Məhkəmə qərarları › İş №3(004)-2769/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2769/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2769/2025 23.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs MMC 20000.00 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixində xaricə köçürmüş və 2 ildən artıq müddət keçməsinə baxmayaraq 64247.80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə nümayəndələrini göndərməmiş və iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işin mahiyyəti üzrə müvafiq sənədləri təqdim etdiyini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, "xxxx" MMC-yə əməliyyatı aparan Banka (Kapital Bank ASC) elektron poçt vasitəsi ilə müvafiq məktub göndərmişdir. Həmin məktubda Şirkət qeyd etmişdir ki, müəssisə iki ölkə arasında ticarətdə vasitəçi xidməti göstərir, mallar heç bir şəkildə Azərbaycan ərazisinə daxil olmur və bu səbəbdən, Şirkət idxal sənədləri təqdim etməməlidir, çünki müəssisə yalnız iki ölkə arasında xarici ticarətə vasitəçilik xidməti göstərir və heç bir şəkildə idxal, ixrac və gömrük əməliyyatlarını icra etmir. Bununla bağlı Bankın əməkdaşları sənədlərə nəzər yetirmiş, lakin texniki səbəblərə görə ödənişin təyinatını dəyişdirə bilməmişlər. Odur ki, yuxarıda qeyd olunan halı, eləcə də təqdim etidiyimiz sənədlərə əsasən "xxxx" MMC Gürcüstandan sifariş etdiyi malları özü üçün deyil, Rusiya Federasiyasının Şirkəti üçün əldə etdiyini və yalnız vasitəçi olduğunu, Rusiya Federasiyasının şirkətləri sanksiya altında olduğunu, Gürcüstandan müvafiq ehtiyyat hissələrini əldə etmək və həmin ölkəyə pul vəsaitlərini köçürə bilmədiyini və bunun üçün Akratrade MMC-yə müraciət etməsi və yekun olaraq Şirkət tərəfindən Malları Sifarişçiyə (Russiya Federasiyasının şirkəti) çatdırıldığını nəzərə alınmasını və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 16 aprel 2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında Protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, 1/LLC MTech.AG-Parts şirkətinin hesabından "xxxx" MMC-nin bank hesabına müvafiq olaraq 49943.97 və 34486.77 Avro məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş edilmiş "xxxx" ASC-nin OX1 saylı, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən Gürcüstanda fəaliyyət göstərən “Kasa Group LLC” şirkətinin hesabına müvafiq olaraq 20000 və 60359.25 Avro məbləğində pul köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi İXM-in 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda yaranır. Şəxs MMC iki ölkənin (Gürcüstan və Rusiya Federasiya) şirkətləri arasında vasitəçilik fəaliyyəti ilə məşğul olduğundan köçürülən pulun qarşılığında hər hansı malların ölkəyə idxal edilməsi zərurəti yaranmır. Beləliklə, Şəxs MMC tərəfindən şirkətin hesabına hər hansı mallar (xidmətlər) sifariş edilmədiyindən və bunun müqabilində xaricə valyuta köçürülməsi müəyyən edilmədiyindən hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını istisna edir. Beləliklə, Şəxs MMC tərəfindən bəyənnamənin vaxtında təqdim edilməsi hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar