Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-283/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər Yasamal Rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Bakı şəhər Yasamal Rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş TP ******* saylı qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 30 noyabr 2023-cü il tarixli TP ******* saylı qərar ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, **-NT-*** dövlət qeydiyyat nişanlı Mersedes E300 markalı minik avtomobili ilə Nəriman Nərimanov prospektində hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin əməkdaşı ona qanunsuz olaraq saxla əmri vermişdir. Qanunsuz olduğunu ona görə qey edir ki, heç bir reyd olmadığı, qayda pozmadığı və özünü şübhəli aparmadığı halda ona saxla əmri vermişdir. 2062 nömrəli döş nişanlı yol patrul xidmətinin əməkdaşı ona yaxınlaşmış və saxlama səbəbini bildirmədən onun sənədlərini tələb etmişdir. Yol patrul xidmətinin əməkdaşından onun avtomobilini saxlama səbəbini bildirməsini tələb etmişdir. O isə avtomobilə istehsalçı tərəfindən müəyyən edilməyən yaylar quraşdırıldığını bildirmişdir. Quraşdırılan yayların seritifikatının olmasını və sırf onun avtomobili üçün istehsal olunduğunu, əlavə olaraq X4, İnzibati Xətalar Məcəlləsində avtomobilin ehtiyyat hissələrinə aid heç bir qayda və inzibati tənbeh nəzərdə tutulmadığını bildirsə də, israrla yayların quraşdırılmasının qanuna zidd olduğunu və avtomobili cərimə meydançasına yerləşdiriləcəyini bildirmişdir. Onun əməlinin qanunsuz olduğunu özünə bildirsə də, israrla avtomobili tərk etməyi və cərimə meydançasına aparılacağını bildirmişdir. Dəfələrlə protokol tərtib edilməsini tələb etsə də, ilk öncə protokol tərtib edilməsindən imtina etmiş, sonra isə İnzibati Xətalar Məcəlləsinin 342.2.2 (Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi) və 342.2.3 (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi) maddəsinə əsasən İXP ******* nömrəsi ilə protokol tərtib etmişdir. Avtomobilin ağırlıq mərkəzinin oxlar üzərində düzgün paylanmasının hansı formada aşkar edilməsini və hansı cihazla ölçdüyünü, 342.2.2 məcəlləsinə görə avtomobildə hansı normativ tələb pozulmasını və hansı əlavə avadanlığın quraşdırıldığını yol patrul xidmətinin əməkdaşından soruşsa da, ona heç bir sübut və dəlil təqdim etməmişdir. Belə ki, bu qayda pozuntusunu vizual aşkar etmək mümkün deyil və xüsusi texniki avadanlıq tələb edilir. Yol patrul xidmətinin əməkdaşından avtomobilin yoxlanışa aparılmasını və yoxlanışdan sonra protokolun tərtib edilməsini tələb etsə də, tələbi təmin edilməmişdir. Eyni zamanda protoklun bir nüsxəsi ona təqdim edilməmiş və tam qanunsuz olaraq avtomobili cərimə meydançasına aparılmışdır. Bundan başqa Avotomobil cərimə meydançasına yerləşdirilən zaman təhvil-təslim aktı tərtib edilməmişdir. Təhvil-təslim aktını israrla tələb etdikdən sonra üzərində 2062 nömrəli döş nişanlı yol patrul xidmətinin əməkdaşı imzası və qeydləri olmayan təhvil-təslim aktı tərtib edərək ona təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətinə uyğun izahat verərək, Bakı şəhər Yasamal Rayon DYPŞ-nin 21 dekabr 2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, o, idarə etdiyi avtomobili aldığı zaman onun üzərində edilmiş dəyişikliklərdən xəbərdar olmuş və həmin avadanlıq və konstruksiyaları yeniləri ilə əvəz etmişdir. Bundan başqa bildirmişdir ki, hazırda şikayət verdiyi inzibati qərarı 09 yanvar 2024-cü il tarixdə əldə etmişdir və barəsində tərtib olunmuş qərar ilə tətbiq edilmiş 150 manat cəriməni isə artıq ödəmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın əməkdaşı məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal Rayon DYPŞ-nin 30 noyabr 2023-cü il tarixli TP ******* saylı qərarına əsasən X3 xx.xx.2023-cü il tarixdə saat 09:47 radələrində “Mercedes Benz E300 minik” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal ərazisində “avtomobildə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldığına” və “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanması tələblərinin pozulmasına” görə müvafiq olaraq İXM-in 342.2.2-ci və 342.2.3-cü maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. İş materiallarına əlavə edilimiş 30 noyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin qərarın qeyd hissəsində Tofiq Mikayılzadə əlyazma üsulu ilə “aradan qaldırıldı” sözlərini yazıb imzalamışdır. Məhkəmə hesab edir ki, Tofiq Mikayılzadə bu hərəkəti ilə hazırda mübahisələndirdiyi inzibati qərarla müəyyən edilmiş inzibati xətanın baş verməsini, daha dəqiq desək onun tərəfindən sözügedən inzibati xətanı törətməsini özü etiraf edir və həmin pozuntunun mövcud olmasını təsdiq etmişdir. Digər tərəfdən şikayətçinin məhkəmə iclasında idarə etdiyi avtomobilinə normativ tələblər pozulmaqla oxların quruaşdırılması ilə bağlı ona təyin edilmiş cərimənin ödəmisi halının bildirməsi bir daha ona törədilməsi istinad edilən AR İXM-in 342.2.2 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin etirafı kimi qəbul edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmiş və bu barədə onun barəsində protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın “Qeyd” hissəsində “aradan qaldırıldı” yazıb imzası ilə təsdiq edərək həmin pozuntunun mövcud olmasını təsdiq etmişdir. Eyni zamanda şikayətçi məhkəmədə verdiyi ifadəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla barəsində tətbiq olunan inzibati cəriməni tam həcmdə ödədiyini bildirmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Bakı şəhər Yasamal Rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-283/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-283/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver