Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-260/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla əlaqədar Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi tərəfindən 23.12.2021-ci il tarixli, 00100-2591/21 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, 23.12.2021-ci il tarixli, 00100-2591/21 saylı inzibati xəta haqqında protokol və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Rusiya Federasiyasında fəaliyyət göstərən QOQ 'Butarustreyd” şirkəti ilə 28.09.2018-ci il tarixli müqavilə bağlayıb 17900 kq təzə pomidor yükünün dəyəri sonradan ödənilmək şərti ilə 35800 ABŞ dolları qiymətinə sataraq 18 dekabr 2018- ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********9780 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, Gömrük bəyannaməsinin 37-ci qrafasında malların “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Rusiya Federasiyasının QOQ "xxxx" şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin 24.06.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********9780 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 14110 (on dörd min yüz on) manat təşkil edən 8300 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC- nin nümayəndəsi X2 etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC ilə Rusiya Federasiyasında hüquqi qeydiyyatdan keçmiş "xxxx" MMC arasında 2018-ci ildə, ümumi məbləği 20. 000 000 (iyirmi milyon) ABŞ dolları və müddəti 2022-ci ilinin sonuna qədər olmaqla müqavilə bağlamışdır. “Agricola" MMC kənd təsərrüfatı mallarının (məhsullarının) istehsalı ilə məşğuldur və bu məqsədlə də Kənd Təsərrüfatı nazirliyinin xətti ilə ümumi məbləği 2.100 000 (iki milyon yüz min) manat olan istixana avadanlıqlarını lizinqə götürmüşdü. Həmçinin, Şəxs MMC kənd təsərrüfatı məhsullarını ixrac etmək icazəsinə malikdir. Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə görə Şəxs MMC: satıcı kimi qarşı tərəfi kənd təsərrüfatı malları ilə təmin etməli idi. "xxxx" MMC-də ona göndərilmiş ixrac malına görə, mal Rusiya Federasiyasının gömrük ərazisinə daxil olduğu gündən 30 gün ərzində ödəniş etməli idi (müqavilənin 5.2-ci bəndi). Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq Şəxs MMC 2018-ci ilin dekabr ayında ümumi çəkisi 17900 (on yeddi min doqquz yüz) kq, dəyəri 35800 (otuz beş min səkkiz yüz) ABŞ dolları olan malı "xxxx" MMC-yə göndərmişdi. Malı aldıqdan sonra "xxxx" MMC onun dəyərinin 27500 (iyirmi min yeddi yüz) ABŞ dolları məbləğini ödəmiş, qalan 8300 (səkkiz min üç yüz) ABŞ dollarını ödəməkdən imtina etmişdir. Qalan məbləğin ödənilməsi üçün qarşı tərəfə dəfələrlə müraciət etməyimizə baxmayaraq “malın Rusiya Federasiyasının sərhəddində artıq saxlanıldığına görə zay olduğunu” və ya “indi imkanımız yoxdur, növbəti mal göndərişlərində ödəyərik” kimi müxtəlif bəhanələrlə imtina etmişdir. Şəxs MMC tərəfindən ixrac olunmuş malın dəyərinin ödənilməmiş 8300 (səkkiz min üç yüz) ABŞ dolları hissəsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsi tərəfindən 00100-2591/21 saylı, 23 dekabr 2021 -ci il tarixli İnzibati xəta haqqında protokol və ona müvafiq olaraq 00100/2508 saylı, 23 dekabr 2021 -ci il tarixli qərardad qəbul edilmişdir. Hesab edirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsi tərəfindən qəbul edilmiş 00100-2591/21 saylı, 23 dekabr 2021-ci il tarixli İnzibati xəta haqqında protokolu əsassız və qanunsuzdur. Ona görə də məhkəmə tərəfindən Şəxs MMC haqqında başlanılmış inzibati tənbehin tətbiq edilməsi haqqında işə xitam verilməlidir. "xxxx" MMC tərəfindən üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinə görə Şəxs MMC-yə 8300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Şəxs MMC ödənilməmiş məbləğin ona qaytarılması üçün mümkün vasitələrin hamısını etsə də, bu zamana qədər "xxxx" MMC tərəfindən ödəniş təmin edilməmişdir. Yəni, “Agricola" MMC-nin həmin inzibati tənbeh tətbiq edilə biləcək əməlin yaranmasında heç bir təqsiri yoxdur. Həmçinin, Bakı Baş Gömrük idarəsi tərəfindən qəbul edilmiş məlum aktlarda da Şəxs MMC-nin təqsiri sübuta yetirilməmişdir. Həmçinin müəssisə olaraq yaranma məqsədimiz mülki dövriyyənin azadlığı prinsipindən istifadə edərək maddi fayda götürməkdir. Bu zaman müqavilə bağladığımız şəxslərin təqsirli əməllərinə görə bizim məsuliyyətə cəlb edilməyimiz həm qanunsuzluq həm də iqtisadi fəaliyyətimizə zərbə olardı. Həm dövlət həm də digər subyektlər qarşısında götürdüyümüz öhdəlikləri vicdanla yerinə yetirdiyimizə görə belə bir hala görə təqsirləndirilmələrinə qəti etiraz edir. Bundan əlavə, qeyd edir ki, Şəxs MMC "xxxx" MMCyə 2018-ci ilin dekabr ayında mal göndərmişdir. Tərəflər arasında bağlanılmış müqaviləyə görə alıcı - "xxxx" 30 gün ərzində malın pulunu ödəməli idi. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinə görə - inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi Bakı Baş Gömrük İdarəsi protokol tərtib edən zaman “inzibati tənbehin” tətbiq edilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti də pozmuşdur. Belə ki, Şəxs MMC 2018-ci ilin dekabrında mal göndərmiş, “Valyuta tənzimi haqqında” qanuna görə də malın pulu 180 gün (6 ay) ərzində müvəkkil banka köçürülməli idi. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən də “gömrük qaydalarının” pozulmasına inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Yəni (2018-ci ilin dekabr ayı + 180 gün (6 ay)=2019-cu ilin may ayı + 1 il=2020-ci ilin may ayı), sözü gedən hala görə Şəxs MMC-nin inzibati məsuliyyət cəlb edilərək haqqında inzibati tənbehin tətbiq edilməsi üçün prosessual müddət keçdiyi üçün də əsasız və qanunsuzdur, Həmçinin, qeyd edir ki, müqavilə Şəxs MMC i'ə “Butarustreyd" MMC arasında 2018-ci jl tarixində bağlanmışdır. Amma buna baxmayaraq Bakı Baş Gömrük idarəsi tərəfindən tərtib olunmuş protokol və qərardadda müqavilənin bağlanma tarixi səhv olaraq 28. 09. 2021-ci tarixi göstərilmişdir. Hesab edirik ki, bu, idarə tərəfindən “inzibati tənbehin tətbiq olunması” üçün qanunda göstərilmiş prosessual müddətin buraxılmasına hüquqi “don” geyindirmə cəhdidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsi tərəfindən Şəxs MMC haqqında tərtib edilmiş 00100-2591/21 saylı, 23 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolu ləğv etməklə, inzibati xəta haqqında başlanılmış məhkəmə işinə xitam verilməsini xahiş edir. Protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmədə verdiyi izahatı və iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, Şəxs MMC ilə Rusiya Federasiyasında hüquqi qeydiyyatdan keçmiş "xxxx" MMC arasında 2018-ci ildə, ümumi məbləği 20. 000 000 (iyirmi milyon) ABŞ dolları və müddəti 2022-ci ilinin sonuna qədər olmaqla müqavilə bağlamışdır. Həmin müqaviləyə görə Şəxs MMC: satıcı kimi qarşı tərəfi kənd təsərrüfatı malları ilə təmin etməli idi. "xxxx" MMC-də ona göndərilmiş ixrac malına görə, mal Rusiya Federasiyasının gömrük ərazisinə daxil olduğu gündən 30 gün ərzində ödəniş etməli idi. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq Şəxs MMC 2018-ci ilin dekabr ayında ümumi çəkisi 17900 (on yeddi min doqquz yüz) kq, dəyəri 35800 (otuz beş min səkkiz yüz) ABŞ dolları olan malı "xxxx" MMC-yə göndərmişdi. Malı aldıqdan sonra "xxxx" MMC onun dəyərinin 27500 (iyirmi min yeddi yüz) ABŞ dolları məbləğini ödəmiş, qalan 8300 (səkkiz min üç yüz) ABŞ dollarını ödəməkdən imtina etmişdir. Şəxs MMC tərəfindən ixrac olunmuş malın dəyərinin ödənilməmiş 8300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbi “malın Rusiya Federasiyasının sərhəddində artıq saxlanıldığına görə zay olduğu” və ya “indi imkan yoxdur, növbəti mal göndərişlərində ödəyərlər” kimi müxtəlif olması məlum olmuşdur. Faktiki olaraq Şəxs MMC tərəfindən ixrac olunmuş malın dəyərinin ödənilməmiş 8300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 8300 (səkkiz min üç yüz) ABŞ dollarının Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC- nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını, Şəxs MMC-nin həmin 8300 (səkkiz min üç yüz) ABŞ dollarının əldə etməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483- cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, Şəxs MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan qalan 8300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir və bunda onun təqsiri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Digər tərəfdən iş materiallarından görünür ki, Şəxs MMC 18 dekabr 2018-ci il tarixində Rusiya Federasiyasında olan şirkətə mal göndərmişdir (ixrac etmişdir) və “Valyuta tənzimi haqqında” Qanuna əsasən göndərilmiş mala dair vəsait 180 gün (6 ay) ərzində yəni 18 may 2019-cu il tarixədək müvəkkil banka köçürülməli olduğu halda bu baş verməmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin baş verdiyi (törədildiyi) 18 may 2019-cu il tarixdən hazıradək iki ildən artıq bir müddət keçmişdir. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Göründüyü kimi həmin maddəyə əsasən inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti maksimum 01 il müəyyən edilmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2. 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-260/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-260/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver