Məhkəmə qərarları › İş №3(004)-2802/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2802/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2802/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4, Şikayətçi X3 nümayəndəsi, vəkil “Alyans” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şikayətçi X3 nümayəndəsi, vəkil “Alyans” vəkil bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 15 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 nümayəndəsi, vəkil “Alyans” vəkil bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 15 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" QSC-nin İnsan Resursları üzrə Baş Direktoru Sara Cavlalova barəsində MN № ******* saylı, 03 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində "xxxx" QSC-nin İnsan Resursları üzrə Baş Direktoru Sara Cavlalova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Qərar rəsmi qaydada xx.xx.2025-ci il tarixdə alınmışdır. (Qərar və qərarın rəsmi qaydada alınması ilə bağlı poçt zərfinin surəti qoşma ilə əlavə edilir). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, 4 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə ki, "xxxx" QSC-nin Lənkəran rayon satış şöbəsində əməliyyatçı vəzifəsində çalışan Şahid (bundan sonra “İşçi”) AR ƏƏSMN yanında DƏMX-ya etdiyi şikayətinə əsasən DƏMX Bakı şəhər idarəsi tərəfindən aparılan araşdırma zamanı işçinin xx.xx.2025-ci il tarixdə öz xahişi ilə ərizə yazdıqdan sonra həmin tarixdə əmək müqaviləsinə xitam verilməsi nəticəsində əmək münasibətlərini dayandırmaq istəmədiyi günü göstərmədiyi halda AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Yuxarıda qeyd olunan hallar araşdırma zamanı DƏMX Bakı şəhər idarəsinin müfəttişinə və qərarı qəbul edən səlahiyyətli şəxsə bildirildiyi halda nəzərə alınmamış və əsassız qərar qəbul edilmişdir. Lakin X6 Xidmətinin Bakı şəhər idarəsi tam, hər tərəfli, obyektiv araşdırmamış, eyni zamanda öz səlahiyyətlərini aşmışdır. Hesab edirlər ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur, bu səbəbdən də ləğv edilməlidir. Qeyd edilməlidir ki, işçi tərəfindən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verilərkən işçinin özü tərəfindən işəgötürənə şifahi müraciətinə əsasən, ona başqa iş təklifi gəldiyindən və əmək kitabçasını götürməli olduğundan imkan daxilində ən qısa müddət ərzində xitam verilməsi və əmək kitabçasının işəgötürən tərəfindən ona verilməsi xahiş edilmişdir. Qeyd olunan xüsusatlar, işçi tərəfindən ona məxsus olan +**********45 saylı mobil nömrədən işəgötürənə “Whatsapp” mobil tətbiqi vasitəsilə xx.xx.2025-ci il tarixdə göndərilmiş müvafiq səs yazısının 00:13-00:28-ci saniyələrində öz əksini tapmışdır (İşçinin ərizəsinin və xitam bildirişinin surətləri). Səs yazısının mətni: “Ərizəmi yazacam və trudavoya görə biraz tez edərsiz ki, bir-iki yerə müraciət etmişəm, cavab gözləyirəm, hər halda orada məndən trudavoyu tələb edərlər”. Bundan sonra işəgötürən tərəfindən işçinin mənafeyi nəzərə alınmaqla ərizə təqdim olunduğu gün əmək müqaviləsinə xitam verilərək işçinin əmək kitabçası ona təhvil verilmiş və əmək qanunvericiliyinin tələbinə əsasən ona son haqqhesab ödənilmişdir (Whatsapp yazışmaları üzrə fotoşəkil və səs yazısını əks etdirən maddi sübut qoşma ilə əlavə olunur). Bununla yanaşı, AR Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən: Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir- birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İstinad edilən KM Plenum Qərarında qeyd olunanların mahiyyətindən əmək müqaviləsinin tərəflər arasında bağlanmış əqd olduğu və bu səs yazısında əks olunanlar tərəflərin iradə ifadələrini əks etdirdiyi üçün sirr deyildir, eyni zamanda işçinin öz ərizəsində qeyd etdiyi xüsusatları təsdiq etdiyindən sözügedən səs yazısı məhkəmə tərəfindən sübut qismində qiymətləndirilə bilər. AR Əmək Məcəlləsinin Elmi-Praktik Kommentariyasına əsasən: Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində xəbərdarlıq müddətinin müəyyən olunması müəyyən hüquqi əhəmiyyətə malikdir. Xəbərdarlıq müddətinin əsas məqsədi ondan ibarətdir ki, işəgötürən işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq İmkanına malik olmuş olsun. İşçi məhz qabaqcadan əmək müqaviləsini ləğv etmək barədə yazılı ərizə verməklə işəgötürənə belə bir imkanı vermiş olur. Həmçinin, yalnız işçi ilə işəgötürən arasında qarşılıqlı razılığın olduğu təqdirdə, əmək müqaviləsi xəbərdarlıq müddəti bitənədək ləğv oluna bilər. Qeyd edilən bütün hallar fərdi əmək mübahisəsinin predmetini təşkil etməkdədir. İnzibati xəta tərkibi yaradan əməlin mövcud olmasını yalnız fərdi əmək mübahisəsinə baxan məhkəmənin yekun qərarı təsdiq edə bilərdi ki, bununla bağlı tərəf bu iddia ilə məhkəməyə müraciət etməmişdir. Bu əsasla da X6 Xidmətinin Bakı şəhər idarəsinin qəbul etdiyi qərar tamamilə əsassızdır. B.Sübuta yetirilməmiş fakt üzrə inzibati xəta tənbeh tədbirinin tətbiqi: Qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı bəndinə əsasən, fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən, Əmək Məcəlləsi ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi barədə məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən, İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Sözügedən Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması halı istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarının əsaslandırma hissəsinə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edib ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Həmin Qərarın qərar hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Qeyd edilənlərə əsasən, X6 Xidmətinin Bakı şəhər idarəsi əmək müqaviləsinin ləğvi ilə bağlı fərdi əmək mübahisəsinə baxaraq, öz səlahiyyətlərini aşmışdır. X6 Xidmətinin Bakı şəhər idarəsi səlahiyyətlərindən kənar olaraq müdafiə etdiyi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Bununla kifayətlənməyərək sözügedən orqan tərəfindən məhkəmə qərarı olmadığı halda, 15 aprel 2025-ci il tarixli işəgötürənə ünvanlanmış məktubda 30 (otuz) gün ərzində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və pozuntunun aradan qaldırılması işəgötürən tərəfindən tələb kimi qoyulmuşdur (DƏMX Bakı şəhər idarəsinin 15 aprel 2025-ci il tarxili məktubu qoşma ilə əlavə olunur). İnzibati orqanlar yalnız bu işə mülki məhkəmələrdə fərdi əmək mübahisəsi çərçivəsində baxılıb yekun qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edildikdən sonra baxaraq hər hansı inzibati xəta icraatı apara bilərdi. Bu əsasla da X6 Xidmətinin Bakı şəhər idarəsinin qərarı qanunsuzdur. X6 Xidmətinin Bakı şəhər idarəsinin iş üzrə qərar qəbul etmək səlahiyyətinin olmaması: Qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 5.4-cü bəndinə əsasən, həmin Məcəllənin 191.2-ci, 192.1 - 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 - 203-cü, 205-1.1-cİ, 469.2-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4- cü. 477-1.1.5ci, 477-1.2-ci, 477-2.1-cİ, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Lakin hazırkı işə X6 Xidmətinin Bakı şəhər idarəsi baxmış, bununla bağlı inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmışdır. AR inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəyə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənləri X6 Xidmətinin Bakı şəhər idarəsinin 15 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında ış üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 nümayəndəsi, “Alyans” vəkil bürosunun vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək X6 Xidmətinin Bakı şəhər idarəsinin 15 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında ış üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin əgər məsuliyyət varsa belə bu məsuliyyətin mülki məsuliyyət olduğunu və inzibati məsuliyyətlə əlaqədar olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq bildirmişdir ki, vətəndaş Şahid işdən azad olunması ilə bağlı xx.xx.2025-ci il tarixində yazdığı ərizəsində (notarial qaydada təsdiqlə) əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmiş, lakin cəmiyyətin insan resursları üzrə baş direktoru Sara Cavlalova tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbi pozularaq xəbərdarlıq müddəti gözlənilmədən xx.xx.2025-ci il tarixində xitam verildiyi müəyyən edilmişdir, odur ki, mübahisələndirilən 15 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, o, 2014-cu ilin avqust ayından Avromeddə əməliyyatçı kimi çalışmış, 2025-ci ilin yanvar ayında ona müdiri Məmmədov Elşən hədə-qorxu gələrək səhv izahat yazdırmış, əgər yazmasa onu işdən çıxardacağını bildirmiş, o da məcbur qalıb müdiri dediyi üçün səhv izahat yazmışdır. Daha sonra Bakıdan Baş ofisdən Kəmalə xanım gəlmiş və ona demişdir ki, onu işdən çıxarmalıdırlar. Sonra müdiri Elşən Məmmədov onu hədələyərək ona məcbur ərizə yazdırmış və ona əgər ərizəni yazmasa onu ƏM-nin 70-ci maddənin ç bəndi ilə çıxaracaqlarını, o da 30 yanvarda ərizəni yazmışdır. Sonra Kəmalə xanım Bakıdan Baş ofisdən ona zəng vurmuşdur ki, bu ərizəni təsdiq edə bilmirlər, onun Asan Xidmətə getməyini tələb etmişdir. O isə heç bir günahının olmadığını bildirmişdir. Elşən Məmmədov onu məcbur etdiyi üçün səhv izahat yazmış, sonra Kəmalə xanım onu Bakıya dəvət etmişdir. O da yenidən izahat yazmış, o da hüquqşunaslar da olmuşdur. Orada onun günahsız olduğu təsdiq olunmuş və ona 14 gün məzuniyyət vermişlər. Ona məzuniyyətdən sonra işə qayıtmağını demiş, məzuniyyətin axırıncı günü Kəmalə xanıma zəng vurmuş və işə qayıda biləcəyini bildirmiş, Kəmalə xanım isə onun işdən çıxmalı olduğunu, əgər işdən çıxmasa ƏM-nin 70-ci maddənin ç bəndi ilə çıxaracaqlarını dedikdə, o isə etiraz etmişdir. O, aptekə icazəsiz mal yazmamışdır və Avromedin işini pozmamışdır. Dəfələrlə bununla bağlı Baş ofisə müraciət etmişdir. Verilən sullara cavab olaraq isə bildirmişdir ki, səs yazıları ona aid olsa da 70 ç bəndi ilə çıxarıldıqda və əmək kitabçasına qeyd olunduğu təqdirdə heç bir müəssisədə onu işə götürməyəcəklərindən qorxduğu üçün əmək kitabçasını onlardan tezliklə almaq məqsədi ilə demişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis ünvanı X10 tərəfindən qəbul edilmiş 15 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş Şahid işdən azad olunması ilə bağlı xx.xx.2025-ci il tarixində yazdığı ərizəsində (notarial qaydada təsdiqlə) əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmiş, lakin cəmiyyətin insan resursları üzrə baş direktoru Sara Cavlalova tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbi pozularaq xəbərdarlıq müddəti gözlənilmədən xx.xx.2025-ci il tarixində xitam verildiyi müəyyən edilmiş və nəticədə X8 tərəfindən AR İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. 00L774W000102 nömrəli əmək müqaviləsinə dəyişiklikdən görünür ki, X9 "xxxx" QSC-də insan resursları üzrə baş direktor vəzifəsində çalışmış, müqavilənin bitmə tarixi xx.xx.2026-cı il qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Lənkəran rayon satış şöbəsinin əməliyyatçısı Şahid "xxxx" QSC–nin Baş icraçı direktoru K.İ.İskəndərova ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Notariusla təsdiq edilmiş **********511 nömrəli ərizədən görünür ki, Şahid "xxxx" QSC–nin Baş icraçı direktoru K.İ.İskəndərova ünvanlanmış ərizədən görünür ki, Şahid xx.xx.2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 05 mart 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC ilə Şahid arasında bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2.a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Təqdim olunan flashkart-da olan səs yazılarına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, +**********45 saylı mobil nömrədən kadr şöbəsinin işçisi ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə xx.xx.2025-ci il tarixdə göndərilmiş müvafiq səs yazısının 00:13- 00:28-ci saniyələrində səs yazısının mətninin “Ərizəmi yazacam və trudavoya görə biraz tez edərsiz ki, bir-iki yerə müraciət etmişəm, cavab gözləyirəm, hər halda orada məndən trudavoyu tələb edərlər qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69-cu maddəsi Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda xəbərdarlıq müddəti gözlənilmədən vətəndaş Şahid əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də əsaslı olaraq X8 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas göstərilərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şikayətdə işçi tərəfindən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verilərkən işçinin özü tərəfindən işəgötürənə şifahi müraciətinə əsasən, ona başqa iş təklifi gəldiyindən və əmək kitabçasını götürməli olduğundan imkan daxilində ən qısa müddət ərzində xitam verilməsi və əmək kitabçasının işəgötürən tərəfindən ona verilməsinin xahiş edilməsi, qeyd olunan xüsusatların işçi tərəfindən ona məxsus olan +**********45 saylı mobil nömrədən işəgötürənə “Whatsapp” mobil tətbiqi vasitəsilə xx.xx.2025-ci il tarixdə göndərilmiş müvafiq səs yazısının 00:13-00:28-ci saniyələrində öz əksini tapdığını, səs yazısının mətninin “Ərizəmi yazacam və trudavoya görə biraz tez edərsiz ki, bir-iki yerə müraciət etmişəm, cavab gözləyirəm, hər halda orada məndən trudavoyu tələb edərlər” şəklində olduğu, bundan sonra işəgötürən tərəfindən işçinin mənafeyi nəzərə alınmaqla ərizə təqdim olunduğu gün əmək müqaviləsinə xitam verilərək işçinin əmək kitabçasının ona təhvil verilməsi və əmək qanunvericiliyinin tələbinə əsasən ona son haqq-hesab ödənilməsi göstərilsə də, məhkəmə hesab edir ki, həmin hallar X3 məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, vətəndaş (işçi) Şahid başqa işə düzəlməsi ilə bağlı kadr şöbəsinin işçisindən əmək müqaviləsinə dərhal xitam verilməsini “Whatsapp” mobil tətbiqi vasitəsilə xahiş etmiş olsa belə, bu hal X8 tərəfindən əmək qanunvericiliyin tələblərini pozmasına, yəni ərizəsində müddət göstərilmədiyi halda əmək müqaviləsinə xitam verilə bilməsinə haqq qazandıra və onu məsuliyyətindən kənarda saxlaya bilməz. Digər bir hal isə müdafiə tərəfinin iddia etdiyi kimi, “əgər məsuliyyət varsa bu məsuliyyətin mülki məsuliyyət olduğunu və inzibati məsuliyyətlə əlaqədar olmadığı” yanaşması hüquqi baxımdan əsasızdır. Qanunvericilikdə hüquqi məsuliyyətin müxtəlif növləri nəzərdə tutulur məs: konstitusion, cinayət, inzibati, mülki-hüquqi və intizam məsuliyyəti. Hər bir məsuliyyət növü hüquq pozuntusunun xarakterinə, tətbiq olunan dispozitiv şərtlərin mahiyyətinə və hüquqi nəticələrinə görə bir-birindən fərqlənir. Bu məsuliyyətlər, eyni hüquq pozuntusuna görə birgə tətbiq edilə biləcəyi kimi, bir-birindən müstəqil şəkildə də tətbiq oluna bilər. Beləliklə, hüquqi məsuliyyətin növlərinin bir-birindən ayrılığı prinsipinə uyğun olaraq, əmək qanunverciliyinin tələblərindən qəsdən yayınan vəzifəli şəxsin məsuliyyətə cəlb olunması hüquqi baxımdan əsaslıdır və İnzibati Xətalar Məcəlləsinin 198.6-ci maddəsinin məqsədinə tam uyğundur. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin normalarından da məlum olduğu kimi, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin X8 tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, işçi Şahid ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda xəbərdarlıq müddəti gözlənilmədən vətəndaş Şahid əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

17. vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X3 nümayəndəsi, vəkil “Alyans” vəkil bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar