Məhkəmə qərarları › İş №3(004)-2713/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2713/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2713/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 1056000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) il müddət keçməsinə baxmayaraq, 1056000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, həmin protokol tərtib edilərkən onlar dəvət edilməmişdir. Əks halda, müvafiq sənədləri təqdim edərdilər və protokol da tərtib edilməzdi. Şəxs MMC 1056000.00 Rusiya rublu məbləğində pulu xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin köçürməyə əsasən də xarici partnyorlardan almış olduqları mal Azərbaycan Respublikasına idxal olunmuş və bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edirlər. Göründüyü kimi Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Şəxs MMC xx.xx.2022-ci il tarixində etdiyi 1056000.00 Rusiya rublu məbləğində köcürməyə görə mallar olkəyə idxal olunmuşdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 008/186 saylı arayışa əsasən müəyyən edilir ki, Şəxs MMC "xxxx" ASC Quba filialında olan AZ55BRES40160RU**********003 hesabından ООО Meridian şirkətinə xx.xx.2022-ci il tarixində köçürdüyü ******* RUB (bir milyon əlli altı min rub 00 qəp) vəsaitin yük gömrük (YGB) bəyannaməsini xx.xx.2024-ci il tarixində Banka təqdim etmiş və bank tərəfindən **********5067 nömrəli YGB üzrə 528000 Rub (beş yüz iyirmi səkkiz min rub) və **********5065 YGB üzrə 510400 Rub (beş yüz on min dörd yüz rub) vəsaitlər portalda bağlanılmış 17600 Rub (on yeddi min altı yüz rub) açıq qalmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar