Məhkəmə qərarları › İş №3(004)-2684/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2684/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2684/2022 13.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli qızının sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz E270” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, “Mersedes Benz” markalı **-RD-*** d.q.n-lı avtomobili etibarnamə və В dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 21 aprel 2022-ci il tarixdə günorta saatlarında şəxsi işi ilə əlaqədar olaraq rayondan Bakı şəhərinə gəlmiş və təxminən saat 22:20 radələrində Bakı şəhərinə çataraq “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yaşayan dostu Səidin yanına getmək üçün A.M.Şərifzadə küçəsi ilə üzü “Asan Xidmət” istiqamətində hərəkətdə olan zaman A.M.Şərifzadə küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsində dayanıb sola, yəni A.Abbasov küçəsinə dönmək istədiyi üçün gözləmiş və bu zaman sağında və solunda hərəkətdə olan avtomobillər dayandıqda hərəkət edə biləcəyini düşünərək sola döndükdə əks istiqamətdən gələn “Toyota” markalı avtomobil ilə toqquşmuşdur. Bundan sonra avtomobildən enərək həmin avtomobilin sürücüsünə yaxınlaşaraq köməklik göstərib təcili yardım briqadası çağırmışdır. Hazırda onun maddi vəziyyəti pisdi. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirmişdir ki, 21 aprel 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində idarə etdiyi “Toyota Corolla” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə üzü 20 yanvar dairəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman A.M.Şərifzadə küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsində A.Abbasov küçəsinə dönmək üçün əks istiqamətdə dayanan avtomobil qəflətən onun yoluna çıxmış və məsafə az olduğu üçün həmin avtomobil ilə toqquşmuşdur. Toqquşma zamanı başından və boynundan xəsarət aldığı üçün hadisə yerinə həkim briqadası gələrək onu xəstəxanaya aparmışlar. Hal-hazırda Şəxs ilə barışmamışdır və onun barəsində qanunvericiliyə müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda, “Mersedes Benz” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası CMnin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, vətəndaş X1 yolnəqliyyat hadisəsi zamanı xəsarət almasına dair toplanmış materialda Azərbaycan Respublikası CM- nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, yol-nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsin sağlamlığına YÜNGÜL dərəcəli bədən xəsarəti yetirməsinə görə “Mersedes Benz” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Publik Hüquqi şəxsinin 16 may 2022-ci il tarixli 393 saylı rəyinə əsasən vətəndaş X1 bədən səthində aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması, başın təpə nahiyyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar