Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2822/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2627 C ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 oktyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 30.09.2021-ci il tarixdə saat 09 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Corolla” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonu, M.Müşfiq küçəsində üzü DYPİ istiqamətində getmişdir. Avtomobili ilə Yasamal rayon məhkəməsinin qarşısında hərəkətdə olarkən piyada zolağına yaxınlaşdıqda təxmini 2-3 metr məsafədən bir nəfər piyada qadının yolun sağ tərəfindən keçməsini görmüşdür. O, yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün əyləci sıxmış, lakin avtomobilinin sağ yan güzgüsü piyada qadına dəymişdir. O, dərhal avtomobilini saxlayıb həmin qadına yaxınlaşıb səhhəti ilə maraqlanıb xəstəxanaya aparmışdır. Yekun olaraq taksi fəaliyyəti ilə məşğul olmasını, ailəsinin yeganə qazanc mənbəyi olduğunu, etdiyi əməldən peşman olmasını, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanın qarşısında baş vermiş yolnəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “Toyota Corolla” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə piyada X3 vuraraq, ona sol ayaq biləyinin əzilməsi kimi yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmalı, lakin yol-nəqliyyat hadisəsini törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, X5 izahatında göstərmişdir ki, 30.09.2021-ci il tarixdə saat 08:50-də işə getmək üçün Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən Yasamal rayon məhkəməsi qarşısında, piyada zolağında yolu keçmək üçün dayanmışdır. Avtomobillərin uzaqda olduğunu görüb, yolu keçmiş, yolu "Kempinski Otel” istiqamətində hərəkət edən zaman hərəkətdə olan avtomobil onun sol ayağının üzərindən keçmişdir. Daha sonra həmin avtomobilin sürücüsü avtomobilini saxlayıb ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır. İş materiallarında olan 30 oktyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 sentyabr 2021-ci il tarixdə saat 09:00 radələrində “Toyota Corolla” (minik) markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Məhkəmə Tibbi Ekspertizasının və PA şöbəsin verdiyi, 223 nömrəli rəyə əsasən X2 almış olduğu xəsarət - sol ayaq biləyinin əzilməsi küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.09.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Toyota Corolla” (minik) markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 30 sentyabr 2021-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində ehtiyatsızlıq edərək piyada hərəkətdə olan X4 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf edərək etdiyi əməldən peşman olması və zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2822/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2822/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver