Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2641/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nüməyəndəsi X1 iştirakı ilə, Aypara Lizinq” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 15 oktyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 15 oktyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “Mercedes Benz Vito115 CDİ” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları Şəxs MMC səlahiyyətli orqanın inzibati xətanın törədilməsi barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edib onun əsassız olduğunu bildirərək ifadəsində göstərmişdir ki, Şəxs MMC tərəfindən Yasamal RPİ-nə məktub ünvanlanaraq cəmiyyətin hüquqi ünvanının avtomobillərin satışı bazaranın ünvanı olduğu bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, poçt xidməti həmin zərflərin çatdırılmasında çətinlik çəkdiyindən məktubların şirkətin faktiki ünvanı olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28D/Az1025 ünvanına göndərilməsi xahiş edilmişdir. Lakin qeyd edilən inzibati xəta ilə bağlı hər hansı sorğu cəmiyyətə daxil olmamışdır. Xəbərnamədə qeyd edilmiş Əhmədova soyadlı hər hansı bir əməkdaşları yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, ŞəxsMMC-nin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-nə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Mercedes Benz Vito115 CDİ” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 24.09.2021-ci il tarixdə saat 12:08-də Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS740330891AZ” nömrəli ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 04 oktyabr 2021-ci il tarixdə Şəxs MMC-nə çatdırılmış və xəbərnaməyə Əhmədova tərəfindən imza edilməklə qəbul edilmişdir. Bundan başqa xəbərnamə üzərindəki “SS740330891AZ” nömrəli ştrix kodu “Azərpoçt" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğu 05 oktyabr 2021-ci il tarixdə ünvan sahibi Şəxs MMC-yə rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol ev 4-dür. Şəxs MMC tərəfindən Yasamal RPİ-nə ünvananmış və qurum tərəfindən 18.11.2020ci il tarixdə qəbul edilmiş məktubdan görünür ki, Şəxs MMC-yə məxsus avtomobillərə dair bütün sorğuların şirkətin faktiki ünvanı olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28D/AZ1025 ünvanına göndərilməsi xahiş edilmişdir. Belə ki, Şəxs MMC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol 4 ünvanı avtomobillərin satışı bazarının ünvanıdır. Həmin ərazidə satış mağazalarının çoxluğundan poçt xidməti həmin zərflərin çatdırılmasında çətinlik çəkir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Beləliklə məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən sözügedən sorğu Şəxs MMC-nin məktubunda qeyd etdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28D ünvanına göndərilməmiş, onun əvəzinə hüquqi ünvanı olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol 4 ünvanına məlumat verilmişdir. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilən sorğunun Şəxs MMC-nin tərəfindən alınmasını təsdiqləyəcək heç bir sübut iş materiallarında öz əksini tapmamışdır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilmiş sorğunun Şəxs MMC tərəfindən almasını təsdiqləyəcək xəbərnamə əsas götürülərək iş materiallarına əlavə edilsə də, müəyyən edilmişdir ki, sözügedən sorğu cəmiyyətin məktubda qeyd etdiyi göstərilən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28D ünvanına deyil Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol 4 ünvanına göndərilmişdir. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan poçt xəbərnaməsinin Şəxs MMC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X4 Şöbəsi tərəfindən tərtib olunmuş 15 oktyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X4 Şöbəsi tərəfindən tərtib olunmuş 15 oktyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2641/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2641/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver