Məhkəmə qərarları › İş №3(004)-264/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-264/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-264/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 28 dekabr 2023-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində (istifadəsində) olan “Toyota Land-Cruiser-Prado” (minik) markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Mədəniyyə Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə bildirdi ki, Bakı şəhəri Yasamal rayon DYPŞ-si tərəfindən onlara xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə sorğu göndərilmişdir. “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC tərəfindən isə həmin sorğulara xx.xx.2023-cü il tarixdə şəxsən Bakı şəhəri Yasamal rayon DYPŞ-nin əməkdaşına imza etdirməklə cavab verilmişdir. Bundan başqa Cəmiyyət tərəfindən mütəmadi olaraq DYPŞ-nə istifadəsində olan nəqliyyat vasitələrinin sürücüləri barədə məlumat verilməsi təmin edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş məktublardan görünür ki, daha öncədən DYPŞ-nin məlumatı olmuşdur qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü o özü olmuşdur. Hazırki məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-yə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:02-də Bakı-Qazax yolunun 337.99-cu kilometrliyində MMC-nin mülkiyyətində (istifadəsində) olan «Toyota Land-Cruiser-Prado” (minik) markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SX007127672AZ” və “SX007133386AZ” ştrix kodlu xəbərnamələrdəki qeyddən görünür ki, sorğular 28 noyabr 2023-cü il və 04 dekabr 2023-cü il tarixdə ünvan sahibinə çatdırılmış və “Qəmbərova N” soyadlı “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC–nin əməkdaşı tərəfindən imza olunmaqla qəbul edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 18 yanvar 2024-cü il tarixli 3-27-109-2/114 nömrəli cavab məktubundan müəyyən edilir ki, X6 tərəfindən "X3, Tədqiqatı və Monitorinqi Mərkəzi"nə göndərilən SX007133386AZ ştrix kodlu məktub xx.xx.2023-cü il tarixində 122 saylı PŞ-də qəbul olunmuş, xx.xx.2023-cü il tarixində xidmət ərazisi üzrə 29 saylı PŞ-yə daxil olmuş və xx.xx.2023-cü il tarixində çatdırma vərəqinə imza etdirməklə ünvanı üzrə çatdırılmışdır. Məktubun xəbərnaməsi isə, xx.xx.2023-cü il tarixində geri, göndəriciyə qaytarılmışdır. SX007127672AZ ştrix kodlu məktub xx.xx.2023-cü il tarixində 122 saylı PŞ-də qəbul olunmuş, xx.xx.2023-cü il tarixində xidmət ərazisi üzrə 29 saylı PŞ-yə daxil olmuş və çatdırma vərəqinə imza etdirməklə xx.xx.2023-cü il tarixində ünvanı üzrə çatdırılmışdır. Məktubun xəbərnaməsi isə, xx.xx.2023-cü il tarixində geri, göndəriciyə qaytarılmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, səlahiyyətli orqan tərəfindən verilmiş sorğu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməkdaşı- “Qəmbərova N” tərəfindən imzalanaraq qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, qeyd edilən xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurum xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə, bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunmalıdır ki, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Mədəniyyə Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “X3, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 may 2023-cü il tarixli və 07 avqust 2023-cü il tarixli məktublarından müəyyən edilir ki, Cəmiyyətin balansında olan “Toyota Land-Cruiser- Prado” (minik) markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” (minik) markalı **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri, yəni Nümayəndə (sürücülük vəsiqəsi və seriya nömrəsi AD 219503) və X2 (sürücülük vəsiqəsi və seriya nömrəsi BB 209824) tərəfindən idarə olunur. Qeyd olunan məktublar Yasamal RPİ-nin DYPŞ-nin zərflər üçün möhürü ilə təsdiq edilməklə təhvil alınmışdır. Beləliklə, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyə Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "X3, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC-nin mülkiyyətində olan «Toyota Land-Cruiser-Prado” (minik) markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olan Nümayəndə (sürücülük vəsiqəsi və seriya nömrəsi AD 219503) anket məlumatları, o cümlədən ona məxsus sürücülük vəsiqəsinin rekvizitləri barədə məlumatlar mərkəzi informasiya sistemində əvvəlcədən mövcud olmuşdur. Həmin məlumatların həqiqiliyinə, yəni qeyd olunan məlumatları vaxtında sistemə yerləşdirmək və ya çıxarmaq vəzifəsi daşıyan protokol tərtib etmiş səlahiyyətli orqan isə bu barədə kifayət qədər məlumatlı olmasına baxmayaraq hüquqi şəxs barəsində əsassız olaraq İXM-nin 347-ci maddəsi ilə protokol tərtib etmişdir. Dolayısı ilə protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nin məktubda aparılan qeydiyyata əsasən xx.xx.2023-cü il tarixdən artıq «Toyota Land-Cruiser-Prado” (minik) markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olan Nümayəndə (sürücülük vəsiqəsi və seriya nömrəsi AD 219503) anket məlumatları barədə məlumatlı olmuşdur. Bununla da belə, verilən sorğuya Cəmiyyət tərəfindən təkrarən cavab verilmiş, cavab məktubundan da sürücünün eyni şəxs olması müəyyən edilmişdir. İş materiallarından həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiəsini qurmaq hüququndan məhrum edilmişdir. Belə olan halda hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlı olan səlahiyyətli orqanın hər hansı bir zərurət olmadan buna dair hüquqi şəxsə tarixi bəlli olmayan sorğu ünvanlaması və həmin hüquqi şəxsin bu sorğuya 5 gün ərzində cavab verməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mədəniyyə Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "X3, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Azərbaycan Respublikası Mədəniyyə Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "X3, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, "X3, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Mədəniyyə Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "X3, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 28 dekar 2023-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar