Məhkəmə qərarları › İş №3(004)-2803/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2803/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2803/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Lənkəran rayonu, Cil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Şağlaser ərazi dairəsi, Cil kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 may 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində saat 11:30 radələrində S.Rəhimov küçəsində avtomobil park etmək istəyən qadın sürücüyə yardım etmək məqsədilə ona məxsus olan “Porsche Cayenne” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “parking” ərazisində park etmək istəyən zaman X3 adlı piyadanı gördüyü anda əyləci bassa da avtomobilin ön sağ künc hissəsi piyadaya dəymiş, piyada yerə yıxılmışdır. Daha sonra avtomobilin sahibi yaxınlaşaraq həmin piyadanı avtomobilə əyləşdirmiş və xəstəxanaya aparmışlar. Xəstəxanada müayinələr olunduqdan sonra həmin piyada evə buraxılmışdır. Hal hazırda da piyada ilə daimi əlaqə saxlayaraq lazım olan köməkliyi göstərir. Yekun olaraq əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, “Porsche Cayenne” markalı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində cinayət tərkibi deyil, inzibati xəta olması müəyyən edilmişdir. Belə olan halda toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, yol-hərəkət qaydalarını pozduğuna görə “Porsche Cayenne” markalı **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Araşdırma zamanı izahatı alınmış X1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 10:00 radələrində idarə etdiyi “Porsche Cayenne” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili S.Rəhimov küçəsində avtomobil park etmək üçün Bəhruz adlı işçidən yardım istəmiş və o, avtomobillə “parking” ərazisində hərəkət edərkən anidən park vəziyyətindəki avtomobilin arxasından qarşısına çıxan piyadanı (qadını) görməyərək vurmuş, piyada yerə yıxılmışdır. Daha sonra o, həmin piyadanı avtomobilə əyləşdirmiş və xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər sol ayaq barmağında çat olduğunu bildirmişlər. Xəstəxanada müayinələr olunduqdan sonra həmin piyada evə buraxılmışdır. Araşdırma zamanı izahatı alınmış X3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Yasamal rayonu S.Rəhimov küçəsində yaşadığı ünvana getmək üçün piyada hərəkət edən zaman yolun kənarında park vəziyyətində olan avtomobillərin arasından yolda hərəkət edən avtomobilin olmadığından əmin olub addımlamağa başladığı zaman sol tərəfindən bir anda gələn “Porsche Cayenne” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfi ilə onu vurmuş, sol ayağı avtomobilin sağ ön təkərinin altında qalmış, o yerə yıxılmışdır. Sürücü avtomobili saxlayaraq dərhal ona kömək etmək üçün yaxınlaşmışdır. Daha sonra avtomobilin sahibi yaxınlaşaraq onu “Mediclub” Klinikasına aparmışlar. Müayinə olunduqdan sonra evə buraxılmışdır. Halhazırda da həmin şəxs mütəmadi olaraq onunla maraqlanır, həmin sürücü barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. Araşdırma zamanı vətəndaş X3 Yasamal RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu S.Rəhimov küçəsində xəsarət alması ilə baş vermiş yol nəqliyyat hadisəsini törətmiş sürücü Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tibbi ekspertizasının 93 saylı rəyində gösərilmişdir ki, vətəndaş X2 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət - sol ayağın 5-ci barmağının proksimal falanqası əsasının yerdəyişməyən qopma xarakterli sınığı, ayağın digər hissələrinin açıq yarası, sol pəncə nahiyəsinin sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirən halı və ağırlaşdıran halların olamamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar