Məhkəmə qərarları › İş №3(004)-2706/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2706/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2706/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə DİN Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 26 aprel 2024-cü il tarixli, İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə 26 aprel 2024-cü il tarixli cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Lakin DİN Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi X2 Şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokolda qeyd olunur ki, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə 26 aprel 2024-cü il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. 26 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən hazırkı iş üzrə cərimə qərarı 26 aprel 2024-cü il il tarixdə qəbul edilib. Həmin tarixdən hesablanmaqla 20 günlük şikayətvermə müddətinin bitdiyi günün səhəri günü, yəni 16 may 2024-cü il tarixdə qərar qanuni qüvvəyə mindiyi günün səhəri günündən hesablanmaqla, 3 ay ərzində yəni 17 avqust 2024-cü il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixin səhəri günündən, yəni 18 avqust 2024-cü il tarixdən hesablanmaqla şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Hazırki halda isə 26 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolda inzibati cərimənin tətbiq edilməsinə dair qərarın 26 aprel 2024-cü il tarixdə qəbul edilməsi göstərilmişdir ki, bu da həmin tarixdən qanunla müəyyən edilmiş (20 gün+03 ay) müddətin keçməməsinə və bununla da inzibati xəta hadisəsinin mövcud olmamasına dəlalət edir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər DİN Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati xəta haqqında protokolun düzgün tərtib edilməsinə cəlb edilsin. Hakim Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar