Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2795/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Məhdud Məsuliyyətli «Şəfa» MDM-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Məhdud Məsuliyyətli «Şəfa» MDM (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli 22 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən Məhdud Məsuliyyətli «Şəfa» MDM-nə məxsus klinikada planlı yoxlama zamanı sertifikatsız tibbi praktiki fəaliyyət aşkar edilmişdir. Bununla da Məhdud Məsuliyyətli «Şəfa» MDM tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məhdud Məsuliyyətli «Şəfa» MDM-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək, inzibati xatanın törədilməsini qəbul etmiş, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Məhdud Məsuliyyətli «Şəfa» MDM barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-28-1/3-2- 373/2025 nömrəli qərardan görünür ki, Məhdud Məsuliyyətli «Şəfa» MDM-də plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin əməkdaşlarının iştirakları ilə tərtib olunmuş 22 aprel 2025-ci il tarixli T-130 saylı planlı (növbəti) yoxlama aktından görünür ki, həmin tarixdə saat 10:10də Məhdud Məsuliyyətli «Şəfa» MDM-də planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət olunması ilə əlaqədar lisenziyanın tələblərinə riayət edilib-edilməməsi, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis (lər)ini sertifikasiyaya cəlb edib-etməməsi, habelə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirilib-keçiriləməməsi yoxlanılmışdır. Yoxlama zamanı digər hallarla yanaşı Məhdud Məsuliyyətli «Şəfa» MDM-in həkim-nevropatoloq X2 müvafiq sertifikasiyadan keçmədən işləməsi halı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 1PPNQ1K000300 nömrəli xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X1 Məsuliyyətli «Şəfa» MDM-də müddətsiz əmək müqaviləsi əsasında nevropatoloq vəzifəsinə qəbul edilib. İş materiallarına əlavə edilmiş 2025-ci il mart ayı üzrə iş vaxtının uçotu tabelinən görünür ki, həkim nevropatoloq X1 Məsuliyyətli «Şəfa» MDM-in işçiləri siyahısında yer alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 215.4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məhdud Məsuliyyətli «Şəfa» MDM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məhdud Məsuliyyətli «Şəfa» MDM (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2795/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2795/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver