Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2721/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, Cəbrayıl Rayon Prokurorunun müstəntiqi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə Cəbrayıl Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə Cəbrayıl Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 08 may 2023-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Şərifzadə ünvanında olan hüquqi şəxs Şəxs MMC əmək qanunvericiliyinin tələblərini pozaraq fəaliyyət göstərdiyi işğaldan azad olunmuş Cəbrayıl rayonu Sarıcallı kəndi ərazisində yerləşən tikinti meydanında fəhlə işləyən X17, X20, X21, X16, X14, həmin MMC-də betonçu işləyən X2 qeyd olunan vəzifələrinin icra edilməsi üçün onlarla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək 2022-ci ilin noyabr və dekabr ayından başlayaraq müxtəlif vaxtlardan 2023-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Rasim ibişov, Ayxan Cəfərov, Vüqar Qasımov, Zülfiqar Mehtiyev, Ramil Cəfərovu fəhlə, Ceyhun Ağayevi isə betonçu kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 08 may 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Cəbrayıl rayon prokuroru, ədliyyə müşaviri X15 rayon prokurorluğunda toplanmış 02/İXM-23 saylı material üzrə, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə olan hüquqi şəxs Şəxs MMC (VÖEN kodu:**********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X5 4 noyabr 2022-ci ildən həmin ilin dekabr ayının 22-dək fəhlə, X11 6 dekabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X6 16 noyabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X14 2 noyabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X8 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayının ortalarına qədər betonçu vəzifəsində Şəxs MMC-də əmək müqavilələri olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan izahatlardan məlum ki, X12 izahatında göstərmişdir ki, 2022ci ilin dekabr ayının 6-dan 2023-cü ilin yanvar ayının 15-nə qədər Şəxs MMC-də fəhlə işləmişdir. Həmin işi onunla bir qəsəbədə yaşayan X5 tapmışdır. Şəxs MMC-nin tikinti meydançası Cəbrayıl rayonu, Sarıcallı kəndi ərazisində yerləşməkdədir. Həmin MMC-nin fəaliyyəti yol kənarlarına və körpülərə beton tökmək olmuşdur. Onunla bir yerdə X5, X11, X6, X14 işləmiş, işinə isə Baki adlı Şəxs MMC-nin işçisi nəzarət etmişdir. Onun Şəxs MMC-də işlədiyi müddətdə əmək, müqaviləsi olmamış, həmin MMC tərəfindən əmək müqaviləsi olmadan işlədilmişdir. Yanvar ayının 15-də işləri qutardığı üçün Şəxs MMC-dən çıxmışdır. Lakin Şəxs MMC əmək haqqlarını verməkdən imtina etmişdir. Dəfələrlə Baki və Hakkı adlı işçilərə zəng edərək əmək haqqını istəsə də, həmin şəxslər nəzərdə tutulan ödənişi ödəməkdən imtina etmişlər. Buna görə də o, DİN-nin 102 telefon zəng xidmətinə şikayət etmişdir. Təxminən 10-15 gün sonra Şəxs MMC tərəfindən onun əmək haqqı tam məbləğdə ödənilmişdir. Hazırda Şəxs MMC-dən hər hansı bir şikayəti və ya tələbi yoxdur. İzahatları alınmış X5 4 noyabr 2022-ci ildən həmin ilin dekabr ayının 22-dək fəhlə, X11 6 dekabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X6 16 noyabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X14 2 noyabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X8 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayının ortalarına qədər betonçu vəzifəsində Şəxs MMC-də əmək müqavilələri olmadan çalışmaları faktını təsdiq edərək, X12 ilə oxşar məzmunlu izahatlar vermişlər Ucar Abdulbaki izahatında göstərmişdir ki, Türkiyə Respublikasının vətəndaşıdır. Şəxs MMC- də direktor müavini işləməklə, şirkətin səlahiyyətli nümayindəsidir. Şəxs MMC "xxxx" Şirkətinin Azərbaycan Respublikasında olan filialının podratçısıdır. Həmin MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır, şirkətin vergi uçotunda qeydiyyata alındığı yer ünvan 3 ünvanı isə Yasamal rayonu, Şərifzadədir. Şirkətin direktoru Türkiyə Respublikası vətəndaşı Mahmut Deniz olmuşdur. Mahmut Deniz hazırda Bakı şəhərində yaşamaqdadır. Şəxs MMC şirkətinin əsas işi işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində drenaj işlərinin görülməsindən ibarətdir. Şəxs MMC şirkətində işçilərin işə qəbul edilmə səlahiyyəti onda və Mahmut Denizdə olmuşdur. Şirkətin işçiləri, o cümlədən Emin adlı şəxs kimlərinsə işə qəbul edilməsi ilə bağlı ona müraciət etmişlər, lazımı prosedurları həyata keçirdikdən sonra həmin işçilərlə əmək müqaviləsi bağlanılaraq işə götürülmüşdürlər. "xxxx" Şirkətinin Azərbaycan Respublikasında olan filialına elektron poçtla Şəxs MMC işçisi hazırda işdən çıxan Vüqar adlı şəxs müraciət etmişdir. Mahmut Denizi ona vermiş olduğu etibarnaməyə əsasən onun icazəsi olmadan şirkətdə heç kim işə qəbul olunmamışdır. X5, X11, X6, X14 və X12 Şəxs MMC-nin işçiləri olmamış, həmin şəxsləri əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. "xxxx" azərbaycan filialından daxil olmuş 28 fevral 2023-cü il tarixli 39-02/23 nömrəli məktubda qeyd olunan X5, X11, X6, X14 və X4 işğaldan azad edilmiş ərazilərə buraxılışı ilə əlaqədar Şəxs MMC tərəfindən "xxxx"-ə elektron poçtla müraciət etmələri prosesinin necə olduğundan məlumatsız olmuşdur. İzahatı alınmış X9 göstərmişdir ki, Şəxs MMC-də fəhlə işləmiş, şirkətin direktor müavini Türkiyə Respublikası vətəndaşı Ucar Abdulbakini tanımışdır. X5, X11, X6, X14 və X7 Füzuli rayon sakinləri kimi tanımış, həmin şəxslərlə düşmənçiliyi və ya ədavəti olmamışdır. X5, X11, X6, X14 və X12 müxtəlif vaxtlarda işğaldan azad edilmiş Cəbrayıl rayonunda işləmək üçün ona müraciət etmişlər. O həmin şəxslərlə bir rayondan olduğu üçün sonuncuların Şəxs MMC-də işləmələrini istəmişdir. Ona görə də işğaldan azad edilmiş Cəbrayıl rayonunda işləmək üçün keçid portalınln açılması məqsədilə həmin ərəfələrdə qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini Şəxs MMC işçilərinin yaratdığı “Whatsap” qrupuna göndərmişdir. Həmin “Whatsap” qrupunda şirkətin direktor müavini Ucar Abdulbaki də olmuşdur. Şəxs MMC tərəfindən də həmin şəxslərin işğaldan azad edilmiş Cəbrayıl rayonuna keçidi üçün müvafiq müraciət edilmişdir. Qeyd olunan şəxslər işğaldan azad edilmiş Cəbrayıl rayonuna'keçid etdikdən sonra bir müddət orada işləmiş, lakin əmək haqqlarının bir hissəsini ala bilməmişdirlər. Hazırda həmin şəxslərin bütün əmək haqqları ödənilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs MMCnin nümayəndəsi Nümayəndə, barələrində başlanmış 08 may 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara etiraz edərək bildirmişdir ki, Şəxs MMC "xxxx" Şirkətinin Azərbaycan Respublikasında olan filialının podratçısıdır. İşə götürülmə onların səlahiyyətlərində olmamışdır. AR-nın İXM-nin 192.1-ci maddəsi ilə Cəbrayıl Rayon Prokurorluğunda toplanmış 02/İXM-23 saylı materialı üzrə “icraat başlanması haqqında” qərarın ləğv edilməsi inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının Cəbrayıl Rayon Prokurorunun müstəntiqi X3 bildirmişdir ki, Cəbrayıl rayonu ərazisində, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “https://www.etaxes.gov.az/ebyn/commersialChecker.jsp” internet səhifəsinə baxış keçirilmiş, Şəxs MMC-nin VÖEN kodu ********** -dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx"-nin Azərbaycan Respublikasındakı filialından daxil olmuş 28 fevral 2023-cü il tarixli, KR-xx-xx/2023-CÜ il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən X17, X20, X16, X22, X2 işğaldan azad edilmiş ərazilərə buraxılışı ilə bağlı elektron poçtla müraciət olunmuş və həmin müraciət nəzərə alınaraq, "xxxx"-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən icazənin alınması ilə bağlı lazımı tədbirlər görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən daxil olmuş 21 fevral 2023-cü il tarixli 3-17-5/2- 5264/2023 nömrəli məktubdan görünür ki, X17, X20, X21, X16, X14, həmin MMC-də betonçu işləyən X8 Şəxs MMC tərəfindən “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş Ucar Abdulbakinin izahatına əlavə etdiyi sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə ünvanında ********** VÖEN nömrəsi ilə Mahmut Deniz tərəfindən təsis edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Şəxs MMC-nin direktor müavini Abdulbaki Ucara (Pasport U********) MMC-nin işçilərinin işə qəbulu və işdən azad edilməsinə dair icazə verilməklə, Mahmut Deniz tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5.1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə qeyd edir ki, Şəxs MMC ilə X5, X11, X6, X14, X8 arasında yaranmış əmək münasibətləri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən həmin şəxsin MMCdə müəyyən xidmətlərin yerinə yetirilməsinə cəlbedilməsi faktı aşkar edilmişdir. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında əmək münasibətlərinin yaranması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, bu fakt məhkəmə araşdırılması zamanı alınmış tərəfin izahatı və iş materialına əlavə edilmiş digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş şahid izahatlarından, iş materiallarındakı sənədlərdən aydın ki, X5 4 noyabr 2022-ci ildən həmin ilin dekabr ayının 22-dək fəhlə, X11 6 dekabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X6 16 noyabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X14 2 noyabr 2022-ci ildən 2023-cü ilin yanvar ayının 15-dək fəhlə, X8 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayının ortalarına qədər betonçu vəzifəsində Şəxs MMC-də əmək müqaviləsi qanuni qüvvəyə minmədən işə cəlb olunmuşdurlar. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əmək münasibətləri yaranmış, lakin həmin əmək münasibətləri hüquqi qüvvəyə minmədən şəxslər işəgötürən tərəfindən işə cəlb edilmişdirlər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2721/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2721/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver