Məhkəmə qərarları › İş №3(004)-2685/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2685/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2685/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 20, mənzil 4-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru X1 Səməd Tahir oğlu barəsində Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol və ona əlavə olunmuş materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etməsi, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda manevr etmə qaydalarının pozduğu üçün YPX-nin əməkdaşı tərəfindən ona “saxla” əmri verilmişdir. O, isə öz növbəsində polis əməkdaşının əmrinə tabe olaraq idarə etdiyi avtomobili saxlamışdır. YPX-nin əməkdaşı onu öz xidməti avtomobilinə çağıraraq orada onun alkotester vasitəsilə sərxoş olub-olmadığı yoxlamışdır. Onun sərxoş olmamasına baxmayaraq, polis əmədaşı təkidlə onun avtomobilinin cərimə meydançasına aparmağa çalışmışdır. Buna etiraz olaraq o və avtomobildə sərnişin qismində əyləşən “Salman” adlı tanışı polis əməkdaşlarına öz iradlarını bildirmişlər. Cavab olaraq isə polis əməkdaşları onlara zor tətbiq etməklə şiddət göstərmişlər. YPX-nin əməkdaşlarının etmiş olduqları hərəkətləri o, öz mobil telefonu vasitəsi ilə qeydə almış, daha sonra isə həmin videonu silmişdir. Qeyd etmək istəyir ki, o, həmin vaxt ictimai qaydanı pozmamış, polisə müqavimət göstərməmiş və ümumiyyətlə hər hansı inzibati xəta törətməmişdir. Ona görə də hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikası DİN BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə YPX-nin tağım komandiri X5 və həmin tağımın inspektoru X7 inzibati xəta haqqında protokolda və raportda göstərilən xüsusatları bir daha təsdiq edərək, Şəxs ictimai qaydanı pozmasını, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını göstərmişlər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərədə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, inzibati xəta törətmiş şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element- obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh növünün tətbiqinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının, o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları, o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı və ictimai asayişi pozmamış, inzibati xəta törətməmiş və digər hüquqpozmalara yol verməmiş, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin, ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. İşdəki sübutlarla onun həmin vaxt xırda xuliqanlıq etməsi, həmçinin, polis əməkdaşlarının ona hansı qanuni tələblər irəli sürməsi və Şəxs hansı hərəkətləri ilə onların bu qanuni tələblərinə qəsdən tabe olmaması, bu qəsdin nədə ifadə olunması müəyyən olunmamışdır. Şəxs hərəkətlərinin xırda xuliqanlıq etməsi, həmçinin polisin qanuni tələblərinə tabe olmamasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi, həmçinin obyektiv tərəfin vacib elementi kimi polis işçisinin tələblərinin qanuni olması halı mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda xırda xuliqanlıq etməsi, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məjəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar