Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2694/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, 25 mart 2022-ci il tarixdə Elmlər Akademiyası metrosunda Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən əsassız yerə cərimə olunmuşdur. Çoxsaylı tələbinə baxmayaraq qərar ona təqdim edilmədi. Nəhayət vəkilinin sorğusu əsasında 24 may 2022-ci il tarixdə qərar ona təqdim edilmişdir. Aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əsassız yerə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, tam qətiyyətlə bildirmişdir ki, tərəfindən hər hansı inzibati xəta törədilməmiş və bu barədə hər hansi subut da mövcud deyil. Yəni o, epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbi pozmamış və maskadan düzgün istifadə etmişdir. Lakin buna baxmayaraq ərazidə xidmət aparan polis əməkdaşı özünü təqdim etmədən, haqlı etirazına məhəl qoymadan açıq ictimayyət içində kobudluq edib sadəcə adını soyadını və ata adını soruşub ona cərimə yazdı. Hesab edir ki, həmin polis əməkdaşı ilk növbədə polis haqqında qanunu pozmaqla yanaşı polsi adına ləkə gətirən hərəkətlərə də yol verdi və bu barədə daxili işlər nazirliyinə də müraciət etmişdir. Bu səbəbdən də hesab edir ki, barəsində tərtib edilmiş inzibati protorkol ləğv edilməli inizbati işin icraatına xitam verilməlidir. Azərbaycan İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; Həmin məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür taktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə. digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə. ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 80.2-ci maddəsinə görə sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin məcəllənin 80.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş Üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul elməlidir. Həmin məcəllənin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin məcəllənin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xilam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 53. 105. 134.1.2, 136 və 137-ci maddələrini təhbər tutaraq məhkəmədən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilməyi barədə xx.xx.2022-ci il tarixili EXP № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən X5 xx.xx.2022-ci il tarixdə 12:01 radələrində Elmlər Akademiyası metrosunda tibbi maska taxmadığına görə karantin qaydalarını pozmuş, buna görə də İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddə ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas EXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol olmuşdur. Həmin protokol və qərarda şəxsin xx.xx.2022-ci il tarixdə həqiqətən də maskadan düzgün istifadə etməməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 3(004)-2694 /2022 saylı məktubu ilə Azərbaycan Respublikası Bakı şəhər Yasamal RPİ 26-cı Polis Bölməsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X5 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 211.2-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin EXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolu əsasında qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2694/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2694/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver