Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2801/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Hüquqi ünvanı ünvan 1n Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixində **********6024 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına göndərilmiş “alüminium lentlər” yükünün müqabilində ödənilməli olan 63897.98 ABŞ dolları (altmış üç min səkkiiz yüz doxsan yeddi dollar doxsan səkkiz sent) olan vəsaitin bir hissəsini 63758.98 ABŞ dollarını (altmış üç min yeddi yüz əlli səkkiz dollar doxsan səkkiz sent) ixracatçının hesabına köçürmüş qalan 139 ABŞ dolları (yüz otuz doqquz) vəsait ixracatçının bank hesabına köçürülməmişdir. Bununla da "xxxx" MMC İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də barəsində xx.xx.2025-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC məhkəməyə “Elektron sənəd dövriyyəsi sistemi” vasitəsilə vəsatət ünvanlanaraq, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, Şəxs MMC ilə “Ultramark RUS” şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixdə AL-004/18 nömrəli müqavilə əsasında alüminium məhsullarının satışı təşkil edilir. Müqavilə üzrə təhvil verilmiş malların dəyəri Alıcı tərəfindən daimi olaraq tam ödənilir. Bununla belə vəsaitin müəssisənin xeyrinə tam göndərilməsinə baxmayaraq, korrespondent bankları tərəfindən xidmətlər göstərilərkən göndərilmiş vəsaitlərdən xidmət haqqlarının tutulma hallan mütəmadi olaraq yaranır. Ödəniş vəsaitləri yüksək olduqda mütənasib olaraq bank xərclərinin məbləği də artır. Yaranmış hal ilə əlaqədar tərəflərindən kontragentə müraciət edilmişdir və məsələnin tənzimlənməsi ilə əlaqədar olaraq aramızda Əlavə Razılaşma imzalanaraq onun əsasında borc məbləği kimi Gömrük orqanlarının portalında görünən məbləğ müəssisəmizin hesabına köçürülmüşdür (sənədlər əlavə olunur). Qeyd olunan məlumatlar, DGK Gəncə Gömrük İdarəsinə daha əvvəl icraata xitam verilməsi məqsədilə verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasından göründüyü kimi, xəta törədilməsi vəsaitin məcburi qaydada köçürülməsi olan hallarda şəxsin məsuliyyətinin yaranmasına səbəb olur. Yaranmış hal isə məhz korrespondent bank tərəfindən xidmət haqqlarının tutulması səbəbindən yaranmışdır və Gömrük idarəsi tərəfindən müəssisəmizə məlumat daxil olduqdan dərhal sonra məsələnin həlli istiqamətində bütün zəruri tədbirlər görülmüşdür. Bu isə inzibati xəta hadisəsinin olmadığı kimi qiymətləndirilə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Dövlət Gömrük Komitəsinin “VAİS” sistemindən əldə edilmiş məlumata əsasən, 139 ABŞ dolları (236.3 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş, 139 (bir yüz otuz doqquz dollar) ABŞ dolların 30% məbləğində, yəni 41,70 (qırx bir dollar 70 sent) ABŞ dolları (ödəmə gününə Azərbaycan manatına olan məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2801/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2801/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver