Məhkəmə qərarları › İş №3(004)-2637/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2637/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2637/2021 05.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında 20.10.2021-ci il tarixli MN №0248453 saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin rəhbəri X4 bildirdi ki, inzibati araşdırma düzgün aparılmayıb, prosessual pozuntulara yol verilib. Sahibkarlıq subyektlərində yoxlama Ədliyyə Nazirliyinin icazəsi ilə olmalıdır, lakin bu cür yoxlamanın aparılması üçün icazə alınmamışdır. Bu səbəbdən də sənədlərin geri qaytarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 bildirdi ki, yoxlama Ədliyyə Nazirliyindən icazə alındıqdan sonra aparılmışdır, bu barədə sənədlər mövcuddur, ona görə də həmin sənədlər əsasında işə baxıb qərar çıxarılmasını xahiş etdi. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi tərəfindən verilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 05.11.2021-ci il tarixli, KY211655815 saylı Çıxarışa əsasən müəyyən edilir ki, həmin çıxarışla növbədənkənar vergi yoxlamasına icazə verilib və yoxlamanın təyin edilməsi üçün əsas Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi olmuşdur. Verigəl Məcəlləsi maddə 38.3.5. Göründüyü kimi yoxlamanın məqsədi və yoxlama üçün alınmış Ədliyyə Nazirliyi tərəfindən verilmiş çıxarışda yalnız VM-nin 38.3.5-ci maddəsi üzrə, yəni vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə yol verilən hallarla bağlıdır. Həmçinin Ədliyyə Nazirliyi tərəfindən verilmiş çıxarışda həm də qeyd edilmişdir ki, yoxlamanın predmeti və hüquqi əsası vergi qanunvericiliyinə əməl edilməsi ilə əlaqədar olmuşdur. Lakin hazırkı protokol həmin yoxlamanın nəticəsi üzrə tərtib edilmişdir. Belə olduğu təqdirdə hazırkı yoxlamaya “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsi vəziyyətiin yoxlaması ilə əlaqədar razılıq alınmamışdır. Belə bir sübut məhkəməyə təqdim edilməmişdir, iş materiallarında mövcud deyildir. Əks yanaşma, yəni Ədliyyə Nazirliyi tərəfindən verilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” göstərilməyən yoxlama predmetinə aid olmayan, bütün hər bir şeyin yoxlanılmasının da mümkün olması son nəticədə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun müəyyən etdiyi tələbləri, yəni Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri əhəmiyyətsiz edər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 4.2.4-cü maddəsinə əsasən yoxlamalar sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi prinsipi əsasında aparılır. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılsın. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar