Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2691/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, mənzil 40 ünvanında yerləşən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə 21.10.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, vətəndaş X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X8 bildirdi ki, Şəxs MMC tərəfindən protokolda göstərilən əmələ görə İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xəta törədilmişdir. Ona görə də MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, vəkili X5 bildirdi ki, ümumiyyətlə protokolla razı deyildir. Çünki işə baxılarkən səlahiyyətli orqan Şəxs MMC-nin və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. X7 qanunsuz işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. O MMC-də 27.08.2021-ci il tarixdə işə götürülmüş, lakin sonradan özünü doğrultmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən də o MMC-dən acıq çıxmaq üçün əsassız şikayətlər etmişdir. Onun həmin MMC-də işləməsi ilə bağlı hər hansı bir şahidi yoxdur. Əksinə MMC tərəfindən məhkəməyə şahidlər dəvət edilib dindirilə bilər, hansı ki həmin şahidlər MMC-də işləmişlər və onlar X3 həmin MMC-də nə vaxtdan işləməsini dəqiq təsdiq edə bilərlər. 27.08.2021-ci il tarixdən əvvəl ona bilər ki, M.Həsənov işə düzəlmək üçün həmin ofisə gəlib, lakin o heç bir işin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bundan əlavə iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, işə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid kimi dindirilmiş X7 bildirmişdir ki, 2021-ci ilin may ayından MEHAZ MMC-də marketinq direktor vəzifəsini icra etmişdir. İş yeri Bakı şəhəri Nərimanov rayonu 5 saylı xəstəxana ilə üzbəüzdə yerləşən ofisdə olmuşdur. O yalnız həmin ofisdə işləmişdir. MEHAZ MMC-nin hüquqi ünvanı Yasamal rayonu ərazisi olsa da, o ümumiyyətlə Mehaz MMC-nin Yasamal rayonu ərazisindəki hər hansı bir hüquqi ünvanında və ya ofisində olmamışdır və orada iş yerinə yetirməmişdir. O Mehaz MMC-də işlədiyi dövrdə yalnız Nərimanov rayonu 5 saylı xəstəxana ilə üzbəüzdə yerləşən ofisdə işləmişdir. 27.08.2021-ci il tarixdə onun əmək müqaviləsi rəsmi qaydada bağlanmışdır. Sonradan bir müddət də işlədikdən sonra o işdən 29.09.2021-ci il tarixdə işdən çıxarılmışdır. Lakin işlədiyi müddət üçün ona əmək haqqı tam verilmədiyi üçün Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinə şikayət etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı X2 əsasən X7 27.08.2021-ci il tarixdə MEHAZ MMC-də satış üzrə bölmə rəhbəri vəzifəsinə işə qəbul olmuşdur. Vəzifənin adı marketinq və satış meneceri olmuşdur. Bildiriş sistemə 27.08.2021-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan Mehaz MMC-nin 29.09.2021-ci il tarixli əmrinin surətinə əsasən X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan X4 Xidmətinin Bakı şəhər idarəsinin 01.11.2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən Şəxs MMC-nin direktoru Badri Navid İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat inzibati cərimə edilmişdir. qərarda əsas kimi göstərilmişdir ki, X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb edildiyi sonuncu müddət 27.08.2021-ci il tarix olmuşdur. Həmin tarixdə işçi ilə əmək müqaviləsi bağlanmışdır. Bununla da inzibati xəta uzanan inzibati xəta olmaqla 27.08.2021-ci il tarixədək uzanmış və həmin tarixdə bitmişdir. Belə olduğu təqdirdə 27.08.2021-ci il tarixdən hesablanmaqla artıq hazırkı vaxtda 03 aydan çox müddət keçmişdir. Belə ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Hazırkı iş üzrə inzibati xəta uzanan inzibati xətalara aiddir. Lakin həmin inzibati xəta hansı vaxta qədər uzanması da hazırkı iş üçün inzibati məsuliyyətə cəlb etmə müddətinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Belə ki, əgər inzibati xəta işə məhkəmədə baxıldığı hazırkı vaxtda da uzanmaqda davam etsəydi, onda həmin inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXMnin 38.2-ci addəsinə uyğun həll edilməliydi. Lakin hazırkı iş üzrə inzibati xəta artıq şəxsilə əmək müqaviləsinin rəsmi qaydada bağlandığı 27.08.2021-ci il tarixədək baş verdiyindən, xəta həmin tarixədək uzanmışdır. Həmin tarixdən bu yana artıq X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi mövcud olmamışdır. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Bu səbəbdən də İXM-nin 38.2-ci maddəsindəki “uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gün” müddəası hazırkı iş üzrə 27.08.2021-ci il tarixdən sonrakı vaxt üçün inzibati məsuliyyətə cəlb etmə müddətinin müəyyən edilməsində əhəmiyyəti yoxdur. Əgər inzibati xəta hazırkı vaxtda da uzanmaqda davam etsəydi, onda həmin inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti, xətanın aşkara çıxarıldığı gündən hesablanardı. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay, 1 il və yaxud 2 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 6 ay, 1 il və yaxud 2 ildən sorakı həmin aşkarlanma tarixində “aşkarlanmış” hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.1.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər. Oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Yəni uzanan inzibati xətalar üzrə, əgər artıq inzibati xəta dayanmışdırsa, bitmişdirsə və uzanmırsa, onda həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti, uzanmanın bitdiyi tarixin növbəti günündən hesablanmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Yəni bu cür inzibati xətalarda, xətanın səlahiyyətli orqanın aşkar edildiyi vaxtdan deyil, inzibati xətanın törədilməsinin axımının, yəni uzanmanın bitdiyi vaxtın növbəti günündən hesablanmaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti hesablanır. Beləliklə, hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2691/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2691/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver