Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-277/2021 24.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının yaxın ətrafının və onun mərtəbələrinin tezalışan yanar materialdan olan qalıqlarından təmizlənməmiş vəziyyətdə olması; eyni zamanda tikilinin yanğınsöndürmə vasitələri ilə təchiz olunmaması və işçilərin yanğın təhlükəsizlik qaydaları ilə təlimatlandırılması jurnalının tərtib edilməməsi faktı aşkar edilmişdir. Bununla da, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü (inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş X5 izahatında bildirmişdir ki, İdarənin rəhbərliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 1555 nömrəli qərara əsasən “xxxx” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən və inşaatı davam etdirilən hündürmərtəbəli yaşayış binasında qanunvericiliyə əsasən yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində növbəti yoxlanışdan keçirilməsi müəyyən edilmişdir. Qəbul edilmiş qərar sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınmış və yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Həmçinin qərarla yoxlayıcı qrup yaradılmış və qrupa onunla birlikdə idarənin digər əməkdaşları X4 və X3 daxil edilmişdir. Yoxlayıcı qrupun tərkibində o, xx xxxxxx 2021-ci il tarixdə “xxxx” MMC tərəfindən inşa edilən həmin yaşayış binasında olmuş və plan üzrə binada yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı tikinti işləri aparılan yaşayış binasının həyətyanı sahəsinin, eyni zamanda binanın yarımtikili vəziyyətdə olan mərtəbələrinin yanar materiallardan təmizlənmədiyi, tikinti obyektinin yanğınsöndürmə vasitələri ilə təchiz olunmadığı, tikinti zamanı istifadə edilən propan qaz balonlarının təhlükəsizlik qaydaları pozulmaqla saxlanılması, yəni propan qaz balonlarının bir-birinin üzərində yığılması, o cümlədən işçilərin yanğın təhlükəsizlik qaydaları ilə təlimatlandırılması jurnalının tərtib edilməməsi, dolayısı ilə işçilərin bu qaydalarla təlimatlandırılmaması faktı aşkar edilmişdir. Aşkar edilmiş faktların fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Bundan sonra yoxlamanın nəticələrinə dair eyni tarixli yanğın-texniki müayinə aktı tərtib edilmiş və müvafiq qərarla inzibati iş üzrə icraata başlanılması qərara alınmışdır. Bununla da, hüquqi şəxs “xxxx” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinin tərkib əlamətləri aşkar edildiyindən onun barəsində xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İ.Qurbanov göstərilənləri nəzərə alaraq, “xxxx” MMC-nin qeyd olunan xətanın törədilməsində təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən İlqar Əsgərov tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 1555 nömrəli qərardan müəyyən edilir ki, ünvan 2 ünvanında “xxxx” MMC tərəfindən tikintisi davam etdirilən çoxmənzilli yaşayış binasında xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövr ərzində planlı, yəni növbəti yoxlamanın aparılması qərara alınmışdır. Qərarla həmçinin yoxlama qrupunun tərkibinə Xidmətin böyük mühəndis inspektoru X5, mühəndis inspektorları X4 və X3 daxil edilmiş və yoxlamanın aparılması qrupa həvalə edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin xx xxxxxx 2021-ci il tarixli çıxarışından müəyyən edilir ki, yoxlamanın təyin edilməsi əsası dövlət reyestrində qeydiyyata alınmaqla, onun plan üzrə və Azərbaycan Respublikası “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 25-ci maddəsinə uyğun olaraq keçirilməsi göstərilmişdir. Reyestrdə həmçinin yoxlama subyekti qarşısında qoyulacaq sualların siyahısı təsdiq edilmişdir. Həmin siyahıya əsasən tikinti obyektində 1)yanğınsöndürmə vasitələrinin istismar vəziyyətinin (YTQ № 02-2002 bənd 3.1-3.10); 2)yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (YTQ №02-2002 bənd 4.1-4.6); 3)tikintidə işləyən hər kəsin yanğın təhlükəsizliyi qaydalarını bilməsi və onlara riayət etməsi (YTQ 05-86, bənd 1,2); 4)tikilməkdə olan və yenidən quraşdırılan bina və yardımçı mənzillərin yanğına qarşı vəziyyətinin müntəzəm olaraq yoxlanılması, işlər qurtardıqdan sonra elektrik şəbəkələrinin cərəyandan ayrılması (YTQ 05-86, bənd 1, 7); 5)tikinti meydançası və tikilməkdə olan binanın daimi təmiz saxlanılması, tikinti tullantılarının (taxta-şalban kəsikləri, talaşa, qabıq, ovuntu və s.) hər iş gününün sonunda iş yerlərindən, həmçinin tikintinin bütün ərazisindən yığışdırılması və ən azı 50 metr məsafədə obyektdən kənara daşınması (YTQ № 05-86, bənd 2.9) qaydalarına riayət edilib-edilməməsinin yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, 1555 nömrəli “Yanğın-texniki müayinə aktı”ndan müəyyən edilir ki, həmin tarixdə yoxlayıcı qrup tərəfindən aparılan araşdırma nəticəsində tikinti işləri aparılan qeyd olunan yaşayış binasının həyətyanı sahəsinin, eyni zamanda binanın yarımtikili vəziyyətdə olan mərtəbələrinin yanar materiallardan təmizlənmədiyi, tikinti obyektinin yanğınsöndürmə vasitələri ilə təchiz olunmadığı, tikinti zamanı istifadə edilən propan qaz balonlarının təhlükəsizlik qaydaları pozulmaqla saxlanılması, o cümlədən işçilərin yanğın təhlükəsizlik qaydaları ilə təlimatlandırılması jurnalının tərtib edilməməsi, dolayısı ilə işçilərin bu qaydalarla təlimatlandırılmaması faktları aşkar edilmişdir. Beləliklə, yoxlama sualları üzrə 1, 2 və 5 bəndlərdə göstərilən qaydaların pozulması aşkar edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşaatı davam etdirilən hündürmərtəbəli yaşayış binasının 8 ədəd fotoşəkilləri məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, aşkar edilmiş fakt həmin fotoşəkillərdə tam olaraq öz təsdiqini tapmışdır. Yəni, fotoşəkillərdən yaşayış binasının həyətyanı sahəsinin, eyni zamanda binanın yarımtikili vəziyyətdə olan mərtəbələrinin yanar materiallardan təmizlənmədiyi, tikinti obyektinin yanğınsöndürmə vasitələri ilə təchiz olunmadığı və propan qaz balonlarının təhlükəsizlik qaydaları pozulmaqla saxlanılması, yəni bir-birinin üzərində yığılması görünür. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə xx xxxxxx 2021-ci il tarixli 1555 nömrəli qərarından görünür ki, faktla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının FHN-yi həyata keçirir). Həmin normaya görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri dövlət yanğın nəzarətini apararkən bir sıra hüquqlarla yanaşı, dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası DİN BDYTİ-nin xx xxx 2001-ci il tarixli 85 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi Qaydaları”nın 3-cü bəndinə görə 3.1 yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır; 3.9. yaşayış evlərinin, meşələrin, bağların, ictimai və mülki binaların ərazilərindəki açıq meydança və həyətlərdə AAM və YM olan qabları, həmçinin sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonları saxlamağa icazə verilmir; 3.11.kənd yaşayış məntəqələrində, orada yerləşən ictimai, məişət, istehsalat və digər obyektlər yanğından mühafizə normalarına uyğun olaraq yanğın texnikası və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər; 3.12. Yaşayış məntəqələrinin və müəssisələrin ərazilərində yanar tullantılardan ibarət zibilliklərin yığılmasına icazə verilmir. Həmin Qaydaların 4-cü bəndinə görə 4.1. Hər bir istehsalat və anbar otaqlarının ( xarici qurğuların), yanğın və partlayış təhlükəsi kateqoriyalarından asılı olaraq, istehsalat kateqoriyaları, müvafiq qaydalarının tələblərinə, əsasən, zona və sinifləri təyin edilməlidir, qapılarına onları göstərən xüsusi lövhəciklər asılmalıdır. Yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında standart işarələr (anşlaqlar, təhlükəsizlik lövhəcikləri) asılmalıdır. 4.2. Otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daima saz vəziyyətdə saxlanılmalıdır. 4.3. Yanğınla nəticələnə bilən nasaz qurğu, dəzgah və avadanlıqlardan istifadə edilməsinə icazə verilmir. Eləcə də təyin edilmiş texnoloji rejimə, hərarətə, təzyiqə və digər təhlükəsizlik parametrlərinə nəzarəti təmin edən nəzarət ölçü və texnoloji avtomatik cihazları söndürülmüş vəziyyətdə olduqda, onların işləməsinə (istismarına) icazə verilmir. 4.4. Tikinti konstruksiyaların, yanar bəzək və istilik keçirməyən materialların, metal sütunların və qurğuların, avadanlıqların və digər konstruktiv elementlərin oddan qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi boya, lak, şirələnmiş qatın və sair oddan qoruyucu xassələrinin yox olması və ya pisləşməsi daxil olmaqla) pozulması hallan dərhal aradan qaldırılmalıdır. 4.6. Otaqlar yenidən planlaşdırmadıqda, onların təyinatı dəyişildikdə və ya yeni texnoloji avadanlıqlarla təmin edildikdə, qüvvədə olan tikinti və texnoloji layihələşdirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmalıdır. 4.8-ci bəndə görə isə müəssisələrin, binaların və tikililərin otaqlarında partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların saxlanılması və istifadəsi qadağandır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hüquqi şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə tərəfindən “xxxx” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutları araşdırıb belə nəticəyə gəlir ki, hüquqi şəxs “xxxx” MMC tərəfindən yaşayış binasının tikintisi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi və bununla da, onun Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 49-51, 114- 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-277/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-277/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver