Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-284/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş № 14000-1834/20 saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Samir Şıxəliyev bildirdi ki, iş üzrə protokol tərtib edilənədək hüquqi şəxsin nümayəndəsinin işdə iştirakı təmin edilməmişdir. X2 adlı şəxs isə şirkətin əməkdaşı deyil, şirkətin işçisi deyil. Həmin şəxsə etibarnamə vreilmişdir ki, yalnız broker fəaliyyətini həyata keçirsin. Həmin şəxs şirkətin adından inzibati işlərdə iştirak etmək, izahat vermək səlahiyyəti yoxdur. Buna görə də iş üzrə hüquqi şəxsin İXM-də nəzərdə tutulmuş prosessual hüquqları pozulduğundan, işin geri qaytarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki İXM-nin aşağıdakı tələbləri pozulmuşdur. Həmçinin həmin tələblər inzibati xəta haqqında protokol tərtib edilənədək pozulmuşdur, onları hazırkı mərhələdə aradan qaldırmaq mümkün deyildir. Belə ki, işə məhkəmədə baxılarkən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokol tərtib edilməzdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə dəvət edilməmiş, onun nümayəndəsinin izahatı alınmamış, bu barədə protokolda qeydiyyat aparılmamışdır. İş materiallarına əsasən hüquqi şəxs barəsində inzibati xəta haqqında işin açılması, nümayəndəsinin izahatının alınması üçün dəvət edilməsi barədə onun ünvanına heç bir bildiriş göndərilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqan yalnız X2 adlı şəxsiin inzibati xəta haqqında işdə iştirakını təmin etmiş, onun izahatını almışdır. Həmçinin həmin şəxs hüquqi şəxsin nümayəndəsi hesab edilərək izahatı alınmışdır. Aşağıdakılara əsasən həmin şəxsin hüquqi şəxsin adından izahat vermək, inzibati xəta haqqında işdə hüquqi şəxsi təmsil etmək və nümayəndəsi olmaq səlahiyyəti olmamışdır. Belə ki, iş materiallarında həmin şəxsin adına Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli etibarnamə verilsə də, həmin etibarnamə ilə müəyyən hərəkətləri yerinə yetirmək mümkün olsa da, həmin etibarnamə ilə inzibati xəta haqında işdə, məhkəmə işində MMC-nin nümayəndəsi kimi çıxış edə bilməz, inzibati xəta haqqında işdə prosessual hərəkət edə bilməzdi. Nəzərə alınmamışdır ki, etibarnaməsi olan ixtiyari bir şəxs hüquqi şəxsin nümayəndəsi ola bilməz. Çünki İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun İXM-nin 65.6-cı maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. X2 həmin MMC-nin işçisi olmamışdır, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının da üzvü olmadığından, həmin etibarnamə ilə inzibati işlərdə MMC-nin nümayəndəsi ola bilməz. Göründüyü kimi hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılmalı olsa da, protokol tərtib etmiş səlahiyyətli orqan, həmin nümayəndənin müəyyən edilməsi, ona protokol tərtib edilməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir. Bununla da iş materiallarından görünür ki, protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və ya nümayəndəsinə: - onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş; - protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, çünki iş materialları ilə belə bir məlumat müəyyən edilmir; - hüquqları və vəzifələri izah edilməmiş; - dəvət olunaraq izahat vermək, protokolun məzmunu barədə; - o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir, bu hüquqları təmin edilməmişdir. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 100.2, 100.3, 100.4-cü maddələrindəki hüquqları fiziki şəxsə münasibətdə, yalnız həmin fiziki şəxsin özü həyata keçirə bilər. Fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxsə münasibətdə isə, həmin hüquqi şəxsin nümayəndəsi həyata keçirə bilər. Nümayəndənin kimlər ola bilməsi isə yuxarıda qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-284/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-284/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver