Məhkəmə qərarları › İş №3(004)-269/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-269/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-269/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 00100-2753/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 60648839, 52757259, 52767092, 52718244 və 61609715 nömrəli vaqonlarla daxil olmuş yüklər xx xxxxxx 2020-ci il tarixli **********6229 sorğu nömrəli gömrük bəyənnaməsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə bəyan edilmişdir. Lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin ünvanına 60648839, 52757259, 52767092, 52718244 və 61609715 nömrəli vaqonlarla gətirilmiş mallara dair qısa idxal bəyənnaməsinin verilməməsinin səbəbi göndərən şirkət tərəfindən sənədlərin onlara gec təqdim edilməsi olmuşdur. Göstərilənlərə əsasən X4 Şəxs MMC-nin qeyd olunan xətanın törədilməsində təqsirinin olmamasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “dəmir yolu ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 60648839, 52757259, 52767092, 52718244 və 61609715 nömrəli vaqonlarla Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2020-ci il tarixdə saat 17:55-17:57 radələrində Şimal Ərazi Baş Gömrük idarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Lakin gətirilən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Gündüz Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn 60648839, 52757259, 52767092, 52718244 və 61609715 nömrəli vaqonlarla ölkə ərazisinə daxil olmuş **********6229 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar üçün idxalçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Nəticədə sözügedən gömrük bəyannaməsinin 40-cı qrafası doldurulmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli **********6229 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin adına Rusiya federasiyasında fəaliyyət göstərən “Kavdolomit” şirkətindən 341200,00 kq çəkidə “susuzlaşdırılmış və ya bişməmiş dolomit (şüşə istehsalı üçün)” ölkə ərazisinə idxal edilmişdir. Lakin idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün əsas gömrük bəyannaməsinin 40-cı qrafasında bu barədə qeydiyyat aparılmamışdır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 Şöbəsində barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmiş və cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirmişdir ki, yük göndərən şirkət tərəfindən sənədlər Şəxs MMCyə gec göndərildiyindən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməli və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər barəsində min beş yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qərarla təyin ediləcək inzibati cərimə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Dövlət Xəzinədarlıq Agentliyi kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yasamal Rayon İcra şöbəsinə havalə edilsin və cərimə məbləği Dövlət Xəzinədarlıq Agentliyi kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar