Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2826/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1 Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə müvafiq olaraq İXP ******* saylı, 20 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 20 may 2024-cü il tarixli protokola əsasən Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
1. Belə ki, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Belə olduğu təqdirdə şəxsin sürücülük vəsiqəsi məhkəməyə göndərilən materiallara əlavə edilməmişdir. Halbuki, İXM-nin 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır.
2. Bundan əlavə protokolda X2 İXM-nin 327.8-ci maddəsinin tərkibini yaradan konkret əməlinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Şəxsin hansı yol hərəkəti qaydasını pozması, inzibati xətanın törədildiyi yer, vaxt, bir sözlə inzibati xətanın nəticəsi göstərilsə də, mahiyyəti ümumiyyətlə qeyd edilməmişdir. Halbuki, İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda göstərilməlidir.
3. İXM-nin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 121-ci maddəsinə əsasən həmin Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Hazırkı iş üzrə İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında işlərdə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmasına qadağa qoyulmamışdır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamışdır. Həmçinin protokolun sürəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmiş, protokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınması üçün dəvət edildiyi göstərilsə də, bunu təsdiq edən hər hansı sənəd əlavə edilməmiş və onun izahatı protokolda qeyd edilməmişdir. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.
4. Bundan əlavə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə zərərçəkmiş şəxs protokol tərtib etmiş şəxs tərəfindən məlumatlandırılmamış, o, dəvət edilməmiş, izahatı alınmamışdır. İXM-nin 62.2.2-ci maddəsinə əsasən izahat vermək zərər çəkmiş şəxsin hüququdur. İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır Buna görə də inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi təqdirdə, həmin protokol tərtib edilməzdən əvvəl zərərçəkmiş şəxsin izahatını almaq və işin məhkəməyə göndərilməsi barədə və işə məhkəmədə baxılacağı barədə onu məlumatlandırmaq protokol tərtib etmiş şəxs tərəfindən həyata keçirilməlidir. Hazırkı iş üzrə protokol tərtib edilməzdən əvvəl zərərçəkmiş şəxsin izahatı alınmamışdır. Protokolun surəti ona təqdim edilməmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etmək hüququ ona izah edilməmişdir. Bundan başqa, hadisə yerinin sxemi və ona əlavə edilmiş foto şəkillər, həmçinin tibbi ekspertizanın rəyi də iş materiallarına əlavə edilməmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatı, inzibati xətanın mahiyyəti göstərilmədiyindən, o cümlədən, iş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sürücülük vəsiqəsi, hadisə yerinin sxemi və ona əlavə edilmiş foto şəkillər, həmçinin tibbi ekspertizanın rəyi əlavə olunmadığından, yəni təqdim edilmiş materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən,
QƏRARA ALDİ:
İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılsın.
Hakim: Mirsadiq Seyidov