Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2741/2024 07.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin X11 şöbəsinin inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Aydınbəyov küçəsi, ev 34-də qeydiyyatda olan X7 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsi tərəfindən X7 barəsində İXM-in 602.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 1 ünvanında yerləşən “Xarici Dil” adlı obyektdə yanğın-texniki müayinə keçirilməsinə obyekt rəhbərliyi tərəfindən yoxlamaya aid sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin X11 şöbəsinin inspektoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək X7 barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahatında göstərmişdir ki, o, özünü təqsirli bilmir. Uzun müddətdir ki, xarici dil kursuna rəhbərlik edir. Həmin obyektdə icarə əsasında əvvəllər, həm də yoxlama olan dövrdə olmuşlar. Lakin qeyd olunan inzibati xətanı törətməmişdir. Belə ki, onun barəsində protokol tərtib edən şəxsi tanımır, əvvəllər heç vaxt görməmişdir. Həmin şəxslər protokol tərtib olunan gün obyektdə olmuş, lakin onunla deyil işçilərlə dialoq qurmaqla yoxlama aparmaq istədiklərini bildirmiş, işçilər də onları obyekt sahibi ilə telefonla danışdırmaq istəmiş, yoxlamaya gələn şəxslər isə telefonla danışmaqdan imtina edib, oranı tərk etmişlər. O, isə yoxlamaya gedən şəxslər oranı tərk etdikdən sonra telefonla işçilər tərəfindən məlumatlandırılmışdır. Ona yoxlama ilə bağlı heç bir sənəd təqdim edilməmişdir, hazırda da o, lazımi sənədləri təqdim etməkdən imtina etmir və yoxlama aparılmasına da etiraz etmir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirən X10 izahatında göstərmişdir ki, , o həmin obyektdəicarə əsasında fəaliyyət göstərən xarici dil kursunda ofis meneceri vəzifəsində işləyir. Həmin şəxslər protokol tərtib olunan gün obyektdə olmuş, o və digər işçi yoxlamaya gələnləri, yəni Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin X11 şöbəsinin inspektoru X6 obyekt sahibi ilə telefonla danışdırmaq istəmiş, yoxlamaya gələn şəxslər isə telefonla danışmaqdan imtina edib, oranı tərk etmişlər. O, isə yoxlamaya gələn şəxslər oranı tərk etdikdən sonra baş verənlərlə bağlı Sənan Hüseynzadəyə məlumat vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, protokola əsasən inzibati xətanın X7 tərəfindən törədilməsi qeyd edilmişdir. Protokolda törədilən inzibati xəta kimi qeyd edilmişdir ki, obyektdə yanğın-texniki müayinə keçirilməsinə obyekt rəhbərliyi tərəfindən yoxlamaya aid sənədlər təqdim edilməmişdir. Protokol tərtib etmiş şəxsdən məhkəmə iclasında sorğu sual zamanı konkret hansı sənədlərin tələb edildiyi soruşulsa da, hansı sənədin tələb edildiyini göstərə bilmədi. X2 yoxlama zamanı obyektdə olmadığı, bilavasitə X1 olaraq məhz hər hansı bir sənəd tələb edilmədiyi, hər hansı bir sənədin tələb edilməsi ilə bağlı ona məktub göndərimədiyi, protokol tərtib edilməzdən əvvəl dəvət edilmədiyini, ümumiyyətlə heç vaxt üzünü belə görmədiyini bildirdi. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri yoxdur. Onun təqsiri süğuta yetirilmir. Belə ki, İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda X5 əməli “yoxlamaya aid sənədlərin təqdim edilməməsi” kimi göstərilsə də, bununla bağlı vurğulanmalıdır ki, həmin əməl inzibati xəta kimi müəyyən edilsə də, məhz bu əməl yalnız və yalnız “yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi” zamanı baş verə bilər. Yoxlamaya aid sənədlər ümumi sözlə yazılmamalı, həmçinin yoxlamanın mahiyyətində də görünməlidir ki, yoxlamaya aid sənədlərin tələb edilməsinə ehtiyac olmalıdır. Və yaxud yoxlamanın məqsədi konkret hansısa sənədlərə baxmaqdan idarət olmalıdır. Hazırkı iş üzrə yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışa əsasən (Ədliyyə Nazirliyi tərəfindən KY242106131 saylı, xx.xx.2024-cü il tarixli) aparılmışdır. Həmin yoxlamada yoxlamanın növü “müayinə” qeyd edilmişdir. Bundan əlavə iş materiallarında olan yoxlama aparan 2-ci ərazi DYNİ-nin “Yoxlamaya aid suallar Siyahısı” adlı xx.xx.2024-cü il tarixli sənədindən də görünür ki, hər hansı bir sənədə baxılması və ya sənədin tələb edilməsi həmin siyahıda yoxdur. Yəni yoxlamanın məqsədi hansısa sənədə baxmaq və ya tələb etməkdən ibarət olmamışdır. Yoxlamanın məqsədi obyekti müayinə etməkdən ibarət olmuşdur. Həmçinin iş materiallarında belə bir sənəd də yoxdur ki, yoxlayıcı tərəfindən hansısa sənəd tələb edilmiş, lakin həmin sənəd yoxlayıcıya təqdim edilməmişdir. Məhkəmə prosesində iş materiallarında olan yanğın-texniki mayinə aktında sahibkarın imza etməkdən imtina etməsi hissəsi araşdırılarkən müəyyən edilmişdir ki, sahibkarın iştirakı olmamış, ona məlumat verilməmiş, iştirakdan da imtina etməsi müəyyən edilməmişdir. Protokol tərtib edən şəxs məhkəmədə bildirmişdir ki, o, barəsində protokolu tərtib edən şəxsi tanımır, barəsində protokol tərtib olunan şəxs imzalamaqdan imtina etmişdir qrafasını isə “onlar adətən belə yazırlar” kimi izah etmişdir. Göründüyü kimi, faktiki olaraq inzibati xəta haqqında protokolda maddənin dispozisiyası formal olaraq yazılmışdır. Şəxs tərəfindən təqsirli sayılan və törədilmiş əməlin mövcudluğu qeyd edilməmişdir, bu barədə sübutlar təqdim edilməmişdir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş protokolla şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-2741/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2741/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver