Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2610/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, EQ 20897528 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, EQ 20897528 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında işin icraatına xitam verilməsi və Süleyman Rüstəm-Mikayıl Rəfili küçələrinin kəsişməsindəki nişanlanmanın qanuna və standartlara uyğun formada düzəldilməsinin aidiyyatı orqana tapşırılmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək göstərmişdir ki, 1 may 2024-cü il tarixində Süleyman Rüstəm - Mikayıl Rəfıli küçələrinin kəsişməsində 3.1 "Giriş qadağandır" nişanının tələblərini pozmağı əsas gətirilərək haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddısənə əsasən 80 manat dəyərində EQ20897528 nömrəli elektron qərar qəbul olunmuşdur. Müəyyən səbəblərə görə bu qərarın düzgün olmadığını düşünmüş və buna görə də məhkəməyə müraciət etmişdir. Belə ki, qərarla razılaşmamağının ən əsas səbəbi 3.1 "Giriş qadağandır" nişanının qanuna uyğun quraşdırılmamasıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin (Yol nişanları) Vİİ. bəndində deyilir ki: "Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar". Qanunda açıq şəkildə qeyd olunub kı, nişanlar yolun sağ tərəfində qurulmalıdır. Həmin kəsişmədəki 3.1 nişanının yolun sol tərəfində olması qarşıdan baxanda elə anlaşılır ki, sanki sola dönmək qadağandır, çünki nişan sol tərəfdəki yolun sağ tərəfində quraşdırılıb. Həmçinin yol ayrıcının qarşısında 4.1.6 "Sağa və ya sola hərəkət" məcburi hərəkət istiqaməti nişanının və ya yerdə 1.18 nişanlanma xətlərinin olmaması bütün istiqamətlərdə hərəkətə icazə verir və bu da qarşıdakı 3.1 nişanı ilə ziddiyyətlidir. Cari ilin əvvəlində "Avto FM" radiosunun qonağı olan BŞDYPİ-nin Baş İnspektoru Polis X6 bu mövzuda "Svetofor və ya yol nişanı yolun solunda quraşdırılıbsa, sürücü onun tələblərinə riayət etməlidirmi?" sualı ünvanlanmış və Araz bəy bu suala belə cavab vermişdir ki, "Sol tərəfdə nişan yalnız sağ tərəfdə də nişan olmaqla quraşdırıla biləcəyini qeyd etmişdir. Yəni sağdakı nişanın solda təkrarlanması qəbahət və qanun pozuntusu olmadığı qeyd edilmişdir. Amma sol tərəfdə yalnızca qurulan nişan “Yol hərəkəti haqqında” qanunun tələblərinin pozulması deməkdir. Bunun məsuliyyətini hərəkət iştirakçıları yox, həmin nişanı təşkil edən qurum daşıyır". Odur ki, bunları nəzərə alaraq barəsində tətbiq olunmuş EQ20897528 nömrəli elektron qərarın ləğv edilməsi, inzibati xəta haqqında işin icraatına xitam verilməsi və Süleyman Rüstəm - Mikayıl Rəfıli küçələrinin kəsişməsindəki nişanlanmanın qanuna və standartlara uyğun formada düzəldilməsi aidiyyatı orqana tapşırılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024cü il tarixli, EQ 20897528 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 01 may 2024-cü il tarixli, EQ 20897528 nömrəli qərarından görünür ki, X3 01 may 2024-cü il tarixdə, saat 10:26-da Bakı şəhəri, M.Rəfili-S.Rüstəm küçələrinin kəsişməsində idarə etdiyi “BYD SONG PLUS” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuş və bununla da AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Şikayətə əlavə edilmiş fotoşəkildən görünür ki, inzibati xətanın törədildiyi yerdə yolun sol istiqamətində olan qadağanedici nişana çatmamışdan əvvəl yolun hərəkət istiqamətində, sağ istiqamətində olan qadağanedici nişan mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin Vİİ bəndinə əsasən Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 01 may 2024-cü il tarixli, EQ 20897528 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində olan 01 may 2024-cü il tarixli, EQ 20897528 nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, hadisənin videogörüntüsünə baxış keçirilməli, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, EQ 20897528 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, EQ 20897528 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2610/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2610/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver