Məhkəmə qərarları › İş №3(004)-2756/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2756/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2756/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının hasilat üzrə vitseprezidenti X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının hasilat üzrə vitseprezidenti X15 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2022-ci il tarixindən hazırki vaxta qədər “X7 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialında X15 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, inzibati xətanın törədildiyi vaxt xx.xx.2022-ci il tarixi olmuş və həmin dövrdə qüvvədə olmuş İnzibati xətalar Məcəlləsinin 38.1-ci maddəsinə mən xx.xx.2022-ci il tarixinə kimi inzibati məsuliyyətə cəlb oluna bilərdim. X1 2-ci Vətən müharibəsinin iştirakçısıdır və 2022-ci ilin sentyabr ayında Filiala müraciət etmiş və bildirmişdir ki, halhazırda işlədiyi müəssisədə aşağı maaş alır, ailədə yeganə işləyən şəxsdir, anası xəstədir və Bakı şəhərində kirayədə yaşayır. Qeyd olunanları nəzərə alaraq, Filial tərəfindən xidmət müqaviləsi üzrə neft və qaz əməliyyatlarının aparıldığı ərazilərdə təmizlik işlərinin görülməsi ilə bağlı xidmətlərin göstərilməsi təklif olunmuşdur. Vətəndaş A.B.Salahov qeyd olunan təklifilə razılaşaraq, fərdi sahibkar kimi Filial ilə xx.xx.2022-ci il tarixli 015 nömrəli xidmət müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən, A.B.Salahovun əsas öhdəlikləri Tapşırılan sahəni istehsalat və məişət tullantılarından, lazımsız əşyalardan təmizləmək; Yollarda və ərazidə çalaları doldurmaq, hamarlamaq, torpaq işləri aparmaq və su axarları üçün nəzərdə tutulmuş kanalları təmizləmək; Ərazini və mühafizə zonasını kol, daş və zibillikdən təmizləmək, otu biçmək; Ərazidə yaşıllıqların salınması, onlara aqrotexniki qulluğun göstərilməsi, suvarılması, diblərinin yumşaldılması, qurumuş ağacların kəsilməsi, sahənin şumlanması və kol-koslardan təmizlənərək ayrılmış əraziyə daşınması işlərini yerinə yetirmək; Yeni salınacaq yaşıllıq yerlərinin hazırlanması, qazılması, ağacların diblərinə payaların basdırılması və bərkidilməsi. Alət, avadanlıq və qurğuları, neft və qaz kəmərlərini silib təmizləmək, yağlamaq, rəngləmək; İstehsalat sahəsində yardımçı və köməkçi işləri yerinə yetirmək olmuşdur. Filial “Azərbaycan Respublikasında Balaxanı- Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında bağlanmış Sazişə əsasən, Balaxanı- Sabunçu-Ramana və Kürdəxanı yataqlarında neftqaz əməliyyatları ilə məşğul olur. A.B.Salahovun göstəriyi xidmət Filialın əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı deyil. Belə ki, artıq yuxarıda qeyd olunduğu kimi, A.B.Salahovun yerinə yetirdiyi xidmətlər ərazinin abadlaşdırılması və təmizlənməsi ilə bağlıdır. Belə olan halda, yəni A.B.Salahovun göstəriyi xidmət Filialın əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmadığı üçün, Filialın üzərinə onunla əmək müqaviləsinin bağlanması öhdəliyi qoyula bilməz. Digər tərəfdən Sazişin 8.3-cü maddəsinə əsasən, Əməliyyat şirkəti işçi heyətinin mümkün minimum sayı ilə məhdudlaşır və Podratçı adından Neft-qaz əməliyyatlarının gündəlik aparılması üçün zəruri olan idarəetmə, texniki mütəxəssislər, əməliyyat, istismar və inzibati heyətdən ibarətdir. A.B.Salahovun göstəriyi xidmət yuxarıda sadalanan heyətlərin hər hansı birinə uyğun deyildir. Yuxarıda qeyd olunanlara əsasən, fərdi sahibkar A.B.Salahovla xidmət müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq, X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X15 barəsində əsassız olaraq, inzibati xəta haqqında işə başlanılmışdır. Hesab edirik ki, X10 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X3 şikayətin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, X5 xx.xx.2022-ci il tarixindən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında X16 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Yəni tərəflər arasında əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtləri və forması əmək müqaviləsinə uyğun hazırlanmışdır. Qeyd olunanları nəzərə alaraq “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının hasilat üzrə vitse-prezidenti X16 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 04 may 2023-cü il tarixli MN ******* saylı qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixindən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında X16 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında X16 ilə X5 arasında xx.xx.2022-ci il tarixində 015 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixli 015 nömrəli xidmət müqaviləsinə xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində əlavə razılaşma imzalanmışdır. İş materiallarından müəyyən edilmişdir ki, “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında X16 ilə X13 oğlu arasında xx.xx.2022-ci il tarixdə bağlanmış xidmət müqaviləsi olmuşdur ki, həmin müqavilə əsasında Allahverdi Salahov neft qaz əməliyyatlarının aparıldığı ərazilərdə təmizlik işlərinin görülməsi xidmətini göstərmişdir. Bu isə onu göstərir ki, X5 şirkətlə bağlanmış xx.xx.2022-ci il tarixli xidməti müqaviləyə əsasən müstəqil VÖEN olan fiziki şəxs, yəni icraçı kimi “X9 LTD” şirkəti tərəfindən verilmiş sifarişləri (əsas fəaliyyətə aid işlər istisna olmaqla) icra etməklə vəzifələndirilmiş və həmin icra olunan işlər müqabilində ona pul ödənilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında X16 ilə X5 arasında tərəflərin razılığı ilə və qanunun tələbləri nəzərə alınmaqla xidməti müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, tərəflər arasında qanuni şəkildə bağlanmış xidmət müqaviləsi mövcuddur və həmin müqavilənin şərtlərindən göründüyü kimi yerinə yetirilməli olan işlər mahiyyət etibarı ilə şirkətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı deyildir belə olan halda tərəflər arasında mövcud olan münasibətlər əmək münasibətləri hesab edilə bilməz. Belə olan halda Ə.Kələşovun əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xidməti müqaviləsində “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında X16 “Sifarişçi”, X5 isə “icraçı” kimi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçi olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, A.B.Salahovun göstəriyi xidmət Filialın əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmadığı və tərəflər arasında göstərilən xidmətlərlə bağlı rəsmi müqavilə olduğu üçün “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının hasilat üzrə vitse prezidenti X11 4000 manat məbləğində cərimə olunması ədalətli və qanunauyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının hasilat üzrə vitse prezidenti X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* tarixli qərarından verdiyi şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının hasilat üzrə vitse prezidenti X11 Azərbaycan Respublikası İXM-in 192.1-cı maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar