Məhkəmə qərarları › İş №3(004)-260/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-260/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-260/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin baş təhqiqatçısı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 19 dekabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 19 dekabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/021/031114 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixində **********4280 sorğu nömrəli gömrük bəyannaməsi ilə 10431,75 (on min dörd yüz otuz bir 75 sent) ABŞ dolları dəyərində “Rəqəmsal kameralar və yazan videokameralar” adlı yük Çinə ixrac olunmuşdur. Lakin, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal- ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Eyni zamanda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixində **********4280 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan ümumi məbləğ 10431,75 ABŞ dolları təşkil edir. Şəxs MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mallara dair təqdim olunan xx.xx.2024-cü il tarixində **********4280 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002-malın dəyəri mal ixrac olunduqdan sonra ödənilmək yolu ilə” qeyd olunmuşdur. Belə ki, Şəxs MMC (Satıcı) ilə müvafiq olaraq Alıcı “Xiaomi H.K.Limited” tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (10431,75 ABŞ dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan ABŞ dollarının rəsmi məzənnəsinə (1 ABŞ = 1.7000 AZN) uyğun olaraq dəyəri 17733,99 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin baş təhqiqatçısı X5 tərtib olunmuş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi Cəmiyyət barəsində protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən ixrac edilmiş malların qarşılığında pul göndərilməsədə onunj əvəzinə başqa mallar göndərilmişdir. Həmin faktı sübut edən müvafiq sənədləri məhkəmə iclasında təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi qismən sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 may 2024-cü il tarixli **********4280 nömrəli gömrük bəyannaməsindən görünür ki, 10431.75 (on min dörd yüz otuz bir dollar yetmiş beş sent) ABŞ dolları məbləğində “rəqəmsal kameralar və yazan videokameralar” məhsulu Şəxs MMC tərəfindən “Xiaomi H.K. Limited” şirkətinə ixrac edilmişdir. Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Xiaomi H.K. Limited” şirkəti tərəfindən 10377.57 ABŞ dolları dəyərində mallar Şəxs MMC-yə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 10431.75 (on min dörd yüz otuz bir dollar yetmiş beş sent) ABŞ dolları məbləğində “rəqəmsal kameralar və yazan videokameralar” məhsulu ixrac edilmişdir, həmin məbləğdə vəsait qanunvericiliklə müəyyən edilmiş müddət ərzində bank hesabına daxil olmamışdır. “Xiaomi H.K. Limited” şirkəti tərəfindən göndərilmiş 10377.57 ABŞ dolları dəyərində malların Şəxs MMC tərəfindən ixrac edilmiş 10431.75 (on min dörd yüz otuz bir dollar yetmiş beş sent) ABŞ dolları məbləğində malların qarşılığı olaraq göndərilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Beləliklədə iş materiallından görünür ki, Şəxs MMC tərəfindən 10431.75 (on min dörd yüz otuz bir dollar yetmiş beş sent) ABŞ dolları məbləğdə gəlirin ölkəyə daxil olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə inzibati xəta hadisəsinin törədildilmiş hesab edilir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 10431.75 (on min dörd yüz otuz bir dollar yetmiş beş sent) ABŞ dolları məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq 3129.52 (üç min bir yüz iyirmi doqquz dollar əlli iki sent) ABŞ dolları məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar