Məhkəmə qərarları › İş №3(004)-2617/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2617/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2617/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Eduardoviçin, onun vəkili Vəkil, tərcüməçi X5 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Eduardoviçin barəsində Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Eduardoviç Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 14189/2019 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru İ.Cəfərov bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 14189/2019 saylı icra vərəqəsinə əsasən Şəxs Eduardoviçdən üç uşağın saxlanması üçün hər ay 1000 manat olmaqla, cəmi 3000 manat aliment tutularaq X3 ödənilməlidir. Lakin Şəxs Eduardoviç icra vərəqəsinin icrasını üzrsüz səbəbdən tam yerinə yetirməmişdir. Belə ki, onun 9000 manat aliment borcu olmuş, qızları Elisa və Alinanın saxlanması üçün 6000 manat ödəniş etsə də, Edvard adlı oğlunun saxlanması üçün ödənilməli olan 3000 manat aliment borcunu X3 ödəməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Eduardoviç məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, icra sənədinə əsasən birgə nikahdan olan üç uşağın anaları X2 yanında qalması və onların saxlanması üçün hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat alimentin ondan tutulub F.Məmmədovaya ödənilməlidir. Tələbin könüllü icrası barədə bildirşi o, xx.xx.2020-ci il tarixdə almış, elə həmin tarixdə 2000 manat, səhəri gün isə 4000 manat məbləğində alimenti ödəmişdir. Lakin buna baxmayaraq icra məmuru hal-hazırda onunla yaşayan Edvard adlı uşağın saxlanması üçün də 3000 manat alimentin F.Məmmədovaya ödənilməsini tələb etmişdir. O, Edvardın onunla yaşadığını bildirərək, həmin alimenti ödəməkdən imtina etmişdir. Belə ki, həm Edvard, həm də digər iki uşağı Elisa və Almila bu ilin avqust ayınadək onunla yaşamış, lakin avqust ayında qızları anasının yanına verilmişdir. Edvard isə hələ də onunla yaşayır. Onun bütün tələbatlarını özü ödəyir. Buna görə də o, həmin alimenti ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, barəsində barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Eduardoviçin vəkili Vəkil bildirmişdir ki, tələbin könüllü icra müddəti – 10 gün müddət başa çatmadığı halda icra məmurunun borclu barəsində inzibati xəta haqqında protokol tərtib etməsi əsassızdır. Eyni zamanda, borcludan tələb edilən aliment indiyədək borclunun yanında qalan və hal-hazırda da qalmaqda davam edən Edvard üçün tələb edilir. Ümumiyyətlə, uşaq anasının yanında qalmaq istəmir. Hətta, Şəxs Eduardoviç iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 Andreyeviçin saxlanması üçün X1 aliment tutulmasını tələb etmişdir. Həmin işdə X7 qarşılıqlı iddia ərizəsi verərək, uşağın atadan alınaraq ona verilməsini tələb etmişdir. Bu isə onu təsdiq edir ki, Edvard faktiki olaraq anasının yox, atasının yanındadır. Belə olan halda isə X3 bu uşaq üçün aliment ödənilməsi əsassızdır. Göstərilənlərə əsasən, Şəxs Eduardoviçin barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməicra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs Eduardoviçin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki,Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14189/2019 saylı icra sənədinə əsasən, yetkinlik yaşına çatmayan X15 Andreyeviç, X9 və X6 anaları X2 yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq F.Məmmədovaya ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan icra məmuru İlyas Cəfərov, borclu Şəxs Eduardoviç, hal şahidləri X12 və X10 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, tələbin könüllü icrası barədə bildiriş Şəxs Eduardoviçə təqdim edilmiş, həmin vaxt atasının yanında olan X15 Andreyeviç atası ilə qalmaq istədiyini bildirmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şəxs Eduardoviç tərəfindən X2 hesabına xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə isə 4000 manat məbləğində aliment ödənişi edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs Eduardoviçin barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, icra məmuru, borclu tərəfindən tələbin könüllü icra edilməsindən imtina edilmədiyi və bunun üçün qanunla müəyyən edilmiş müddət keçmədiyi halda, yəni inzibati xəta hadisəsi olmadığı halda əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin könüllü icrası müddəti keçmədiyindən və həmin müddət ərzində Şəxs Eduardoviç tərəfindən X2 yanında olan iki uşağa görə aliment ödənişi edildiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs Eduardoviçin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Eduardoviçin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar