Məhkəmə qərarları › İş №3(004)-2774/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2774/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2774/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X8, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 01 aprel 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən müvafiq olaraq həmin qərarın qəbul edilməsinə əsaslar ondan ibarət olmuşdur ki, idarənin baş melioratoru X6 əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq son haqq-hesab üzrə ödənişinin xx.xx.2025-ci il tarxidə, işdənçıxarma müavinəti üzrə ödənişin isə xx.xx.2025-ci il tarixdə ödənilməsi müəyyən olunmuşdur. Hesab edir ki, X11 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında sözügedən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 dekabr 2024-cü il tarixli, FƏ66 nömrəli əmrinin 1.1 bəndinə əsasən Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv edilmişdir. Əmrdən irəli gələn məsələləri həll etmək məqsədi ilə, Hidrogeoloji- Meliorativ Xidmət İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 105-K nömrəli əmr imzalanmış və vəzifədən azad edilmiş işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən, xx.xx.2025-ci il tarixədək tutduqları vəzifədən azad edilərək Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğun olaraq işdənçıxarma müavinəti və həmin məcəlləsinin 144.2-ci maddəsinə əsasən isə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. Əlavə olaraq bildirir ki, "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X15 Xidməti publik hüquqi şəxsi yaradılmışdır. Bundan sonra, X15 Xidməti publik hüquqi şəxsin struktur bölmələrinin (idarələrinin) adlarının yeni sturktura uyğunlaşdırılması barədə 26 avqust 2024-cü il tarixli, 13-4/3-1- 7Ü/2024 saylı əmri ilə, keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X15 Xidmətinin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi kimi adlandırılmış və müvafiq ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədrinin 27 may 2024-cü il tarixli 001/f nömrəli əmri ilə, X15 Xidməti publik hüquqi şəxsin strukturu təsdiq edilmiş və hüquqi şəxs olmayan Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi həmin struktura daxil edilmişdir. 26 avqust 2024-cü il tarixli 13-4/3-1- 7Ü/2024 saylı əmrin icrası məqsədi ilə, Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli, 103-k nömrəli əmrinə əsasən, işçilərin köçürmə yolu ilə Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin təsdiq edilmiş ştat cədvəlinə uyğun müvafiq vəzifələrə keçirilməsi və əmək qanunvericiliyinin digər tələbləri təmin edilmişdir. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin 10 yanvar 2025-ci il tarixli 355-k nömrəli əmri ilə, idarənin baş melioratoru X12 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilərək, işçiyə xx.xx.2022-xx.xx.2025-ci il müddətinə istifadə etmədiyi 28 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya və müvafiq əmək stajına görə orta aylıq əmək haqqının 1.4 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi müəyyən edilmişdir. İşçinin son haqq-hesab üzrə ödənişinin xx.xx.2025-ci il tarxidə, işdənçıxarma müavinəti üzrə ödənişin isə xx.xx.2025-ci il tarixdə ödənilməsinin səbəbi olaraq bildirir ki, idarə özü müstəqil hüquqi şəxs olmadığı və idarənin istehsalat-təsərrüfat fəaliyyəti, Xidmət tərəfindən ayrılan vəsaitlər hesabına maliyələşdirildiyi üçün, ödənişlərin gecikdirilməsi idarənin rəisi və digər məsul şəxslərin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. İdarənin ləğv edilməsi ilə bağlı, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş bütün işçilər barədə tabe olduğu X15 Xidməti publik hüquqi şəxsə rəsmi qaydada məlumat verilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin son haqq-hesabının və işdənçıxarma müavinətinin ödənilməsi barədə siyahı təqdim edilmişdir. Beləliklə, yuxarıda göstərilən inzibati xəta haqqında qərarların qəbul edilməsinə əsas olan inzibati xətanı o, törətməmişdir. İnzibati xətanın tərəfindən törədilməməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasını tamamilə istisna edir. Eyni zamanda bildirir ki, tərtib edilmiş protokol və qərar müvafiq qaydada tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə" "İnzibati tənbeh vermə haqqında Qərar"ın 4 nömrəli əlavəsi ilə inzibati xəta haqqında sənədlər və onların tərtib olunma qaydalarına əsasən, inzibati xətalara aid sənədlər akt, protokol, qərar və qərardad şəkilində çıxarılır. Həmin qaydalara uyğun olmayan sənədlərin tərtibi, onun etibarsızlığına əsas yaradır. Odur ki, MN ******* nömrəli, 18 mart 2025-ci il tarixli protokol və MN ******* nömrəli, 01 aprel 2025-ci il tarixli qərar onun iştirakı olmadan tərtib olunmuşdur. Barəsində protokol tərtib olunarkən və məcburi göstəriş qəbul edilərkən onun iştirakı təmin olunmamış, imza da etməmişdir.Həmçinin, o, sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və hətta protokol və qərarda VÖEN nömrəsi də qeyd edilmişdir. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X6 əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixində xitam verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq son haqq hesab xx.xx.2025-ci il tarixdə gecikdirilərək verilməsi müəyyən edilmişdir. Buna görə də X10 Azərbaycan Respublikasının İnzibati Xəttalar Məcəlləsinin 192.4-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 900 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli X12 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciət vərəqindən görünür ki, işdən azad edilsə də son haqq hesabı düzgün hesablanmayıb, ona görə də son haqq hesabın düzgün hesablanması ilə bağlı köməklik edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş Hidrogeoloji- Meliorativ xidmət idarəsinin əsasnaməsindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin 27 may 2024-cü il tarixli 001/f nömrəli əmri ilə Xidmətin strukturu təsdiq edilmiş hüquqi şəxs olmayan Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi həmin struktura daxil edilmişdir. İdarənin istehsalat-təsərrüfat fəaliyyəti Xidmət tərəfindən ayrılan vəsaitlər hesabına maliyyələşdirilir. Məhkəmədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci ildən Hidrogeoloji Mellorativ Xidmət və X2 Nəzarət İdarəsində müşahidəçi vəzifəsində işləmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 15-K saylı əmrdən görünür ki, Hidrogeoloji Mellorativ Xidmət və X2 Nəzarət İdarəsində “müşahidəçi” vəzifəsində işləyən X12 ilə bağlanmış 55HXBVR000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 a “müəssisə ləğv edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabın qanunvericilliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə departamentinə həvalə edilməsi əmr edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin müraciət etməklə bildirmişdir ki, işdən azad edilsə də son haqq hesab düzgün hesablanmamışdır. Buna görə də X10 Azərbaycan Respublikasının İnzibati Xəttalar Məcəlləsinin 192.4-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 900 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, qərar qəbul edərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X4 haqq hesabın xx.xx.2025-ci il tarixdə gecikdirilərək verilməsini müəyyən etsə də, həmin gecikmənin, yəni inzibati xətanın məhz vəzifəli şəxs X5 təqsiri ilə bağlı olub-olmamasını araşdırmamış, inzibati araşdırma aparılmamış, yalnız inzibati xətanın mövcud olmasını əsas gətirməklə qərar qəbul edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin qeydindən görünür ki, Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 172.4-cü maddəsin əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına törədəcək dərəcədə pozulmasına görə X5 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : X5 şikayəti qismən təmin olunsun. X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar