Məhkəmə qərarları › İş №3(004)-2643/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2643/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2643/2024 22.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN 11480449 saylı, 22 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(004)-1863/2023 saylı icra vərəqəsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, qətnamə ona təqdim edilmədiyi üçün şikayət verə bilməmiş, buna görə də icra vərəqəsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bugünədək heç bir ödəniş etməmişdir. Hazırda 500 manat ödəmiş və göstərilən halları nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 hazırda Şəxs 500 manatı qəbul etdiyini, hazırda şikayət və tələbinin olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(004)- 1863/2023 saylı icra vərəqəsinə əsasən 25660 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166,98 manat pulun cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 05 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(004)-1863/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası barədə” 05 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş 25 oktyabr 2023-cü il tarixdə Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. “Borclunun axtarılması haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 8(004)- 87/2024 saylı qərarından görünür ki, Şəxs barəsində 18 may 2023-cü il tarixli, 2(004)- 1863/2023 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X4 təqdimatı təmin edilmiş, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 22 may 2024-cü il tarixli izahatında o, qətnamənin məhkəmə tərəfindən ona təqdim edilmədiyini, buna görə də şikayət verə bilmədiyini, icra sənədi üzrə tələbi yuxarıda qeyd etdiyi səbəbdən icra edə bilmədiyini, bu günədək heç bir ödəniş etmədiyini, adına daşınar və ya daşınmaz əmlakın olmadığını qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə borclu Şəxs tərəfindən tələbkar X3 500 manat məbləğdə ödəniş edilmiş və X5 həmin məbləği qəbul etmişdir. X5 tərəfindən təqdim edilmiş 22 may 2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən Şəxs borcunun müəyyən hissəsini zərərçəkmiş şəxsə ödəmiş və qalan məbləğin gələn aydan başlayaraq ödənilməsi üçün zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış,həmin borcun 500 manat hissəsini zərərəçəkmiş şəxsə ödəmişdir ki, göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar