Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2795/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə «FAST TRACK” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə «FAST TRACK” MMC-yə və protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. «FAST TRACK” MMC tərəfindən protokola verilmiş etirazdan görünür ki, Füzuli RPŞnin təqdim etdiyi sənədlərdə uyğunsuzluq vardır. Belə ki, iş materiallarına Şəxs MMC-nə sorğular ünvanlanmış və həmin sorğuların statusu "xxxx" kimi qeyd edilmişdir. Lakin iş materialalrma həmin sorğuların MMC-nə göndərilməsi və çatdırılmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Şəxs MMC-nin poçt ünvanına və onlayn kargüzarlıq portalına bu günə kimi Füzuli RPŞ-dən heç bir məktub daxil olmamışdır. Şəxs MMC-nin qeydiyyat ünvanı Yasamal Rayon ərazisi olduğu üçün Bakı şəhər Yasamal rayon DYPŞ tərəfindən inzibati xəta törədilməsi zamanı nəqliyyat vastəsinin kim tərəfindən idarə olunmasına dair sorğular daxil olur. Həmin sorğulara qanunvericiliyin tələbinə uyğun olaraq nəzərdə tutulmuş müddət ərzində tərəflərindən cavab verilir. “Chevrolet Cobalt” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Yasamal DYPŞ tərəfindən ünvanlanmış 28 mart-2023-cü il tarixli sorğuya 31 mart 2023-cü il tarixdə cavab verilərək sürücü X1 verilmiş etibaməmənin surəti və sürücülük vəsiqəsi təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «FAST TRACK” MMC tərəfindən göndərilmiş məktubun surətindən məlum olur ki, polis idarəsi tərəfindən MMC-nin ünvanına daxil olmuş sorğuya cavab məktubu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 293.1-ci maddəsinə əsasən bu Məcəllənin 292.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən bu Məcəllənin 293.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırda iş materialları ilə sübut olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «FAST TRACK” MMC səlahiyyətli orqanın sorğusunu vaxtında, müddəti ötürmədən cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polisin sorğusu vaxtında cavablandırıldığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, «FAST TRACK” MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 298-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «FAST TRACK” MMC barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2795/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2795/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver