli orqanın, həm də şikayət vermiş tərəfin işin mübahisəsiz halı kimi qəbul etdiyi və iş materiallarındakı sənədlərlə müəyyən edilir ki, X4 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilib, həmin iş üzrə İXM-nin 192.4-cü maddəsi ilə Tolga Atıcı barəsində xx.xx.2021-ci il tarixdə inzibati tənbeh qərarı qəbul edilmişdir. Yəni işçinin işdən çıxarılmasından 01 il keçəndən sonra inzibati tənbeh qəərarı çıxarılmışdır. X1 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilib, həmin iş üzrə İXM-nin 192.4-cü maddəsi ilə Tolga Atıcı barəsində xx.xx.2020-ci il tarixdə inzibati tənbeh qərarı qəbul edilmişdir. Yəni işçinin işdən çıxarılmasından 03 ay 8 gün keçəndən sonra inzibati tənbeh qəərarı çıxarılmışdır. Şikayətçinin şikayətinin 2 əsası vardır. 1-ci əsas bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, o ümumiyyətlə belə bir inzibati xəta törətməmişdir. Şikayətçinin şikayətinin digər bir əsası isə bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra tənbeh verilmişdir, lakin belə halda inzibati tənbeh tətbiq edilə bilməzdi. Şikayətçinin bu 2 əsasının hər biri ayrı-ayrılıqda götürüldükdə, hər bir əsas digər əsas olmadan da müstəqil olaraq inzibati iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinin əsasını təşkil edir. Buna görə də məhkəmə şikayətçinin birinci əsasını, yəni inzibati xətanın törədilməməsi əsası ilə bağlı qeyd edir ki, bu halın müəyyən edilməsi son nəticədə inzibati tənbehin düzgün verilib verilməməsini müəyyənləşdirmək üçündür. Ona görə də inzibati məsuliyyətə cəlb etmə müddətinin tətbiqi ilə bağlı məsələ üzrə qərarın qanuniliyinin yoxlanılması və şikayət üzrə qərarın qəbul edilməsi kifayət etdiyindən, məhkəmə şikayətin bu halına qiymət verir. Həmçinin məhkəmə bu qənaətə gəlməsi iş üzrə “prosessual qənaət” prinsipinə əməl etmək baxımında da əsaslıdır. Həmçinin məhkəmə nəzərə alır ki, ümumiyyətlə İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır. Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın. Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam vrilir. Lakin hazırkı halda şikayətçi istinad edir ki, səlahiyyətli orqanda inzibati tənbeh verilənə qədər artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın qərarında, törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanmasına ümumiyyətlə fikir bildirməmişdir. Halbuki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Lakin hazırkı iş üzrə inzibati xəta uzunun inzibati xətalara aid deyildir. Çünki hazırkı inzibati xəta konkret vaxtda törədilməklə bitir. Belə ki, hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi konkret vaxtla bağlıdır. Yəni son haqq hesabın ödənilməməsi tarixi ilə bağlıdır. Bu iş üzrə tarixin əhəmiyyəti vardır. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yəni İXM-nin 192.4-cü maddəsi ƏM-in 83-cü maddəsinin 2-ci hissəsi ilə birlikdə götürüldükdə, bu inzibati xəta son haqq hesabın işçiyə verilməli olduğu sonuncu iş günü verilməməklə, həmin gün bitdiyi vaxtın səhərisi günü törədilmiş hesab edilir. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və işçinin əmək müqaviləsinə xitam verildiyi günü və son haqq-hesabın verilməli olduğu günü həmin işçinin ən azından özü bilmişdir və bununla da həmin inzibati xətanın törədilməsi artıq ona aşkar olmuşdur. Məhkəmə bir daha sadalamamaq üçün, qeyd edir ki, işçilərin işdən çıxarılması tarixi yuxarıda qeyd edilmişdir.Bununla da hər bir halda müəyyən edilir ki, törədilməsi ehtimal edilən inzibati xəta həmin tarixlərdə törədilmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri bilir ki, nəzərə almaq lazımdır ki, 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir.
1. Həmin maddə yalnız uzanan edən inzibati xətalara münasibətdə əhəmiyyət kəsb edir.
2. Həmin maddə inzibati xətanın səlahiyyətli orqana aşkar olduğu vaxtı ehtiva etmir.
3. Həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sorakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.1.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər.
4. Həmin maddə, uzanan edən inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə baş verməsi ehtimal edilən inzibati xəta ümumiyyətlə “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilmir.
Çünki oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir.
Bununla da, yuxarıda qeyd edildiyi kimi, İXM-nin 192.4-cü maddəsi ƏM-in 83-cü maddəsinin 2-ci hissəsi ilə birlikdə götürüldükdə, bu inzibati xəta son haqq hesabın işçiyə verilməli olduğu sonuncu iş günü verilməməklə, həmin gün bitdiyi vaxtın səhərisi günü törədilmiş hesab edildiyindən, artıq işçinin işdən çıxarıldığı günün səhərisi günü həmin inzibati xəta törədilmiş hesab edilir. Ona görə də həmin tarixdən hesablanmaqla, hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xətaya dair inzibati məsuliyyətə cəlb etmə müddəti olan 03 aylıq müddət müəyyən edilərkən: - işçi X4 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilib, həmin iş üzrə İXMnin 192.4-cü maddəsi ilə inzibati xəta xx.xx.2020-ci ii tarixdə törədilmiş olur. Lakin 03 aylıq müddət keçdikdən sonra Tolga Atıcı barəsində xx.xx.2021-ci il tarixdə inzibati tənbeh qərarı qəbul edilmişdir. Yəni işçinin işdən çıxarılmasından inzibati məsuliyyətə cəlb etmə müddəti keçəndən sonra inzibati tənbeh qəərarı çıxarılmışdır. - işçi X3 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilib, həmin iş üzrə İXMnin 192.4-cü maddəsi ilə inzibati xəta xx.xx.2020-ci tarixdə törədilmiş olur. Lakin 03 aylıq müddət keçdikdən sonra Tolga Atıcı barəsində xx.xx.2020-ci il tarixdə inzibati tənbeh qərarı qəbul edilmişdir. Yəni işçinin işdən çıxarılmasından inzibati məsuliyyətə cəlb etmə müddəti keçəndən sonra inzibati tənbeh qəərarı çıxarılmışdır.
Halbuki, inzibati xətanın törədildiyi vaxtı qüvvədə olan İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati tənbeh vermə xəta haqqında qərarda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati tənbeh tətbiq edilə bilməzdi. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Hər iki qərardan verilmiş şikayətə eyni vaxtda baxılaraq, şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru Tolga Atıcının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli və MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarları ləğv edilsin, həmin inzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən, Hüseyn Səfərov