Məhkəmə qərarları › İş №3(004)-2673/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2673/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2673/2024 24.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 21 may 2024-cü il tarixli, İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə EQ 18926010 nömrəli protokol üzrə cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Bundan başqa, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 21 may 2024-cü il tarixli, İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə EQ 18899975 nömrəli protokol üzrə cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi gündən 3 ay əvvəl şəxsə çatdırılması iş üzrə sübut edilmir. İş materiallarına cərimə qərarının ümumiyyətlə şəxsə çatdırılmasına dair hər hansı bir sübut, poçt sənədi, elektron kabinet vasitəsilə və ya SMS vasitəsilə çatdırılmışdırsa, bunu təsdiq edən sübut, ümumiyyətlə hər hansı bir formada çatdırılmanı təsdiq edəcək sübut mövcud deyildir, bu barədə əsaslandırma aparılmamışdır. Bununla da İXM-nin 529.3-cü maddəsi ilə hazırkı protokol tərtib edilməzdən 3 ay əvvəl cərimə qərarının şəxsə çatdırılmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir. İXM-nin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir Lakin hazırkı iş üzrə cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan sonra İXMnin 125-ci və 57-ci maddəsində göstərilmiş qaydalarda, yəni elektron kabinetinə yerləşdirmə, mobil telefon nömrəyə SMS göndərmə vasitəsilə və ya kağız daşıyıcıda çap olunaraq çatdırılması sübut edilmir, bu barədə sübutlar mövcud deyildir. Cərimə qərarı barədə 3 ay əvvəl məlumatlandırma İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilən ana qədər mövcud olmalıdır. Çünki protokol tərtib edilənə qədər şəxsin əməlində inzibati xəta tərkibi mövcud olmalıdır. Protokol tərtib edilən anda məlumatlandırmadan 3 aylıq müddətin keçməməsi, lakin həmin protokola məhkəmədə baxılarkən, artıq cərimə qərarı barədə məlumatlandırmadan 3 ay vaxtın keçməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. İnzibati xəta tərkibinini bütün əlamətləri protokol tərtiib edilən anda mövcud olmalıdır. Ona görə də 3 aylıq məlumatlandırmanın əhəmiyyəti protokol tərtib edilən ana qədərdir, bundan sonra əhəmiyyətə malik deyil. Protokol tərtib edildikdən sonra məlumatlandırmaya dair 3 aylıq müddətin tamam olması şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Beləliklə, hazırkı protokolda və əlavə edilmiş materiallarda İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərardan 3 ay əvvəl xəbərdar olması, qərarın ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsini, onun həmin qərarı almasını, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı protokola əlavə edilməmişdir. Çünki qərar icra edilməsi üçün qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar İXM-in 125 və 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız İXM-in 57, 125, 130, 138-ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Bunun üçün isə cərimə qərarının İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması barədə sübut hazırkı protokola əlavə edilməlidir. Hazırkı protokola nəinki belə bir sübut, ümumiyyətlə cərimə qərarının 3 ay əvvəl göndərilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Beləliklə də inzibati cərimə növündə inzibati tənbeh edilmiş şəxs həmin qərar barədə İXM-in 57, 125-ci maddəsinin tələblərinə əməl edilməklə məlumatlandırılmadan, belə məlumatlandırılma həyata keçirildikdə isə 3 aylıq müddət gözlənilmədən İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilir, bununla da İXM-in tələbləri pozulur. Bundan başqa Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 21 may 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə 19 avqust 2023-cü il tarixli EQ 16365074 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Hazırkı iş üzrə EQ 16365074 saylı cərimə qərarı 19 avqust 2023-cü il tarixdə qəbul edilib. Həmin tarixdən hesablanmaqla 20 günlük şikayətvermə müddətinin bitdiyi günün səhəri günü, yəni 08 sentyabr 2023-cü il tarixdə qərar qanuni qüvvəyə minir. Həmin günün səhəri günündən hesablanmaqla, 3 ay ərzində yəni 09 sentyabr 2023-cü il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixin səhəri günündən, yəni 10 sentyabr 2023-cü il tarixdən hesablanmaqla şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Şəxs İXM-nin 529.3-cü maddəsi ilə 4 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bildiyindən, həmin tarixdən hesablanmaqla 4 aylıq müddətə 10 yanvar 2024-cü il tarixdə bitir. Həmin tarixdən sonra inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, şəxs hazırkı tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, bununla da yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXMnin 529.3-cü maddəsinə münasibətdə 04 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. Cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 04 ay müddətində tərtib edilə bilər. Bu sonuncu 04 ay müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yəni, cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 ay keçdikdən sonra şəxs İXMnin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilir, ona görə də şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati iş üzrə icraat başlana bilməz, protokol tərtib edilə bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 aylıq müddət keçdiyindən, inzibati məsuliyyətdən azad olunmuş şəxs barəsində İXM-nin 529.3cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə material daxil olmuşdur. Bununla da şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, həmin iş üzrə başlanmış icraata xitam verilməli olduğundan, həmçinin göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasların yarandığı vaxtı iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, səlahiyyətli orqan həmin iş üzrə icraata xitam verməli olduğu halda, buna əməl etməyib inzibati məsuliyyətdən azad edilmiş şəxs barədə materialları məhkəməyə göndərmişdir. Halbu ki, İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən işin məhkəmədə icraatını rədd edən hallar vardır. Lakin iş artıq məhkəməyə göndəridiyi üçün, həmin işin icraatına hazırlıq mərhələsində xitam verilməlidir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlarla şəxsin təqsiri sübuta yetirilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək baxılsın. İnzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadıq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar