Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2643/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə Şikayətçi Bakı şəhəri 18 nömrəli məktəbin direktoru X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 27 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı ilə barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaların tərəfindən törədildiyi qeyd olunmuş və Məcəllənin 114-cü və 115-ci maddəsi tətbiq edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır: Qərarda qeyd edilmişdir ki, Bakı şəhəri 18 nömrəli məktəbin işçisi X6 iş günü hesab edilməyən bayram günü və ümumxalq hüzn günü qabağı iş günün müddətinin bir saat qısaldılmadığı və həmin çalışdığı artıq saatlara görə ödənişlərin olunmadığı müəyyən edilmişdir. Bununla bağlı bildirir ki, X8 həmin günlərdə qanunvericiliyə uyğun olaraq faktiki şəkildə 7 saat işləyərək iş yerini vaxtında tərk etmişdir. Lakin tabel cədvəlinin tərtibində texniki səhvənmə nəticəsində sözügedən günlərdə əmək vaxtı 7 saat əvəzinə 8 saat olaraq qeydə alınmışdır. Bu isə əmək vaxtının qısaldılmadığı barədə yanlış təəssürat yaratmışdır. İşçinin faktiki iş saatı qanunvericiliyə tam uyğun olduğundan və həmin günlərdə artıq iş saatı yerinə yetirilmədiyindən, əlavə əməkhaqqı ödənilməsinə əsas yoxdur. Qeyd edilən hal sırf mexaniki səhv səbəbilə baş vermiş, əmək hüquqlarının pozulması və ya qəsdən hərəkət faktı ilə bağlı olmamışdır. İşçinin özü - X8 da məsələ ilə bağlı verdiyi məlumatda həmin günlərdə iş vaxtını qanunvericiliyə uyğun olaraq başa vurduğunu, yəni vaxtında çıxıb artıq saat işləmədiyini açıq şəkildə bildirmişdir. Bu səbəbdən artıq saatlara görə əməkhaqqı ödənilməsinə hər hansı hüquqi və faktiki əsas mövcud deyil. Yuxarıda qeyd olunanlardan görünür ki, “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar ədalətli olmamış, qanunla qorunan ictimai münasibətlərə qəsd edən əməl mövcud olmamış, əməldə inzibati xəta əlamətlərinin bütün tərkibi mövcud olmamış, qərarda qeyd olunan əməlin törədilməsində onun təqsiri olmamış, qərarda qeyd olunan əməl onun öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayətin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını və mübahisləndirilən qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, texniki səhv olmuşdur. Şikayətçi 1000 manat cərimə olunmuşdur. Məktəbdə xadimə işləyən xanım məktəbin idman zalının təmizliyi ilə məşğul olmuşdur. Buna görə idman zalına baxan müəllim hər ay ardıcıl xadiməyə 5-10 manat pul vermişdir. Təşəkkür əlaməti olaraq. Lakin bir perioddan sonra həmin ödənişlər dayanmışdır. Qeyd edir ki, müəllimin belə bir öhdəliyi olmamışdır. Sadəcə hörmət etmişdir. Bu pulların dayanmasını xadimə hüquqlarının pozulması kimi düşünmüşdür. Ona görə Dost Xidmətinə müraciət etmişdir. Orada isə xanıma deyilmişdir ki, aranızda müqavilə olmalıdır. Ancaq o zaman kömək edə bilərik. Bu zaman ona bir əməkdaş yaxınlaşıb və xanım üçün ərizə yazıb. Xadimə xanım isə ərizəni oxumadan imzalamışdır. Özü də məhkəməyə gəlmişdir, şahid kimi ifadə vermək istəyir. Həmin bu ərizədən bir müddət sonra məktəbə yoxlama gəlmişdir. Daxili araşdırma olub, məlum olub ki, məktəbdə xadimə işləyən Şəhla Əliyeva məktəbin direktorundan şikayət vermişdir. Lakin özündən izahat alınanda onun məktəbin direktorundan hər hansı şikayəti olmaması aydın olmuşdur. Xanım özü də nə baş verdiyini anlamamışdır. Buna baxmayaraq X9 öz araşdırmasını aparmışdır. Araşdırma əsasəndə müəyyən olunub ki, X12 iş saatı Bayram və matəm günlərindən qabaq 8 saat müəyyən olunub. Amma 8 saatın pulu ödənilməyib. Bu da nöqsan kimi müəyyən olunub. X16 özü də 7 saat işlədiyini bildirmişdir. Cədvəlləri təqdim edir. Elxan Məmmədov burada təsərrüfat müdiridir. Texniki səhv qaydasında hamısı 8 saat müəyyən olunsa da, 7 saat faktiki işləyib. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X8 bildirmişdir ki, o, 18 saylı məktəbdə xadimə işləyir, heç kimdən şikayət etməmişdir. Onlar idman zalını təmizləyirdilər. Orada buna görə əlavə pul verilirdi. Sonra müəllimlər bu pulu dayandırdı. O da vəzifələrinin dəqiq müəyyən olunması üçün Dost Xidmətinə müraciət etdi. Orada ona müqavilə barədə bildirdilər. Əgər müqaviləsi olsa idi, əlavə haqq tələb edə bilərdi. Bununla da məsələ bağlandı. Həmin imzaladığı şikayətin surəti özündəyoxdur. Bəli, mart ayında xəstə olmuş, işə saat 8-də gedir. Səhər saat 8-də gəlir işə, təxmini 4-ün yarısı işdən çıxır. 7 saat işləyir. Məhkəmə iclasında iştirak edən X7 bildirmişdir ki, 18 saylı məktəbdə təsərrüfat müdiri işləyir. Həm də direktor müavini sayılır. Direktorun 4 müavini var. X8 onların məktəbində xadimə işləyir. Gün ərzində saat 8-dən 4-ə kimi işləyir. Nahar fasiləsi də var. Həmin fasilədə işləmirlər, istirahət edirlər. Cədvəlləri təqdim edə bilər. 8 saat rəsmi yazılıb, çünki elə iş saatları 8 saatdır. Şəhla Əliyeva və digər xadimələr 8 saat işləyir. Adi günlərdə 8 saat. Bayram günlərində əvvəlki gün 1 saat azaldırlar mütləq şəkildə. Mühasibatlıq 8 qeyd edib. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 yanvar 2025-ci il tarixli, X6 iş günü hesab edilməyən bayram günü və ümumi hüzn günü qabağı iş gününün müddətinin 1 saat qısaldılmadığı və həmin çalışdığı saatlara görə əlavə ödənişlərin olmadığı müəyyən edilmişdir. X3 AR İXMnin 192.4-cü maddəsində nəzərdə tutulan əməli törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. Hazırkı iş üzrə şikayətdə göstərilmişdir ki, X8 üçün tabel cədvəlinin tərtibində texniki səhvənmə nəticəsində əmək vaxtı 7 saat əvəzinə 8 saat olaraq qeydə alınmışdır. Lakin iş mataeriallarında olan sənədlərdən müəyyən edilir ki, təkcə həmin tarixdə deyil, ümumiyyətlə təqdim olunan bütün tabel cədvəllərində X6 8 saat işləməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bu hal texniki səhv kimi qəbul oluna bilməz, tabel cədvəlində isə işçiyə 8 saat iş vaxtı müəyyən edildiyi halda cəmi 7 saata görə əmək haqqının ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Şikayət verən şəxs vermiş olduğu şikayətdə cədvəlin texniki səhv ucbatından səhv yazıldığını qeyd etsə də təqdim olunmuş bütün aylar üçün olan cədvəllər eyni olmuşdur və hər birində bayram və hüzn günləri nəzərə alınmadan iş saatları 8 saat hesablanmışdır. Odur ki məhkəmə qeyd edir ki, bu halın texniki səhv səbəbindən baş verməsi həqiqətə uyğun deyil. Belə olduğu halda işçinin qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 27 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2643/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2643/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver