Məhkəmə qərarları › İş №3(004)-2588/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2588/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2588/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Müdafiəçi: X3 iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsi, ev 15-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə 17.10.2021-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor Teymur Hacıyev) tərtib edilmişdir. Protokolda Şəxs törətdiyi əməl kimi göstərilmişdir ki, o, 17.10.2021-ci il tarixdə saat 22:30 radələrində “Mercedes” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, YPX tərəfindən saxlanılan zaman məlum olmuşdur ki, etibarnaməsi olmadan avtomobil idarə edir, avtomobilin duracağa təmin olunmasına maneə yaradaraq, avtomobili təhvil verməmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Teymur Hacıyev məhkəməyə verdiyi izahatında bildirdi ki, YPX əməkdaşları Şəxs polisin qanuni tələblərinə tabe olmaması barədə raportla bölməyə gətirmişlər, o da həmin raport əsasında hazırkı protokolu yazmışdır. DYP əməkdaşları məhkəməyə dəvət edilmişdir. hadisəni ətraflı həmin DYP əməkdaşları danışa bilərlər. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında heç bir inzibati xəta törətmədiyini qeyd edərək bildirmişdir ki, o, idarə etdiyi “Mercedes” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Statistika” tərəfindən gəlirdi, YPX əməkdaşı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu rabitə vasitəsi ilə “saxla” işarəsi verdi və o, avtomobili yolun kənarında saxladı. Polis əməkdaşı ona yaxınlaşaraq avtomobili tərk etməyini və qapıları bağlayıb, YPX avtomobilinə oturmağı söylədi. Ondan səbəbini soruşanda, qışqıraraq “bu necə maşın sürməkdi? Avtoxuliqanlıq edirsən! Otur avtomobilə” dedi. O da, mübahisə etməmək üçün YPX avtomobilinə oturdu, öz avtomobilinin açarını isə YPX əməkdaşına verdi. Adil adlı YPX əməkdaşı onun avtomobilini sürərək, polis bölməsinə gətirdi. Özü də YPX avtomobili ilə digər əməkdaş tərəfindən gətirildi. Adli adlı YPX əməkdaşının yazdığı raportla razı deyil. O, polisin qanuni tələblərinə tabe olub, ondan heç bir sənəd tələb olunmayıb. Yalnız adı və soyadı soruşulub və o, cavablandırıb. Məhkəmə iclası zamanı şahid kimi dindirilmiş X5 bildirmişdir ki, 17.10.2021-ci il tarixdə saat 22:30 radələrində xidmətdə olarkən Şəxs “Mercedes” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozmuşdur. Buna görə də ona saxla əmri vermişlər. o da irəlidə avtomobili saxlamış, sürücüdən sənədləri tələb edilmiş, sürücü onlarla kobud danışmış sənədləri təqdim etməmiş. Məlum olmuşdur ki, sürücü etibarnamə olmadan avtomobili idarə edir. Buna görə də avtomobili duracağa aparmaq tələb edilmiş, lakin sürücü avtomobili duracağa aparmasına imkan verməmişdir. Buna görə də polisin qanuni tələblərinə tabe olmama əsası ilə raport tərtib edib, sürücünü polisç bölməsinə gətirmişlər. Məhkəmə iclasında sorğu sual zamanı X5 bildirmişdir ki, “Mercedes” markalı, **- NK-*** dövlət qeydiyyat nişanlı avtomobili YPX əməkdaşı idarə edərək polis bölməsinin həyətinə gətirmişdir. Şahidə sual verilmişdir ki, əgər sürücü avtomobilin duracağa aparılmasına mane olmuşdursa, onda həmin avtomobili necə və kim sürüb polis bölməsinə gətirmişdir, YPX əməkdaşı cavab vermişdir ki, sürücü açarları təqdim etmiş, YPX əməkdaşı da avtomobili sürüb polis bölməsinə gətirmişdir. Şahidə sual verilmişdir ki, YPX əməkdaşı avtomobili sürüd bölməyə gətirərkən, sürücü harada olmuşdur, şahid cavab vermişdir ki, sürücüdən tələb edilmişdir ki, YPX avtomobilinə minsin, sürücü də YPX avtomobilinə əyləşib, YPX avtomobilində bölməyə gəlmişdir. Şahidə sual verilmişdir ki, hadisə yerinə PPX əməkdaşlarının çağırılmasına ehtiyac olmuşdurmu, şahid cavab vermişdir ki, PPX əməkdaşlarının çağırılmasına ehtiyac olmamışdır. Şahidə sual verilmişdir ki, sürücünün kobud danışması, ondan sənəd tələb edilməsi, lakin sənədlərini verməkdən imtina etməsini təsdiq edən əlavə sübut varmı və şahiddən üzərində olan s əsyazma aparatının qeydlərini təqdim etməyi və həmin qeydlərə qulaq asmaq tələb edilmişdir. lakin şahid bildirmişdir ki, əlavə sübutları yoxdur, üzərində olan səsyazma aparatının zaryadkası olmadığı üçün, sürücünü saxlayanda qeydiyyat və səs yazısı aparılmamışdır. Şahidə sual verilmişdir ki, əgər sürücü özünü təqdim etməmişdirsə, sürücü soyad və adını bildirməmişdirsə, onda haradan bildiniz ki sürücünün etibarnaməsi yoxdur. Şahid bu suala cavab verə bilməmişdir. Məhkəmə iclasında şahidlər kimi dindirilmiş X4 izahatında, şahid X2 izahatına uyğun izahat vermişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin məhkəmədə araşdırılan yuxarıdakı sübutlarla müəyyən edilir ki, YPX əməkdaşı sürücüyə saxla əmri verib, sürücü də avtomobili saxlayıb YPX əməkdaşı deyir ki, sürücü özünü təqdim etməmiş və sənədlərini verməmişdir, lakin buna baxmayaraq YPX əməkdaşı müəyyən edib ki, sürücünün etibarnaməsi olmadan avtomobili idarə edir. Belə olduğu təqdirdə sürücünün özünü təqdim etməməsi və sənəd verməməsi barədə dəlillər əsassızdır. Çünki sürücü adını və soyadını bildirməsəydi,Ö YPX əməkdaşı haradan bilə bilərdi ki, sürücünün etibarnaməsi yoxdur. YPX əməkdaşı bildirir ki, sürücü “Mercedes” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili duracağa aparmağa maneə törədib, lakin müəyyən edilir ki, məhz YPX əməkdaşının özü həmin avtomobilə oturub, özü heç bir müdaxilə olmadan avtomobili sürüb polis bölməsinə gətirmişdir. YPX əməkdaşı avtomobili tək idarə edib, sürücü isə YPX avtomobilində əyləşibdir. Belə bir vəziyyətdə YPX əməkdaşı “Mercedes” markalı, **- NK-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək oturub sürüb, həmin avtomobili duracağa da sürə bilərdi. YPX əməkdaşı bildirir ki, sürücü onunla kobud danışıb, onun suallarına cavab verməyib, lakin bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Həmçinin YPX əməkdaşı üzərində gəzdirdiyi səs yazan qurğunun sönülü olduğunu və danışıqların qeydə alınmadığını bildirmişdir. Belə olduğu təqdirdə Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetmir, bu barədə sübutlar mövcud deyildir. İş materiallarındakı 17.10.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 23:30 radələrində tutulmuşdur. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar